Bərzəx aləminin Quran ayələri və hədislərin dili ilə nəqli sübutu
Əmirəl-möminindən (ə) gələn hədisdə oxuyuruq: “Öləndən sonra əzab və savabı inkar edənləri rədd etmək üçün Allah Təalanın bu kəlamı kifayətdir: “Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır.
Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir. Xoşbəxt olanlara gəldikdə, onlar cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir”. (“Hud” 106-108)”. O insanlar ki, ölümün astanasında qərar tuturlar, dünya və axirət arasında olan aləmdə qərar tutarlar. Bu köçmək, ruhun ayrılması olmadan mümkün deyildir. Çünki hər bir kəs hansı halda ölərsə - istər bədənindən bir zərrə qalsın və istərsə də qalmasın - bərzəx aləminə gedəcəkdir. Bərzəx – qəbir kimi təfsir edilmişdir. Dünya və axirət arasındakı həyatdır. Yəni, ölüm dünya və axirət arasındakı sərhəd deyildir ki, insan ölərək yox olub, sonra da Qiyamət və məadda yenidən dirilsin. Bəlkə sağdır, sadəcə bir bədəndən başqa bədənə köçər. “Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü. Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir)”. (“Ğafir” 45-46). Onlar gecə və gündüz oda məruz qalarlar və bu, bərzəx aləmində baş verər. Çünki Qiyamətdə səhər və axşam olmaz. Burada onlar atəşə məruz qalarlar, ancaq Qiyamətdə atəşə daxil olarlar. Hədislərdə deyilir ki, qəbir əzabında cəhənnəm qapısı açılar və cəhənnəm atəşi qəbrə daxil olar. “Vücudları qaynar suyun, sonra odun içində odla dolacaq. Sonra onlara deyiləcək: «Haradadır Allaha qoşduğunuz şəriklər?””. (“Ğafir” 72-73). Bu ayədən göründüyü kimi, qaynar suyun içinə atılacaq, sonra da vücudları atəşlə dolacaqdır. Hzərət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz dünyadan gedər, əgər behişt əhli olarsa behişt tərəfindən, əgər atəş əhli olsa cəhənnəm tərəfindən hər səhər və axşam yeri ona təqdim olunar. Ona deyilər: “Bu, sənin müvəqqəti yerindir, o zaman ki, Qiyamət günü Allah səni məbus edər, ora köçüləcəksən””. İmam Sadiq (ə) yuxarıdakı ayənin təfsiri haqqında buyurur: “Bu, Qiyamətdən əvvəlki hadisədir. Çünki Qiyamət günü gecə və gündüz yoxdur. Ona görə də əgər kafir hər səhər və hər axşam əzab olunar, məlum olar ki, bərzəxdə Qiyamətdən əvvəldir”. Allah Təala behişt əhli haqqında buyurur: “Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır”. (“Məryəm” 62). Bu ayədə də gecə və gündüzün adı çəkilmişdir. Qiyamət günü gecə və gündüz olmadığına görə, deməli bu hadisə bərzəxdə baş verəcəkdir. “Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. (“Bəqərə” 154). Təfsirçilər buyurur ki, bu aləm - bərzəxdir. “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-imran” 169). İnsanın hiss orqanları ancaq maddi şeyləri dərk edir. Lakin axirəti dərk etmir və onu fəna hesab edir. Bu hiss dünyada kafir və möminlərdə müştərəkdir. “Şübhəsiz, cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz)”. (“Təkasur” 6). Yəni, şəhidlər sağdırlar, lakin siz onu maddi hiss orqanınızla dərk edə bilməzsiniz. Bunu ancaq qəlb gözü ilə hiss etmək olar. Başqa ayədə buyurur ki, axirət - diri həyatdır. Əgər bu yəqinə əminliyimiz olsa, cəhənnəmi müşahidə edə bilərik. /Deyerler.org/ Oxşar xəbərlər
|