Allah-taala verilən sözə əməl etməməyi fasiqlik hesab edir
“Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər. (Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə – əgər istəsə – əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan və rəhm edəndir”. (“Əhzab” 23-24). Bu ayələrdə adı çəkilən əhdə vəfa etmək – verilən sözə əməl etməkdir. Allah Təala verilən sözə əməl etməməyi fasiqlik hesab edir və buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27). “Fasiq” sözünün lüğətdəki mənası “dərisindən çıxmaq” deməkdir. O kəs ki, əhdinə vəfa etmir, əslində öz batini çirkinliyini üzə çıxardır və aşkar edir. Ona görə də Allah onları ziyana uğrayan insanlar kimi tanıtmışdır. Allah Təala İsmail peyğəmbər (ə) haqqında buyurur: “Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54). Bu ayədə həmin peyğəmbəri əhdinə sadiq olan bir insan kimi tanıtmışdır. Bu peyğəmbər Cərhəm qəbiləsinə hidayət olmaqları üçün göndərilmişdi. Bu peyğəmbər bir nəfərə söz verir ki, filan yerdə onu gözləyəcəkdir. Lakin həmin bəndə bunu unutduğu üçün bir ildən sonra gəlib çıxır. İsmayil (ə) isə bir il həmin şəxsi orada gözləyir. Allah Təala bir çox ayələrində əhdə vəfa etməyə təkid etmiş və möminin sifəti kimi tanıtmışdır. “Və o kəslər ki, özlərinin (xalqla və Yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8). İmam Səccad (ə) əmanətlə bağlı belə buyurmuşdu ki, əgər atamın qatili qılıncını mənim yanımda əmanət qoysaydı və onu geri istəsəydi, mən onu saxlayar və geri verərdim. Yəni, əmanətə və verilən sözə vəfa etmək mömin üçün bu qədər dəyərli olmalıdır. Əgər mömin verdiyi sözə əməl etməzsə, Qiyamət günü buna görə cavab verməli olacaqdır. Hədislərə nəzər salanda da bu mövzunun nə qədər əhəmiyyətli olduğunu görürük. Belə ki, Əhli-Beytdən (ə) belə buyuruş var: “O kəsin ki, Alaha və cəza gününə imanı vardır, gərək öz vədəsinə vəfa etsin”. Əmirəl-möminin (ə) buyurur: “Əhdə vəfa etmək – mömin insanların nişanələrindəndir”. Deməli, o kəs ki, verdiyi sözə əməl edə bilmir, o, iman sahibi olduğunu iddia edə bilməz. Çünki dedikləri ilə əməli bir-birinə uyğun gəlməlidir. Əgər müsəlmanın dedikləri ilə əməli bir-birinə uyğun gəlməzsə, nifaqın nişanəsindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalançılıq, əhdə vəfa etməmək, əmanətə xəyanət etmək”. İmam Əli (ə) Malik Əştərə belə buyurur: “İnsanlara söz verib əməl etməməkdən çəkin. Çünki (verilən sözə əməl etməmək) Allahın və insanların qəzəbinə səbəb olar”. İmam Sadiq (ə) buyurur: “Mömin - möminin qardaşı, onun gözü və yol göstərəni kimidir. Ona xəyanət etməz, zülmü rəva bilməz, onu aldatmaz. Ona əməl etməyəcəyi sözü verməz”. Cəmiyyətdə də verilən sözə əməl etməmək çox sayda çətinliklər yaradar. Bu əməl istər kiçik olsun, istərsə də böyük – cəmiyyətdə etimadı zəiflədər. İnsanlar bir-birinin sözünə etimad edə bilməzlər. Bu zaman cəmiyyətdə sui-zənn və bədgümanlıq yayılar. Hər kəs bir-birinə şəkk və şübhə ilə baxar. Oxşar xəbərlər
|