Uğursuzluq nəhsdən deyil, günahdandır
Qədim yunan və romalılardan tutmuş, insanlar hər bir hadisənin necəliyinə görə talelərini yozmaq istəyirdilər. Ona görə də fala baxır və gələcəkdən xəbər vermək istəyirdilər. Adətən qarğa, bayquş kimi quşlardan, ceyran kimi heyvanlardan fala baxırdılar. Onlar deyirdilər ki, bu quşlar əgər sağ qanadları ilə uçmağa başlayırlarsa, deməli həmin iş mübarək və yaxşı işdir. Ona görə də bir işə başlamazdan əvvvəl quşları uçurdardılar. Onların hansı səmtə və necə uçduqlarına diqqət edərdilər. Sanki quşların bu hərəkətinin onların çıxartdıqları qərarda rolu vardı. Lakin bəziləri də vardı ki, onların hesabını falçılardan ayırmaq lazımdır. Onlar münəccimlər idilər. Onlar ulduzların və Ayın hərəkətinə əsasən səma hadisələrinin zamanını müəyyən edərdilər. Günəş tutulması və ya Ay tutulması kimi hadisələrin. Tarixi mütaliə edərək bu nəticəyə gəlirik ki, böyük siyasətçilər həmişə hərbi yürüşə çıxan zaman yanlarında gələcəkdən xəbər verən birini aparardılar. Hərbi yürüşlərdə onların nəzərini də mütləq soruşardılar. Qurani-Kərim o kəslərdən söhbət açır ki, xoşagəlməz hadisələri İlahi peyğəmbərlərə (ə) nisbət verərdilər. Ona görə də onları uğursuz adlandırardılar. “Dedilər: (Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)”. (“Nəml” 47). Bu ayə Həzrət Salehin (ə) qəbiləsi haqqındadır. Həzrət Saleh (ə) zühur edən zaman bir çox təbii hadisələr baş vermişdi. Qəhətlik və quraqlıq olmuşdu. İnsanlar belə zənn edirdilər ki, həmin bəla peyğəmbərə (ə) görə nazil olmuşdur. “Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir»”. (“Yasin” 18). “Onlara yaxşılıq və bolluq gələndə, bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi, (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu)bilmirdilər”. (“Əraf” 131). Əgər onlara hansısa bir bəla yetişsə idi, bunu İlahi peyğəmbərlə bağlayrdılar. Firon Musanı (ə) inkar edəndən sonra quraqlıq dövrü başlandı. Firon da bu fürsətdən istifadə edib, insanlara dedi ki, bu quraqlığın səbəbkarı Musadır. Bu cür tənələrin cavabını Allah Təala bu ayədə açıq şəkildə belə verir: “(Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir(günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz»”. (“Yasin” 19). Ona görə də demək olar ki, bu təbii hadisələrin səbəbkarı insanların özü olmuşdur. Allah Təbarəkə və Təala yuxarıdakı ayədə bunun səbəblərindən bəzisinə işarə edir və buyurur ki, siz həddini aşan və öyüd-nəsihət eşitməyən qövmsünüz. Ona görə də demək olar ki, bu varlıq aləmində hər bir əməlin əks nəticəsi olar. Hər kim günahda həddini aşarsa, bir çox xoşagəlməz hadisələrə düçar olar. Halbuki, istiğfar və xeyir işlər insanlara ancaq bərəkət və nemət gətirər. Pis əməldən başqa hətta pis fikirlər belə insana təsir qoyar. Ona görə də psixoloqlar deyir ki, nikbinlik və bərəkət, bədbinlik və bəla arasında birbaşa əlaqə vardır. /Deyerler.org/ Oxşar xəbərlər
|