İslam 18 min aləm haqqında nə deyir?
Mьəllif: admin1
Tarix: 15-11-2022, 21:51
İslam 18 min aləm haqqında nə deyir?
"Fatihə" sürəsinin birinci ayəsində keçən "Rabbəl aləmin"(Aləmlərin Rəbbi) رَبُّ الْعَالَمين kəlməsini ötən əsrlərdə yaşamış Quran təfsirçilərinin əksəriyyəti göylərdə və yerdə gəzib-dolaşan, Allaha həmd edən canlıların varlığı barədə ayələri izah edərkən yerdənkənar sivilizasiyaların mövcudluğu ehtimalını inandırıcı saymışlar.

Zəməxşəri, Fəxruddin Razi, Əbus-Səud kimi məşhur Quran mütəxəssisləri həmin ayələrin təfsirində yazmışlar: "Mümkündür ki, Allah səmalarda yerdəkilərə bənzər canlılar yaratmışdır və yerdəki canlılar gəzib-dolaşdığı kimi, səmanın sakinləri də orada gəzib-dolaşır, ömür sürürlər"

Ayətullah Xoyinin "Əl-Bəyan" kitabına istinadən və dilçi alimlərin araşdırmasına görə "Əl-həmdu lillahi rabbil-aləmin" ayəsini bu mövzu baxımından belə incələmişlər: Onlar "aləmin" kəlməsində bizim dünyamızdan savayı digər canlı aləmlərin (sivilizasiyaların) mövcudluğuna işarə olduğunu sübut etmək üçün "in" cəm şəkilçisinə diqqət yetirmişlər.

Məlumdur ki, "aləm" sözünün cəmi "əvalim" və "aləmun"dir. "Aləm" - "faəl" babında olan yeganə sözdür ki, "un" şəkilçisini artırmaqla cəm yaranır.

Lakin ayədə aləmlərin çoxluğunu bildirmək üçün "əvalim" forması deyil, "aləmun" forması işlənmişdir. Bu isə canlı varlıqların cəmini bildirmək üçün istifadə edilir. Buna görə də bəzi dilçilər və təfsir alimləri sözü gedən ayədə məhz canlı və şüurlu varlıqlardan ibarət aləmlərin nəzərdə tutulduğunu israr etmişlər.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Hər aləm 7 səmadan və 7 yerdən daha böyükdür. O aləmlərdən heç biri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. ("Nurus-səqaleyn" təfsiri, cild 1, səh. 16-17)

Muhyiddin ibn Ərəbiyə görə kainat və bütün aləmlər Allahın isim və sifətlərinin təzahürüdür . Bütün bu sifətlər və "Aləmi-Lahut"-da cəm olmuşdur ."Aləmi-Lahut" (Üluhiyyət, ilahi aləm, Uca aləm) "İlah" kəlməsindən, "vav" və "tə" hərflərinin əlavəsi ilə eyniləşən bir kəlmədir.

İslam müqəddəslərinin bir çox kəlamları bu gün araşdırıldıqda onlarda yerdənkənar sivilizasiyalar, məskunlaşmış dünyalar və s. barədə işarələrin olması ehtimalı ortaya çıxır. Bildirirlər ki, Allah bu aləmdən başqa digər aləmlər də yaratmış və orada canlılar yaşayır. Bundan başqa, təfsirçilər Quranın aşağıdakı ayələrini də yerdənkənar sivilizasiyaların mövcudluğuna sübut kimi təqdim edirlər:

"Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən həlimdir, bağışlayandır" (İsra, 44)

Qeyd etməliyik ki, İslam fikir tarixinin ayrılmaz tərkib hissəsi olan irfan və təsəvvuf ədəbiyyatında da aləmlərin sayının 18 min olması barədə məlumatlar vardır. Ancaq yenə də aləmlərinin sayının 18 min olması faili-məchuldur, yəni dəqiq deyildir. Deyilənlərə görə, "18 min aləm" ərəblərin təbiri ilə aləmlərin çoxluğunu ifadə edir . Bütün həmd və sənalar aləmlərin Rəbbi olan Allaha məxsusdur.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930