Quranın Tövrat və İncillə müqayisəsi
Quranın təkallahlıq, ilahi sifətlər, Peyğəmbər (s)-ın əzəmət və şəxsiyyəti haqda irəli sürdüyü mülahizələri dəfələrlə öncəki saylarımızda oxumusunuz.
İndi isə Tövrat və İncilin bu haqda verdiyi məlumatları nəzərdən keçirməyinizi və sonra onu Quranla müqayisə etməyinizi tövsiyə edirik. Mətləbi daha da aydınlaşdırmaq üçün Əhdeyndə nəql olunmuş bir neçə rəvayəti siz əziz oxuculara təqdim edirik. 1. Tövratda Adəmlə Həvvanın Cənnətdən çıxarılmaları haqda deyilir: «Allah-Taala Adəmə Cənnətin bütün meyvələrindən yeməyə icazə vermişdi. Ona qadağan olan yalnız agahlıq, yəni xeyirlə-şəri tanıma ağacı idi. Allah, Adəmə vəhy edərək buyurdu: Ey Adəm! Bil ki, bu ağacın meyvəsindən yediyin gün öləcəksən. Sonra Adəmdən Həvvanı yaratdı və onlar hər ikisi lüt-üryan idilər. Çünki, yaxşı ilə pisin nə olduğunu dərk etməyirdilər. Onlar Cənnətdə şad və xürrəm yaşadıqları zaman, bir ilan onlara yaxınlaşıb qadağan olunmuş ağaca tərəf apardı və onları bu ağacın meyvəsindən yeməyə sövq etdi. Onları bu işə razı salmaq üçün dedi: Əgər bu ağacın meyvəsindən yeyərsinizsə, əbədi həyata qovuşacaqsınız. Allah sizi bu ağacın meyvəsindən yeməyi qadağan etməklə nəyin pis, nəyin də yaxşı olduğunu dərk etməməyinizi istəmişdir. Adəmlə Həvva ilanın söylədiklərinə inanıb qadağan olunmuş ağacın meyvəsindən yedilər və həmən an üryan olduqlarını hiss etdilər. Utanaraq övrətlərini örtdülər. Elə bu zaman Allah Cənnətdə gəzişirdi. Adəmlə Həvva Onu görüb özlərini gizlətmək istədilər. Allah Adəmi səsləyərək harada olduğunu soruşdu. Adəm çarəsiz qalıb cavab verdi. Sənin səsini eşidib gizləndim. Çünki bir anda özümü üryan hiss etdim. Allah dedi: Üryan olduğunu necə başa düşdün? Yoxsa, sənə qadağan etdiyim meyvədənmi yemisən? Hər şey Allaha bəlli oldu. Artıq Adəm də bizim kimi oldu. O, da bundan belə yaxşı ilə pisi, gözəl ilə çirkinin nə olduğunu biləcəkdir. Belə getsə həyat ağacının meyvəsindən yeyəcək və bizim kimi əbədi yaşayacaqdır. Bu səbəbdən də Allah, Adəmi Cənnətdən qovub onunla həyat ağacı arasında böyük fasilə (məsafə) qoydu». (Yaradılış səfəri, 2-3-cü fəsillər) Yenə də Tövratda deyilir: «Şeytan, deyilən həmin ilandır. O Şeytan ki, bütün dünyanı zəlalətə və uçuruma sövq edir». (12-ci fəsil, 9-cu bölüm) Bir anlıq diqqət yetirin, görün səmavi adlanan kitablarda elm və qüdrəti hər şeyi əhatə edən Allaha nə kimi yalan və iftiralar qoşulur. Acizlik, qorxu, yalançılıq və s. Belə ki, Allah agahlıq ağacını yalan olaraq Adəmə ölüm ağacı kimi tanıtdırmışdır. Sonra isə onun həyat ağacının meyvəsindən yeyərək əbədi yaşamasından qorxaraq, dünyaya hökmranlıq etməkdə onunla şərik olmasın deyə, Adəmi Cənnətdən qovur. Daha sonra Allahın cism olaraq Cənnətdə gəzişməsinə işarə olunur. Ən başlıca isə, Allahın Adəm və Həvvanın tutduqları işdən xəbərsiz olduğuna, yəni məxluqatın gördükləri işlərdən agah olmadığına toxunulur. Bir halda ki, Zatı bütün eyb və nöqsanlardan münəzzəh olan bir varlığa, bu kimi sifət və xüsusiyyətləri aid etmək qeyri-mümkündür. 2. Tövrat İbrahim (ə) ilə Nəmrudun əhvalatında deyir: «İbrahim zövcəsi Saranı Nəmrudun hüzurunda bacısı kimi qələmə verdi və Sara olduqca gözəl olduğu üçün Nəmrud onu əldən vermək istəmədi. Onu özünə arvad edib İbrahimə xeyli maddi yardım etdi. Artıq İbrahimin ixtiyarında xeyli mal-qara və saysız-hesabsız xəzinələr var idi. Nəmrud, Saranı İbrahimin bacısı yox, zövcəsi olduğunu başa düşdükdə İbrahimə dedi: Nə üçün həqiqəti gizlədib, Saranı əlindən almağıma razı oldun? Sonra Nəmrud, Saranı İbrahimə qaytardı». (Tövrat, Yaradıcılıq səfəri, 12-ci fəsil) Buradan belə məlum olur ki, fitnə-fəsada və əxlaqsızlığa yol verən, İbrahim (ə)-ın özü olmuşdur. Çünki, o, Saranı zövcəsi olduğunu danmaqla Nəmrudun onu ələ keçirməsinə əlverişli imkan yaratmışdır. Adi insanlar bu işə yol vermədikləri bir halda, Allahın əziz peyğəmbəri belə bir pozğunluğa yol verə bilərdimi?! Əstəğfirullah! Allaha pənah aparırıq bu kimi yalan və iftiralardan! 3. Tövrat Lut (ə) və qızlarının əhvalatı haqda deyir: «Günlərin bir günündə Lutun böyük qızı bacısına deyir: Artıq atamız qocalıb əldən düşüb və yer üzündə bizimlə yaxınlıq edəcək kimsə qalmayıb, gəl atamızı məst edib onunla yaxınlıq edək. Beləliklə atamızın nəslini qoruyub saxlamış olarıq. Həmin günün gecəsi Lutu içirdirlər, böyük qızı onunla yaxınlıq edir. İkinci gün yenə də bu iş təkrar olur və bu dəfə kiçik qızı onunla yaxınlıq edir. Beləliklə hər iki bacı atasından hamilə olur. Onların hər birinin bir oğlu olur. Böyük bacının oğlu «Mu abin» sülaləsinin banisi «Mu ab», kiçik bacının oğlu isə «Bəni-əmum» sülaləsinin banisi «Bin-əma» adı ilə şöhrət tapır». (Tövrat, Yaradıcılıq səfəri, 19-ci fəsil) Bu da Tövratda həzrət Lut və onun qızları haqda uydurulmuş növbəti təhqiramiz əfsanə. 4. Tövratda deyilir: «İshaq özündən sonra peyğəmbərliyi oğlu İsuya vermək istəyirdi. Lakin Yəqub adlı başqa bir oğlu atasının korluğundan istifadə edib qardaşının paltarını geyinir və özünü İsu kimi tanıtdırır. İshaq təmtəraqlı məclis qurub oğlunun peyğəmbərliyə təyin olunduğunu qeyd edir və özü də məclisə qoyulan şərablardan bir qədər içir. Sonra oğlu üçün dua edib deyir: Sən bundan sonra qardaşlarının ağası və sərvərisən. Anan və övladlarım qarşında kiçilməli və ehtiram etməlidirlər. Allah lənət etsin, sənə lənət oxuyanlara! Allah yar olsun, səni sevib yar olanlara! İsu məclisə daxil olub, qardaşının peyğəmbərliyi ondan qəsb etdiyini başa düşür. Atasının yanına gəlib deyir: Atacan mənə də xeyir-dua et! İshaq deyir: Mən onu sənin və qardaşlarının üzərində rəhbər təyin etdim. Buğda və şərabla ona sərvət və qüdrət verdim. Oğul belə olduğu bir halda mən sənə nə edə bilərəm? İsu atasından rədd cavabını eşidib uca səslə nalə etdi». (Tövrat, Yaradıcılıq səfəri, 27-ci fəsil) Qəribədir, peyğəmbərliyi başqa birisindən qəsb etmək olarmı? Həqiqətən Allah peyğəmbərlik məqamını hiylə və yalan işlətməklə birinin üzərindən götürüb başqa birisinin öhdəsinə qoya bilərmi? Görəsən doğrudan da Yəqub, hiylə ilə atası İshaqı aldatdığı kimi, Allahı da aldada bilmiş və O, da bu məqamı həqiqi sahibinə qaytara bilməmişdirmi? Bəlkə də bu əfsanəni uyduran şəxslərin özlərini şərab məst etmiş və belə bir çirkin iş tutmağa vadar etmişdir. 5. Tövratda deyilir: «Yəhda, oğlu Əirin zövcəsi Samar ilə zina edir və ondan Faris və Zari adda iki oğlu olur». (Tövrat - Yaradıcılıq səfəri, 38-ci fəsil) Başqa bir tərəfdən isə Məttanın İncilində Yəsu Məsihin şəcərənaməsi geniş şəkildə verilir və orada həzrət Məsih, Süleyman və onun atası Davudun öz oğlunun arvadı ilə qeyri-qanuni cinsi əlaqədən dünyaya gələn Faresdən olmaları bildirilir. Əstəğfirullah! Əgər peyğəmbərlər zinadan, özü də məhrəmlə edilən zinadan dünyaya gəlmiş olsalar, daha hansı müqəddəslikdən danışmaq olar?! Amma nədənsə Tövratı təlif və sonralar təhrif edən şəxslər Allah peyğəmbərlərinə iftira yaxmağı özlərinə adi peşə seçmişlər. 6. Tövratda deyilir: «Davud, qabaqcıl sərkərdəsi Uryaya adlı imanlı bir şəxsin zövcəsi ilə zina edir. Uryayın zövcəsi bu yaxınlıqdan sonra hamilə olur. Davud rüsvay olacağından qorxub müxtəlif tədbirlərə əl atır. Bir gün o, Uryaya əmr edir ki, evə gedib öz zövcəsi ilə yaxınlıq etsin. Amma Uryay bundan imtina edərək deyir: Heç rəvadırmı ki, ağam Yuab və onun havadarları səhrada aclıqdan-susuzluqdan əziyyət çəksin, mən də gedim öz zövcəmlə yaxınlıq edim?! Yox! Heç vaxt! And olsun əziz canına, mən bu işə heç vaxt razı olmaram. Davud bunun da bir nəticə vermədiyini gördükdə, Uryayı yanında saxlayıb yedirdib içirir. Onu məst etdikdən sonra Yuaba belə bir məktub yazır. Uryayı ağır döyüşə göndər. Onu düşmənlə qarşı-qarşıya qoyun. Döyüşüb həlak olsun. Yuab da Davudun göstərişinə əməl edir. Uryay döyüşdə həlak olduqdan sonra, Davuda bu haqda xəbər verir. Davud Uryayın zövcəsini öz evinə aparır və əzadarlıq günləri başa çatdıqdan sonra onunla rəsmi ailə qurur». (Şemuel - kitab 2, 11-12-ci fəsillər) Məttanın İncilində də deyilir ki, «Süleyman peyğəmbər və Davud (ə)-ın oğlu həmin qadından dünyaya gəlmişlər». Azacıq da olsa, qeyrət hissi olan bir şəxsə bu işi aid etmək mümkün olmadığı bir halda, ismət və şəxsiyyətilə hamıdan fərqlənən Allah peyğəmbərlərinə belə bir çirkin və nalayiq işi aid etmək olarmı? Şəxsi rəylər əsasında yazılmış incillərdə başqa bir nöqsan nəzərə çarpır. O da həm Süleyman (ə)-ın, həm də həzrət Məsihin Davud (ə)-ın oğlu olmasıdır. Necə ki, Lukanın İncilində deyilir: «Məsih, atası Davudun taxtında oturardı..». Maraqlıdır, görəsən Davud (ə)-ın oğlu, həzrət Məsih olmuşdur, ya Süleyman? Yoxsa, onlar iki doğma qardaş olmuşlar!? 7. Tövratda deyilir: «Süleyman peyğəmbərin yeddi yüz azad, üç yüz də kəniz qadını var idi. Qadınlar onu bütlərə ibadət etməyə sövq edirdilər. Süleyman onların hiyləsinə uyub Sədunilərin pərəstiş etdikləri Əşturət və Əmunilərin pərəstiş etdikləri Məlkum bütünə ibadət etməyə başladı. Allah-Taala onun bu xoşagəlməz işindən qəzəblənib deyir: İxtiyarında olan bu padşahlıq və səltənəti səndən geri alıb kölələrindən birinə verəcəyəm». (Padşahlar - birinci kitab, 11-ci fəsil) Yenə Tövratda deyilir: «Süleyman peyğəmbər Səydanilər pərəstiş etdikləri Əşturət, Muabilərin pərəstiş etdikləri Kəmuş və Əmunilərin pərəstiş etdikləri Məlkum bütləri üçün böyük və gözəl bütxanalar düzəltdirmişdir. Yuşanın padşahı bütxanaları nəcislə murdarlayıb bütləri sındırır». (Padşahlar - ikinci kitab, 23-cü fəsil) Müəllif: Əqli yolla peyğəmbərlərin məsum və günahsız olduqları sübuta yetsə də, bir anlıq onların mə`sum olmadıqlarını fərz edək. Bəs, bəşəriyyəti təkallahlığa dəvət edən ilahi peyğəmbərin bütlər üçün ibadətgah tikməsini necə, qəbul etmək olarmı? Bu haqda yekun nəticəyə gəlməyi əql və düşüncə sahiblərinin öz üzərinə qoyuruq!! 8. Huşənin kitabında deyilir: «Allahın Huşəyə etdiyi ilk xitab bu olmuşdur: Get özün üçün zinakar qadın və zinazadə övladlar seç. Çünki, yaşadığın dünya Onun tərəfindən yaradılmışdır. Huşə, Bəyimin qızı Göhər ilə zina etdi və ondan iki oğlu və bir qızı oldu». Yenə də həmin kitabda deyilir: «Allah Bəni-israili sevdiyi kimi, sən də ərli və zinakar qadını sev». Öz insafınızla qəzavət edin, Allah bəşəriyyətə nümunə olaraq göndərmiş olduğu bir şəxsi zinakarlığa vadar edə bilərmi? Yazıçının təklif etdiyi mətləbin qəbahətini dərk etməməsinə təəccüb etməmək olar. Lakin insanda təəccüb doğuran ziyalı təbəqələrin tövrata səmavi kitab olaraq iman gətirmələri və bir çox hallarda mötəbər mənbə kimi ona istinad etmələridir!! Bəli! Təqlid dəyişilməz bir adətdir. İnsanın kor-koranə təqliddən yaxa qurtarması və özünü bütün asılılıq və tabeçilikdən azad etməsi olduqca çətin məsələdir. 9. İncildə deyilir: «Günlərin bir günündə Məsih camaata nəsihətamiz xütbə oxuyurdu. Anası və qardaşları isə onu eşikdə gözləyirdilər. Orada olanlardan biri həzrət Məsihə müraciət edərək deyir: Anan və qardaşların səni eşikdə gözləyirlər. Onların sənə sözləri vardır. Məsih dedi: Anam kimdir, qardaşım kimdir? Sonra əli ilə şagirdlərinə işarə edərək dedi: Bunlar mənim anam və qardaşlarımdır. Mənim həqiqi anam və qardaşlarım o kəslərdir ki, göylərdə deyilənlərə qulaq asmış və ona iman gətirmiş olsunlar». (Huşənin kitabı, 3-cü fəsil) Əziz oxucular! Bir anlıq sözlərdəki səxavətə diqqət yetirin, görün şagirdlərini hamıdan üstün tutan Məsih, doğma anasını özündən uzaqlaşdıraraq onun müqəddəsliyinə xələl gətirəcək ifadələr işlədir. Bir halda ki, o özü başqa bir yerdə şagirdləri haqda bu sözləri demişdir. «Onlar hələ də iman gətirməmişlər». (Markos 4-cü fəsil) «Onların qəlblərində xaş-xaş dənəsi qədər də iman yoxdur». (Mətta 17-ci fəsil) Mətta, kitabının 26-cı fəslində həzrət Məsih (ə)-ın şagirdləri haqda bu sözləri deyir: «Yəhudilər Məsihə həmlə edəcəkləri gün şagirdlərindən onu qorumalarını istəmişdi. Amma onlardan heç biri Məsih (ə)-ın dediklərinə qulaq asmayır. Məsih (ə), yəhudilərin əlinə düşdüyü zaman onu tərk edən ilk şəxslər məhz şagirdləri oldu». Bu, Məsih (ə)-ın şagirdləri haqda İncildə nəql olunmuş nümunələrdən biri idi. 10. Yuhənnanın İncilində deyilir: «Günlərin bir günündə Məsih toy məclisində iştirak edir. Orada şərab qurtardıqda möcüzə yolu ilə altı kuzə şərab düzəldir». Mətta, Məsih (ə)-ın şərab içməsi haqda yazır: «Məsih bəzən şərab içməkdə həddi aşardı». Əstəğfirullah! Allaha pənah aparırıq müqəddəs peyğəmbərlərə vurulan böhtan və iftiralardan. O ki, qaldı şərabın haramlığına, istər tövratda, istərsə də incildə şərabın haram olması haqda kifayət qədər ayə və fəsillər vardır. Belə ki, tövratda Allah-Taala Haruna etdiyi xitabələrin birində buyurur: «İctimaiyyət içinə daxil olduqdan sonra ömrünüzün son gününədək şərab için». Qəribədir, görəsən tövratda və incildə şərabın haramlığı haqda kifayət qədər dəlil və sübutlar olduğu bir halda, həzrət Məsihi şərabxorluqda günahlandırmaq hansı məqsəd daşıyır? NƏTİCƏ «Əhdeyn»dəki xurafatlarla az da olsa tanış oldunuz. Göründüyü kimi peyğəmbərlərə və Allaha yaxılan iftiralar əql və məntiqlə tam ziddiyyət təşkil edir. Biz bütün nümunələri siz əziz oxucuların ixtiyarına qoyuruq. Diqqətlə mütaliə etdikdən sonra, vicdan və ədalətlə yetgin nəticəyə gəlib hökm çıxarın. Deyin görək həzrət Məhəmmədin (s) bəşəriyyət üçün əbədi olaraq gətirdiyi hikmətlə dolu və heç bir nöqsana yol verilməyən Quran, xurafat əsasında yazılan tövrat və incildən götürülə bilərdimi? Digər tərəfdən, bütün xurafat, yalan və iftiraları nəzərə alaraq, Əhdeyni həqiqi səmavi kitab və ilahi vəhy adlandırmaq olarmı? Ayətullah Hacı Seyid Əbülqasim Xoyi Oxşar xəbərlər
|