İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti
Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir. Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi. Ziyad xəlifə Ömər ibn Xəttab tərəfindən Bəsrə valisinə köməkçi göndərildi, əvvəlcə Müğeyrə ibn Şöbənin, daha sonra Əbu Musa Əşərinin katibi və Bəsrə beytül-malının xəzinədarı oldu. İmam Əli ibn Əbu Talib (ə) onu Fars vilayətinin valisi təyin etdi. Ziyad o həzrətin şəhadətinə kimi səbrlə dözdü və Əhli-beyt (ə) tərəfdarlarına qarşı ürəyindəki kin-küdurəti aşkara çıxarmadı. İmam Əlinin (ə) şəhadətindən sonra Ziyad Müaviyənin tərəfinə keçdi. Müaviyə onu öz qardaşı adlandırdıqdan sonra İraqın ixtiyarını ona verdi, daha sonra Xorasan və Fars vilayətlərinin hakimliyini də ona həvalə etdi. Ziyad bu yerlərdə çox zülmlər törətdi, yüzlərlə Əhli-beyt (ə) tərəfdarını sürgün etdi, bəzilərini qətlə yetrdi. Ziyadın zülmü o yerə çatdı ki, camaat İmam Həsənə (ə) ondan şikayət etdi. İmamın duası ilə Ziyadın bir əlinin baş barmağında şiş əmələ gəldi, şiş getdikcə böyüyüb boynuna kimi yayıldı, nəhayət, hicri 53-cü ildə Ziyad bu xəstəlikdən öldü. Ziyadın oğlu Übeydullah atasından sonra Müaviyənin əmri ilə əvvəlcə Xorasan vilayətinə vali təyin olundu. İki ildən sonra Müaviyə Bəsrə şəhərini ona təslim etdi. Übeydullah da atası kimi Əhli-beytin (ə) qatı düşməni idi. İraqda bir neçə məscid tikdirib, bu məscidlərin minbərindən Həzrət Əliyə (ə) lənət oxutdururdu. Onun xəbisliyinin səbəbini əsl-nəcabətində axtarmaq lazımdır. Übeydullahın anası Mərcanə adlı kəniz idi və əxlaqsızlıqda ad çıxarmışdı. Hətta Həzrət Zeynəb Kufədə söylədiyi xütbədə Übeydullahı "yəbnə Mərcanə" (ey Mərcanənin oğlu) adlandırmışdı ki, bu da ərəblərdə böyük rüsvayçılıq və təhqir sayılır. İmam Hüseyn (ə) əmisi oğlu Müslim ibn Əqili kufəlilərin dəvəti ilə bu şəhərə göndərəndən sonra xəfiyyələr Yezidə məktub yazdılar ki, Kufə valisi Nöman ibn Bəşir süst davranır, şəhərə nəzarət edə bilmir və tezliklə Müslim bütün Kufənin ixtiyarını ələ alıb Hüseyni (ə) bura çağıracaq. Ona görə də Yezid Nömanı vəzifəsindən azad edib, o zamanlar Bəsrə valisi olan Übeydullahı həm də Kufə şəhərinə vali təyin etdi. Übeydullah Kufəyə girəndən sonra qısa müddət ərzində şəhəri özünə tabe etməyə nail oldu. Müslimə beyət edənlər dağıdıldı, Müslim tək qalıb ələ keçirildi və qətlə yetirildi. İbn Ziyadın başçılığı altında toplanmış qoşun Ömər ibn Səd ibn Əbu Vəqqasın bilavasitə rəhbərliyi ilə İmam Hüseynin (ə) üzərinə yola düşdü və Kərbəla səhrasında məlum faciə baş verdi. Döyüş əməliyyatına Kufədən nəzarət və rəhbərlik edən Übeydullah ibn Ziyad bu faciənin əsas səbəbkarlarından biridir. Əsir düşmüş Əhli-beyt (ə) üzvləri min-bir əziyyətlə Kufəyə – İbn Ziyadın sarayına gətirildilər. İbn Ziyad burada İmam Hüseynin (ə) kəsik başını çubuqla vurub təhqir etdi, əsirlərin qarşısında öz qələbəsi ilə öyündü. Amma Həzrət Zeynəbin və İmam Zeynül-abidinin (ə) parlaq xütbələri İbn Ziyadın çirkin simasını faş etdi, onun mənfur və xəbis niyyətini bütün şəhər əhalisinin gözləri qarşısında sərgilədi. Kərbəla faciəsindən sonra İbn Ziyad Əməvi hökumətinə daha bir neçə dəfə xidmət göstərdi. Yezidin ölümündən və vəliəhd Ikinci Yezidin hakimiyyətdən imtina etməsindən sonra yaranmış qarışıqlıq fonunda Übeydullah əvvəlcə xilafət tacını ələ keçirmək istədi. Amma məqsədinə çata bilməyəcəyini anlayanda İraq torpaqlarını buraxıb Şama qaçdı. Burada ustalıqla manevr edib Mərvan ibn Həkəmin hakimiyyətə gəlməsinə şərait yaratdı. Daha sonra İmam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyam qaldırmış təvvabın (tövbə edənlər) hərəkatını darmadağın edib, minlərlə Əhli-beyt (ə) tərəfdarını qanına boyadı. Nəhayət, Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın əmri ilə Muxtarın üzərinə qoşun çəkdi. Hicri 67-ci ildə tərəflər arasında baş vermiş şiddətli döyüşdə Muxtarın qoşununa başçılıq edən Ibrahim ibn Malik Əştər Übeydullah ibn Ziyadı qılıncla iki yerə bölüb cəhənnəmə vasil etdi. İmam Əlinin (ə) oğlu Məhəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə – İmam Zeynül-abidinə (ə) göndərdi. Übeydullahın başını İmam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. İmam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu: "Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin.İndi duam yerinə yetdi". Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, İmam yemək yeyəndə Onun hüzuruna daxil olsun. İmam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi. Deyirlər ki, Übeydullahın kəlləsini Muxtarın yanında yerə qoyan kimi iri bir ilan gəlib onun ağzından girdi və burun dəliyindən çıxdı, bu hadisə bir neçə dəfə təkrar oldu. Salnamələrdə yazılıb ki, İmam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyt (ə) matəm saxlayırdı. Bəni-Haşim qadınları gözlərinə sürmə çəkmir, saçlarına həna qoymurdular. Bu, Übeydullahın qətl xəbəri gəlib-çatana kimi davam etdi, yalnız bundan sonra Əhli-beyt (ə) üzvləri matəmdən çıxdılar. Oxşar xəbərlər
|