Məscidə getməyin 8 bərəkəti
Məscid ancaq vacib namazları yerinə yetirmək məkanı deyildir. İctimai və fərdi rabitələrdə mühüm rola malik olan bir müəssisədir.
Məsumlarımız (ə) da bizə məhz namaz qılmaq üçün məscidə getməyi tövsiyə etmirlər. Sadəcə ora getməyi tövsiyə edirlər. Belə ki, İmam Sadiq (ə) buyurur: “Məscidə gedin. Çünki məscidlər yer üzündə olan Allahın evləridir”. Məscid əhli üçün çox sayda səmərə zikr olunur ki, məscidi yaşatmaqla bağlıdır. İmam Hüseyn (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Hər kim davamlı olaraq məscidə gedər, 8 şeyi əldə edər: möhkəm ayələr, əməl olunan vacibat, ya (Məsimlardan (ə) olan) sünnət, təzə elm, əldə edəcəyi qardaşlıq, onu hidayət edəcək söz, onu həlakətdən xilas edəcək söz, günahı qorxu və ya həya üzündən tərk etmək”. Həzrət Peyğəmbərin (s) saydığı hər bir səkkiz nöqtə həm ictimai və həm də mədəniyyət baxımından mütaliə oluna bilən mövzulardandır. Bizim demək istədiyimiz budur ki, məscid hərtərəfli bir müəssisədir. İlahi ayələrdən bəhrələnərək, Allahın əhkamını və vacibatlarını bərpa edərək, Əhli-beytin (ə) sünnəti əsasında işlər görmək məscidə aid işlərdəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! O zamana qədər ki, məsciddə əyləşmisən, Allah Təala çəkdiyin hər nəfəsin sayına görə behiştdə sənə bir dərəcə verər. Mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər nəfəsə görə sənə on həsənə yazılar. Səndən on günah pak olar”. Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Məsciddə hər əyləşənin işi yersizdir, məgər üç kəsdən başqa: - O namazqılan ki, (Quran) oxuyar. - O kəs ki, Allahı zikr edər. - O kəs ki, elm ardınca olar”. Bu hədisdən belə nəticə çıxartmaq olur ki, hətta məsciddə əyləşməyin belə öz ədəb və qaydası vardır. Mühüm olan budur ki, məscid əhli nə ilə məşğul olur. Peyğəmbər (s) əslində bizlərə məscidin üç xüsusiyyətini açıqlayır. Onun əhəmiyyəti o qədər böyükdür ki, buyurur bu üç kəsdən başqa qalanlarının məsciddə etdikləri işlər yersizdir. Adətən məscidlərdə üçüncü kəsin gördüyü işlərə az diqqət edilir. Halbuki, məscid elmi bəhslər üçün gözəl məkan ola bilər. Bu gün məscidlər cavanları özünə cəlb etməsi üçün xüsusi əhəmiyyətə malik olan məkanlardır. Məscid gərək biz müsəlmanların ikinci evi olsun. Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur ki, Allah yanında hansı məkan daha sevimlidir. Cəbrayil (ə) buyurur ki, məscid. Cəbrayil (ə) sonra buyurur: “Allah yanında ən sevimli insan isə o kəsdir ki, məscidə tez gələr və hamıdan gec xaric olar”. /Deyerler/ Oxşar xəbərlər
|