Gülmək, ya ağlamaq?
Bəzən Quranı oxuyan zaman elə ayələrə rast gəlirik ki, ilk baxışda məqsədini başa düşmürük. Ona görə də bəzən belə ayələrə görə zehnimizdə suallar meydana gəlir. Bu ayə kimi: “Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar”. (“Tövbə” 82). Əgər ancaq bu ayəni oxusaq, belə bir fikrə gəlib çatarıq ki, İslam dini şadlıqla müxalifdir. Lakin əgər bu ayəni ondan əvvəlki ayə ilə uyğunlaşdırsaq, görərik ki, söhbət münafiqlərdən gedir. Bu ayədən əvvəlki ayədə oxuyuruq: “(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir»”. (“Tövbə” 81). Münafiqlər Peyğəmbərin (s) əmrinə itaətsizlik edib, Təbuk döyüşündə iştirak etmirlər. Bu işlərinə görə sonra da sevinirlər və şadlanırlar. (Tebyan) Qurani-Kərim bunun kimi münafiqlərə xitab edərək buyurur ki, bundan sonra siz gərək az gülüb, çox ağlayasınız. Az gülmək bu dünyanın sevincinin az müddətli olduğuna işarə edər. İnsan əgər İlahi vacibatları tərk edərsə, axirətdə və cəhənnəmdə çoxlu ağlayar. Dünya həyatı fanidir. Ona görə də gülüşü də qısa və dəyərsizdir. Lakin cəhənnəm əzabı davamlı və əbədidir. Bütün günah əhli bilməlidir ki, günaha sevinmək onları həm bu dünyada və həm də axirətdə əzaba düçar edər. Bəzən insan dünya sevgisinə görə şad olar. İnsan nemətə çatan zaman sevinər və ondan məhrum olan zaman qəmgin olar. Bu cür şadlıq mənfi həyəcanlara: ümidsizlik, təkəbbür, lovğalığa gətirib çıxardar. Bu cür şadlığı İslam dini bəyənmir. Bu, elə bir şadlıqdır ki, sabit və davamlı deyildir. Onda davamlı şadlığın təsirini axtarmaq olmaz. İntiqamdan alınan ləzzətə bənzəyir ki, əvvəl insana şirin gəlir, lakin zaman keçdikcə acı və xoşagəlməz olur. Davamlı olan şadlığa etiqad şadlığını misal göstərmək olar. “De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58). İmam Əli (ə) buyurur: “Ən xoşbəxt insan o kəsdir ki, fani ləzzəti, qalıcı ləzzətlərə görə tərk edər”. Biz insanlar elə şadlığın ardınca olmalıyıq ki, gələcəkdə bizə ziyan vurmasın. Gələcəyi aradan apara bilən ləzzətlərdən çəkinmək lazımdır. Biz insanlar üçün şadlanmağın xüsusi əhəmiyyəti vardır və hər birimiz onun üçün müəyyən zaman ayırmalıyıq. İmam Əli (ə) buyurur:“Yaxşı olar ki, möminin üç zamanı olsun: o zaman ki, Allah Təala ilə münacat edər, o zaman ki, ruzisini qazanar, o zaman ki, gözəl və halal xoşluqlara vaxt ayırar”. Beləliklə, deyə bilərik ki, İslam dininin şadlıq və sevinməklə müxalifətliyi yoxdur. Sadəcə olaraq, mənəvi sevinci və ləzzəti daha çox bəyənir və tövsiyə edir. Əgər insan maddi həyatında bütün imkanlara malik olsa, lakin mənəviyyatdan məhrum olsa, belə bir həyat mənasız və dəyərsiz olar. Dinimiz halal ləzzətlər və əyləncələri həmişə tövsiyə edir. Onu səadətə çatmağın amillərdən hesab edir. /Deyerler.org/ Oxşar xəbərlər
|