Quranın 55 seçilmiş adı
Hər bir səma kitabının özünəməxsus adları vardır. Qurani-Kərim Həzrət Peyğəmbərin (s) ürəyinə nazil olan müqəddəs səma kitabıdır ki, özünəməxsus adlara malikdir.
Qazi Əzizi Quranın 55 adını zikr edir ki, hər biri Quran ayələrindən götürülmüşdür. 1. Quran. “Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir. Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol”. (“Qiyamət” 17-18). 2. Furqan. “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar”. (“Ənfal” 29). 3. Kitab. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı Kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2). 4. Zikr. “Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır”. (“Ali-imran” 58). 5. Tənzil. “Şübhəsiz bu (Qur’an) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul-Əminin) hafizəsinə nazil olmuşdur)”. (“Şuəra” 192). 6. Hədis. “Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!”. (“Kəhf” 6). 7. Moizə. “Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir”. (“Yunus” 57). 8. Təzkirə. “Və həqiqətən, bu (Qur’an) təqvalılar üçün bir öyüd-nəsihətdir”. (“Haqqə” 48). 9. Zikr. “Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir”. (“Hud” 120). 10. Bəyan. “Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir”. (“Ali-İmran” 138). 11. Hidayət. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2). 12. Şəfa. “Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır”. (“Fussilət” 44). 13. Hökm. “(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik”. (“Rəd” 37). 14. Hikmət. “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər’i hökmləri) xatırlayın”. (“Əhzab” 34). 15. Həkim. “Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır”. (“Ali-imran” 58). 16. Hakim. “Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik”. (“Maidə” 48). 17. Hadi. «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir”. (“Cinn” 2). 18. Nur. “Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!”. (“Əraf” 157). 19. Rəhmət. “Və əlbəttə o, möminlər üçün başdan-başa hidayət (doğru yol göstərən) və mərhəmətdir”. (“Nəml” 77). 20. İsmət. “Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (“Ali-İmran” 103). 21. Nemət. “Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç!”. (“Zuha” 11). 22. Haqq. “Və həqiqətən, bu (Qur’an) yəqin (gerçək) bir haqdır və həqiqətdir”. (“Haqqə” 51). 23. Təbyan. “Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik”. (“Nəhl” 89). 24. Bəsair. “Biz (Nuh, Hud, Saleh və Lutun qövmü kimi) keçmiş cəmiyyətləri həlak etdikdən sonra camaat üçün bəsirət vasitəsi hidayət və rəhmət səbəbi olan (səmavi) kitab(ı Tövratı) Musaya əta etdik ki, bəlkə öyüd-nəsihət alsınlar”. (“Qəsəs” 43). 25. Mübarək. ”Nazil etdiyimiz bu (Qur’an bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir”. (“Ənbiya” 50). 26. Məcid. “And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qur’ana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır)”. (“Qaf” 1). 27. Əziz. “Doğrudan da bu (Qur'an) möhkəm, qalib və məğlubedilməz bir kitabdır”. (“Fussilət” 41). 28. Əzim. “Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (“Həmd” surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik”. (“Hicr” 87). 29. Kərim. “Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır”. (“Vaqiə” 77). 30. Sərac. “Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik)”. (“Əhzab” 46). 31. Munir. “Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik)”. (“Əhzab” 46). 32. Bəşir. “(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Qur’an halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır”. (“Fussilət” 3). 33. Nəzir. “(İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qur’andır)”. (“Fussilət” 4). 34. Sirat. “Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!”. (“Fatihə” 6). 35. Həbl (ip). ”Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın”. (“Ali-imran” 103). 36. Ruh. “Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur’an və dini təlimlər) vəhy etdik”. (“Şura” 52). 37. Qəsəs. “Biz bu Qur’anı sənə vəhy etməklə, ən gözəl əhvalatı ən gözəl hekayə etmək üslubu ilə sənə oxuyuruq”. (“Yusif” 3). 38. Fəsl. “Qur’an şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!”. (“Tariq” 13). 39. Nucum. “Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Qur’anın hissələrinin nazil olma vaxtlarına”. (“Vaqiə” 75). 40. Əcəb. «Həqiqətən, biz əcəb bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)». (“Cinn”1). 41. Qəyyim. “Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur”. (“Kəhf” 1). 42. Mubin. “Bu (uca məqamlı) surə (və ayələr, bəşər cəmiyyəti üçün) aydın Qur’anın ayələri və (Allah dərgahına yaxın olan uca məqamlılar üçün) aşkar (olan Lövhi-Məhfuzda) yazılmış ayələrdir”. (“Yusif” 1). 43. Əla. “Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”. (“Zuxruf” 4). 44. Kəlam. “Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver”. (“Tövbə” 6). 45. Qul (söz). “Həqiqətən, Biz öz sözümüzü (Qur’anın ayələrini və surələrini) bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda (bir neçə il ərzində ardıcıl) onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar”. (“Qəsəs” 51). 46. Bəlağ. ”Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar)”. (“İbrahim” 52). 47. Mutəşabih. “Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir”. (“Zumər” 23). 48. Ərəbi. “(Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Qur’an! Bəlkə çəkindilər”. (“Zumər” 28). 49. Ədl. “Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu”. (“Ənam” 115). 50. Bəşəri. “Möminlərə yol göstərən və müjdə verəndir”. (“Nəml” 2) 51. Əmr. “Bu (hökmlərin hamısı) Allahın sizə nazil etdiyi hökmüdür”. (“Təlaq” 5). 52. İman. «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik”. (“Ali-imran” 193). 53. Nəbə. “Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında”. (“Nəbə” 2). 54. Vəhy. “De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram». (“Ənbiya” 45). 55. Elm. “(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik (ki, onlar onu daha yaxşı anlasınlar). Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (məsələn onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır”. (“Rəd” 37). Allah Təala bizləri Qurani-Kərimi dərk edən və sevənlərdən qərar versin. Hazırladı: Məşhədi Xanım, Deyerler.org Oxşar xəbərlər
|