DÜNYA VƏ AXİRƏTİN ƏN ÜSTÜN ƏXLAQI
Mьəllif: admin1
Tarix: 9-01-2018, 22:23
DÜNYA VƏ AXİRƏTİN ƏN ÜSTÜN ƏXLAQI

Başqalarına güzəşt etmək və xətalarını görməməzliyə vurmaq - gözəl əxlaq nümunəsi və iman əhlinin ən üstün xüsusiyyətlərindəndir. Quran buyurur: “Əgər əfv etsəniz, (qüsurlarından) keçsəniz və (onları) bağışlasanız, şübhəsiz ki, Allah da çox bağışlayan və çox mehribandır”. (“Təğabun”, 14).

Əmirəl-möminin (ə) buyurur: “Mömin insan özünə zülm edənə güzəşt etməlidir”.

O Həzrət (ə) iman əhlini belə təsvir etmişdir: “Möminin güzəşti kininə qələbə çalar”.

Başqa yerdə o Həzrət (ə) buyurur: “Mömin kinin yerinə güzəşt edər”.

Qurani-Kərimdə güzəşt və bağışlanma əməli saleh insanların xüsusiyyətlərindən hesab edilmişdir. Sübhan Allah buyurur: “Təqvalılar (həm) bolluqda, (həm də) qıtlıqda infaq edən, acıqlarını udan və insanların (qüsurlarını) əfv edən kimsələrdirlər. Allah yaxşılıq edənləri dost tutar”. (“Ali-İmran” 134).

Əfv və güzəştin əhəmiyyəti o qədər böyükdür ki, Allahın ən gözəl sifətləri olduğunu söyləsək, kifayət edər.

İmam Səccad da (ə) ibadət zamanı Allahı bu sifəti ilə yada salardı və deyərdi: “Bu Sənsən ki, müqəddəs və ali adını bağışlayan qoymusan. Onda məni də bağışla”.

Həzrət Rəsulullahdan (s) nəql edilən hədislərdə bağışlamaq - dünya və axirətin ən gözəl əxlaqi sifəti adlandırılmışdır.

O Həzrət (s) buyurmuşdur: “Sizi dünya və axirətin ən gözəl əxlaqi sifəti ilə agah edimmi? Səninlə əlaqəni kəsənlə rabitə yaratmaq, səni məhrum edənə ehsan vermək, sənə zülm edənə güzəşt etməkdir”.

Başqa bir hədisdə Həzrət (s) buyurur: “Əfv və güzəşti öz yanaşmanız qərar verin. Çünki bağışlamaq və güzəşt etmək - insanın izzətini artırar. Ona görə bir-birinizə güzəşt edin ki, Allah sizi əziz tutsun”.

Rəsullah (s) buyurur: “Həzrət Musa (ə) Allaha buyurur: “Allahım, Sənin hansı bəndələrin yanında daha əzizdirlər?”.

Allah-Təala buyurur: “O kəs ki, qüdrəti olan zaman əfv və güzəşt etsin””.

Həzrət Peyğəmbərin (s) əxlaqı haqda deyirlər: ”Peyğəmbərə əziyyət verən Əbu Süfyan və Abdullah ibni Uməyyə Məkkənin fəthi zamanı peşman olduqlarını bildirmişdilər.

Əmirəl-möminin (ə) onlara demişdi: “Gedin, Peyğəmbərin (s) qarşısında əyləşin və Həzrət Yusifin qardaşlarının Həzrət Yusifdən üzrxahlıq etmək istədikləri sözləri dilə gətirin. Peyğəmbər (s) sizi bağışlayacaqdır”.

Onlar Peyğəmbərin (s) xidmətinə gəldilər və dedilər: “And olsun Allaha! Həqiqətən, Allah səni bizdən üstün tutmuşdur. Biz isə (sənin barəndə), sözsüz ki, təqsirkar idik”. (“Yusif”, 91).

Sonra Peyğəmbərdən (s) əfv istəyirlər. Həzrət (s) də bu ayəni tilavət etdi: “Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar və O ərhəmər-rahimindir”. (“Yusif”, 92).

Həzrət Əli (ə) buyurur: “O zaman ki, düşmənə qələbə çaldın, əfv və güzəti bu qələbənin şükrü qərar ver”.

Belə nəql edirlər ki, Abbasi xəlifələrinin qohumlarından biri həmişə İmam Kazımı (ə) görəndə ona nalayiq sözlər deyərdi. Bir gün İmam Kazımın (ə) dostları o Həzrətə deyirlər: “İcazə verin, biz onu öldürək.”

İmam Kazım (ə) onları bu işdən çəkindirir. O Həzrət (ə) həmin kişini axtarır və ona deyirlər ki, filan tarlada əkinçidir. O, atına minərək, ona tərəf gedir və o kişinin tarlasına daxil olur.

Kişi qışqırır: “Mənim əkinimi əzmə”.

Həzrət (ə) atın üstündə ona tərəf gedir, ona çatanda atdan düşür. Gülər üzlə ona deyir: “Bu əkinə nə qədər xərc çəkmisən?”.

O, cavab verir: “100 dinar”.

İmam (ə) buyurur: “Bu tarladan nə qədər məhsul toplamağı ümid edirsən?”.

Deyir: “200 dinar”.

Həzrət (ə) içində 300 dinar olan kisəni ona verir və deyir: “Bunu götür və əkinin də özünə qalsın. Allahdan ümid etdiyin qədər sənə çatacaqdır”.

O kişi İmam Kazımın (ə) əxlaqının əzəmətinə heyran qalır və durub, o Həzrətin başını (ə) öpür və deyir: “Məni bağışla və axmaqlıqlarımı əfv et”.

İmam Kazım (ə) evə qayıdanda dostlarına deyir: “Bu yollardan hansı daha yaxşı idi: sizin istədiyiniz şey, yoxsa mənim etdiyim hərəkət?!”.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930