İnsanların həyatına müdaxilə etmək və araşdırmaq olarmı?
Biz heç bir zaman istəmərik ki, başqaları bizim həyatımıza müdaxilə etsin. Çox təəssüf ki, cəmiyyətdə elə insanlar vardır ki, başqalarının eybini axtarmaqda həvəs göstərirlər.
Halbuki, Quran və hədislərimiz bu işi qadağan etmiş və bəyənməmişdir. Hədislərdə oxuyuruq ki, əgər bir insan başqasının abrına ehtiramszılıq edər, onun hörmətini aradan apararsa, sanki Kəbə evinə hörmətsizlik etmiş kimi olar. İnsanların həyatını araşdırmaq və tədqiq etmək - bəyənilməyən əməllərdəndir. Belə ki, Allahın gizli saxladığını sən aşkara çıxartmaq istəyərsən. Sirlərinin üstünü açmaq istəyirsən. Sən elə şeyləri aşkar edirsən ki, onlar gizli idi və gizli qalması insanın dini və abrı üçün faydalı idi. İslam dini buyurur ki, insanlara qarşı hüsnü-zənn et. İslam dini sui-zənni bəyənmir və buyurur ki, haram bir işdir. “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. (“Hucurat” 12). Ona görə deyə bilərik ki, imanın nişanələrindən biri də başqalarının həyatına müdaxilə etməmək və araşdırmamaqdır. Allah Təala buyurur ki, bu cür insanları Qiyamət günü cəzalandıracaqdır. “Hər kim ki, o söhbət edən insanların sözlərinə qulaq asar ki, onlar sözlərinin eşidilməsini kərahət sayırlar, Qiyamət günü həmin insanın qulağına qızdırlmış qurğuşun tölükəcəkdir”. İnsanların həyatını araşdırmağın üç növü vardır: şəxsi məsələlərini, ictimai məsələlərini və düşmənlərlə bağlı məsələlərini. İnsanların şəxsi həyatını araşdırmaq Quran ayələri və hədislərə görə qadağan olunur və caiz hesab edilmir. Yəni insanın özünə və ailəsinə aid olan mövzuları. Nəql edirlər ki, ikinci xəlifə bir gün küçədən keçən zaman ərlə arvadın səsini eşidir. O, evin divarından qalxır və görür ki, ərlə-arvad şərab içir. Kişiyə deyir: “Ey Allahın düşməni! Elə bilirsən ki, Allah günah etdiyin yerdə səni şad edəcəkdir?”. Kişi ona deyir deyir: “Ey xəlifə! Əgər mən bir səhv etmişəmsə, sən üç səhv etmisən. Çünki Allah buyurur ki, araşdırmayın, ancaq sən araşdırdın. Buyurur ki, evə qapıdan girin, ancaq sən divardan gəlmisən. Buyurur ki, evə girməzdən əvvəl salam verin, ancaq sən salam vermədim”. İctimai məsələlərdə araşdırmaq əqli cəhətdən caizdir. Hədislər də onu caiz hesab edir. Bəzən hətta vacib belə olur. Cəmiyyətdəki şəraitdən xəbərdar olmaq, insanların ehtiyacını öyrənmək və ictimai ədaləti bərqərar etmək üçün bu iş çox mühümdür. Düşmənlərlə bağlı məsələləri araşdırmaq da həm əqli cəhətdən və həm də hədislərin nəzərinə görə caiz bir işdir. “Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın şiddətindən) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!”. (“Munafiqun” 4). İmam Rza (ə) buyurur: “Allahın Peyğəmbəri (s) nə zaman ordu göndərərdə onun rəhbərinə bədgüman olardısa, onunla birlikdə etimad etdiyi insanı casus olaraq göndərərdi”. İnsanların şəxsi həyatını araşdırmağın gətirdiyi pis nəticələr: 1. Rüsvay olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanların büdrəməsini araşdırmayın, hər kim qardaşının büdrəməsini araşdırarsa, Allah onun büdrəmələrini izləyər. Hər kimin eybini Allah axtarar, rüsvay edər. Hətta əgər evində olsa belə”. 2. Günahsız müsəlmanlar bədnam olar. Həzrət Peyğəmbər (s) buyurur: “Pis əxlaqlı qadından soruşmayın ki, kiminlə fəsad etmişdir? Çünki rahatlıqla əxlaqsızlıq etdiyi kimi, rahatlıqla günahsız müsəlmanı bədnam edə bilər”. 3. Tək qalmaq. İmam Sadiq (ə) buyurur: “İnsanların din və adətlərini araşdırma ki, dostsuz qalarsan”. 4. İnsanları korlamaq. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər sən insanların eyb və sirlərini kəşf etmək istəsən onları korlayarsan, ya da korlanmalarına səbəb olarsan”. Beləliklə deyə bilərik ki, başqalarının şəxsi işinə müdaxilə etmək çox bəyənilməyən əməllərdəndir. Oxşar xəbərlər
|