İnsanlar arasında fərq nədəndir?
Bu dünyada elə nemətlər vardır ki, Allah onu bəzi insanlara vermişdir və bəzilərinə verməmişdir.
Misal üçün, Allah bir nəfəri gözəl xəlq etmişdir, başqalarını adi, bəzilərini isə hətta çirkin. Hədislərdə oxuyuruq ki, əgər bir insan hansısa neməti istəyər və Allah ona bu dünyada verməzsə, təqvalı olarsa, axirətdə həmin nemətə çatar. Və əgər təqvalı olarsa, ola bilsin ki, həmin nemət insana bu dünyada verilsin. Bütün bunlar İlahi ədalətə aid mövzulardır. Hər kimin bu sahədə biliyi olmaz, bu mövzu haqqında söz sahibi olması çox çətindir. Belə suallar maddi dünyada da baş verir. Misal üçün soruşsalar ki, filan xəstəliyin dərmanı nədir, bilirsən? Deyirik ki, bilmirik. Halbuki, bu mövzu təcrübəyə aid mövzudur. İnsan təcrübə etməmiş cavab verə bilməz. Şəhid Mütəhhəri aləmdə olan fərqlərlə bağlı yazmışdır: “Əgər belə bir fərq olmasaydı, bu dünyada yaşaya bilməzdik. Əgər bütün insanlar eyni cür xəlq olsaydılar, məgər yaşamağın mənası olardımı?”. İmam Əli (ə) buyurur: “Madam ki, insanlar fərqlidirlər, xeyir və xoşluqda yaşayırlar. Əgər bərabər olsaydılar, həlak olardılar”. Məgər bu fərqləri aradan qaldırmaq mümkündürmü? Əgər bu fərqlər aradan qalxarsa, nizam pozulmazmı? Bu suallar əslində ona görə meydana gəlir ki, Allahın işini öz işlərimizlə müqayisə edirik. Misal üçün bir velosiped almaq istəyən zaman zəncirini istədiyimiz kimi tənzimləyir və öz istədiyimiz kimi getməyini istəyirik. Belə düşünürük ki, Allahın xəlq etdiyi nizam da biz insanların nizamı kimidir. Belə xəyal edirik ki, Allah əvvəl varlıqları xəlq etmiş və sonra da nə olacağına qərar vermişdir. Misal üçün sən insan ol, bu isə quş və ya balıq. Sən gözəl ol, sən isə çirkin. Ancaq biz əgər qəbul etsək ki, bu nizam artıq sabit olmuşdur və aləmin zati nizamıdır, bu aləm ya var, ya da yoxdur. Ya da indi olduğu kimidir. Bu, rəqəmlərin düzülüşünə bənzəyir. Misal üçün 3 rəqəmi ya yoxdur, ya da yeri 2 ilə 4 rəqəminin arasındadır. Bundan başqa, insanların arasında olan bu fərqləri tədqiq etmək lazımdır ki, niyə bu insan belə çirkin olmuşdur? İnsanın özünə qayıdır, ya genetikasına və ya qidalanmasına? Allah insanı ilk xəlq edən zaman iki nəfər idilər. Əgər çirkin idilərsə, elə həmin ikisi də bu cür idi. Əgər gözəl idilərsə, hər ikisi gözəl idi. Bu çirkinliklər və ya gözəllik fərqləri sonradan peyda olmuşdur. Bunun da özünəməxsus səbəbləri vardır. Bu varlıq aləmi səbəb ilə nəticə aləmidir. Ona görə də Allahın işini gərək öz işimizlə müqayisə etməyək. Əgər bütün insanlar eyni cür xəlq olsaydılar, bütün ictimai nizam bir-birinə dəyərdi. Bundan başqa bəzi fərqlər insanların özü tərəfindən meydana gəlmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|