Qəyyum olmaq Allah rizası dairəsində mümkündür
Mьəllif: admin1
Tarix: 17-01-2021, 21:18
Qəyyum olmaq Allah rizası dairəsində mümkündür
Allah Təala həm qadına və həm də kişiyə qüdrət və xüsusi güc nəsib etmişdir. Allah Təbarəkə və Təala Öz hikməti ilə kişilərin bəzi qabiliyyətlərini qadınlarınkından çox etmişdir. Ona görə də ailənin məsuliyyətini onun öhdəsinə qoymuşdur.

Əgər bu mövzuya diqqətlə nəzər salınsa, görərik ki, bu məsuliyyət kişinin daha bir vəzifəsinin artması deməkdir. Kişi bu vəzifəsi ilə ailəyə rəhbərlik etməlidir, bu, bir imtiyaz deyildir, əksinə - vəzifədir.

Qurani-Kərim insanları başqa məxluqlardan üstün edən meyarlara işarə edən zaman buyurur: “Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik”. (“İsra” 70).

Ruzi baxımından üstün olanlar haqqında buyurur: “Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi”. (“Nəhl” 71).

Bir millətin başqasından üstün olmasına işarə edən ayə: “Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın”. (“Bəqərə” 47).

Peyğəmbərlərdən (ə) bəzisinin bəzəsindən üstün olmasına işarə edən ayə: “Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik”. (“Bəqərə” 253).

Kişinin qadından üstün olması. “Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən(qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir”. (“Nusa” 34).

Möminlərin üstün olması. “Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir”. (“Ənam” 132).

Allah Öz iradəsi ilə bəzilərini bəzilərindən üstün etmişdir. Bəzən insanlar maddi cəhətdən bir-birindən üstün olur, bəzən də mənəvi cəhətdən. Maddi cəhətdən ruzi kimi, mənəvi cəhətdən peyğəmbərlərin (ə) hidayəti kimi.

Allah qəyyum olmağı kişilərə tapşırmışdır. Bununla yanaşı, onlara həyat yoldaşı ilə necə rəftar edəcəyinə dair əxlaqi təlimlər vermişdir.
Quran bu barədə bir neçə əsl mövzuya işarə etmişdir. O cümlədən:

1. Ədalətlə rəftar etmək. “Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin”. (“Nisa” 135).

Bir kişini ailəni idarə etməsi bir dövləti idarə etməsinə bənzəyər. Yəni, kişi cəmiyyətdə nəzm və ədalətə riayət etdiyi kimi, ailədə də riayət etməlidir. Kişi ədalətlə idarə etmək haqqına malikdir, zorakılıq etmək deyil.

2. İnsafla rəftar etmək. Qurana nəzər salan zaman görmək olur ki, Allah kişiyə buyurur ki, əgər həyat yoldaşına təlaq versən, gərək onun maddi hüququnu əda edəsən.

Həmçinin süd verirsə, buna görə pul istəyirsə, verməlisən. Yəni, həyat yoldaşına qarşı insaflı olmalısan. Kişi ilə qadının ailədəki münasibəti rəhmət və ülfət üzərində olmalıdır.

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair)nişanələr vardır”. (“Rum” 21).

Ailə kiçik bir cəmiyyətdir. Bir cəmiyyət kimi ailənin də rəhbərə ehtiyacı vardır. Kişilər bu vəzifəyə daha münasib və uyğundurlar. Çünki:

1. Kişinin təfəkkür qüdrəti həmişə hisslərindən güclü olar və ona qələbə çalar.

2. Ailəsini qorumaq üçün daha güclü bədənə malik olar.

3. Kişi həm xanımının və həm də uşağının ruzisini qazanmaq qabuliyyətinə malikdir.

Quran buyurur ki, qəyyum olmaq Allah rizası dairəsində mümkündür. Allah dərgahında üstün olmağın tək meyarı - təqvadır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930