Həyatın çətinliklərinə qalib gəlmək üçün Qurani-Kərimin tövsiyə etdiyi 2 vasitə
"O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər”. ("Bəqərə” 46).
Allahla görüş cümləsi Quranda dəfərlələ işlənmişdir və hər biri də Qiyamətə işarə edir. Bu görüş dünyada insanların bir-biri ilə görüşməsi kimi deyildir, hissidir. Çünki Allah nə cisimdir, nə də rəngi və məkanı vardır. Onu zahiri gözlə görmək mümkün deyildir. Ona görə də görüş dedikdə Qiyamət səhnəsindəki savablar, əzablar, nemətlər nəzərdə tutulur. Bu görüş şühudi və batini bir görüşdür. İnsan bəzən elə bir yerə çatır ki, sanki Allahı ürək gözü ilə görə bilir. Onun üçün heç bir şəkk və şübhə qalmır. Bu hal insanda o zaman meydana gələ bilər ki, pak, təqvalı, nəfsini islah edən olsun. İmam Əlinin (ə) dostlarından biri olan Dəğləb Yəmani Həzrətdən (ə) soruşur: "Allahı görmüsünüzmü?”. İmam buyurur: "Görmədiyim Allaha pərəstiş necə edim?”. O, İmamdan (ə) daha geniş şərh istəyir. İmam (ə) buyurur: "Zahiri göz Onu heç bir zaman müşahidə etməz. Ürəklər iman nurunun vasitəsilə Onun dərk edər”. Ancaq Qiyamət olan zaman hər birimiz Allahı şühudi olaraq dərk edəcəyik. Çünki həmin gün Allahın əzəməti o qədər aşkar olacaqdır ki, kor ürəklilər belə yəqinə çatacaqlar. "(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz(bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. ("Bəqərə” 45). Həyatın çətinliklərinə qalib gəlməyin iki sütunu vardır: biri güclü daxili qüvvə və o birisi isə möhkəm zahiri qüvvə. Quran bu iki sütunu səbir və namaz kimi tanıdır. Səbir odur ki, insan çətinliklər, müsibətlər qarşısında dayanaqlı və mətanətli olsun. Namaz isə bəndənin Allahla bağladığı rabitədir. Bu yolla öz möhkəm bünövrəsi ilə rabitəsini gücləndirər. Allahın Peyğəmbəri (s) nə zaman çətinliyə düşsə idi, oruc və namazdan yardım alardı. Səbir sözü Quranda bəzən oruc mənasında da işlənir. İmam Sadiq (ə) buyurur: "Nə zaman dünyanın qəmi ilə üzləşsəniz, dəstəmaz alıb məscidə gedin. Namaz qılıb dua edin”. Namaz qılmaq və Allahla dərdləşmək, münacat etmək insanda elə güclü qüvvə meydana gətirir ki, ona çətinliklər qarşısında güc verir. İmam Sadiq (ə) buyurur: "Nə zaman İmam Əlinin (ə) çətinliyi olsa idi, namaza qalxardı”. Bəli, namaz insanı Allaha bağlayar, bütün çətinlikləri onun üçün asan edər. "Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın”. ("Bəqərə” 47). Bu ayə Yəqub övladlarından istəyir ki, Allah haqqında, ruhun dirilməsi haqqında daha çox mərifət əldə etmək üçün İlahi nemətlərə görə şükür etsinlər. Bu nemətlərin sayı çoxdur. Hidayət və iman nemətlərindən tutmuş, Firondan xilas olmağa qədər. Bəziləri bu ayədə "üstün etdiyim” sözünü səhv başa düşür və elə bilirlər ki, Bəni-İsrail ən üstün millətdir. Xeyr, burada məqsəd öz dövrünün insanlarından üstün olmağa şamil olur. Bu ayə bizə demək istəyir ki, nemət və fəzilət Allahın əlindədir. Zalım hakimiyyətdən nicat tapmaq isə ən böyük İlahi nemətdir. Beləliklə deyə bilərik ki, həyatımızın çətinliklərinə qalib gəlmək üçün səbir və namazdan yardım almalı və Allaha üz tutmalıyıq. Oxşar xəbərlər
|