Təşəkkür edin ki, nemətiniz artsın
Təşəkkür etmək - yaxşı işlərin və bərəkətin artmasına səbəb olar. Çox təəssüf ki, bir çoxlarımız təşəkkür etmək mədəniyyətindən uzağıq. Əgər belə bir adətimiz yoxdursa, gərək onu öyrənək və adət edək. Təşəkkür edin ki, nemətiniz artsın. Şükürlə nemətin rabitəsi nurla görmənin rabitəsi kimidir. Əgər nur olmazsa, görmək olmaz. Əgər nemətə şükür edilməzsə, sonradan nemət gəlməz. Bu, varlıq aləminin dəyişməz qanunudur. Allah Təbarəkə və Təala bizlərə çox sayda nemət vermişdir. Onlardan biri də sağlamlıq nemətidir. Başqalarının bizə etdiyi hər bir yaxşılıq – nemətdir. Misal üçün bazardan gələndə əlinizdəki meyvə paketi və meyvələr ətrafınıza səpələnər. Bu zaman yanınızda olan hər kəs o meyvələri toplamağa çalışar ki, sizə yardım etsin, sizə yaxşılıq etsin. Bunun özü də nemətdir. Əgər kimsə bizə yardım edirsə, bizə gərək ona təşəkkür edək. Bu, insan olmağın əlamətidir. İmam Rza (ə) buyurur: “Hər kim insanların yaxşılığı qarşılığında təşəkkür etməzsə, Allah Təalaya təşəkkür etməmişdir, deməkdir”. Təşəkkür edin ki, sevimli və möhtərəm olasınız. Gəlin bu sehrli sözün həqiqətini dərk edək. Hər kəsin təkrar etdiyi bu söz az bir şey deyildir. Bu kəlmə hər birimizin zehnində nikbinlik gətirən bir kəlmə kimi həkk olmuşdur. O zaman ki, “təşəkkür edirəm” deyirik, yadımıza düşür ki, bunu qarşı tərəfə boş yerə demirik. O, bizə yaxşılıq edib ki, bu sözü dilimizə gətirmişik. Əgər siz bu sözə adət etsəniz, qarşı tərəf sizə həmişə könüllü şəkildə xidmət edər və yaxşılıq etməyə tələsər. Çünki görər ki, zəhmətini qiymətləndirirsiniz. Hər birimizin buna ehtiyacı vardır. Əgər bizə təşəkkür etsələr, çalışarıq ki, həmin yaxşı işimizi gələcəkdə də davam etdirək. İmam Səccad (ə) buyurur: “Sizin Allaha ən çox təşəkkür edəniniz o kəsdir ki, insanlara ən çox təşəkkür edir”. Hər kəsdən tələbkar olmayaq. Heç kəsin bizə borcu yoxdur. Sizə yaxşılıq edən insana təşəkkür edərək başa salarıq ki, onun bu lütfünün dəyərini bilirik. O zaman ki, bizə təşəkkür edərlər, biz özümüzü xoşbəxt hiss edərik. İmam Əli (ə) buyurur: “Səndən razı olan kəsə təşəkkür etmək - onun razılığını və vəfasını artırar. Sənə qəzəblənmiş kəsə təşəkkür etmək - onun sənə sevgi göstərməsinə səbəb olar”. Başqalarına təşəkkür etmək və ondan bizə çatan maddi və mənəvi nemətlərə diqqət etmək təşəkkür halının ilk addımıdır. Təşəkkür mədəniyyəti xeyir işlərin artmasına və cəmiyyətdə ehsanın yayılmasına səbəb olar. O zaman ki, bizə sevinclə təşəkkür edərlər, xoşbəxtlik hiss edərik. /Deyerler.org/ Oxşar xəbərlər
|