Həzrət Zəhranı (s.ə) sevən üçün Allah cəhənnəm odunu haram etmişdir
Mьəllif: admin1
Tarix: 26-12-2022, 10:29
Həzrət Zəhranı (s.ə) sevən üçün Allah cəhənnəm odunu haram etmişdir

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Salman! Həqiqətən, Allah Təala qızım Fatimənin (s.ə) ürəyini və bədən üzvlərini imanla doldurmuşdur”.

Həzrət Zəhranın (s.ə) nurani xilqəti o qədər əziz Peyğəmbəri (s) heyrətləndirirdi ki, eşidənlər onu mələk zənn edirdilər. Hətta ona belə sual verirdilər ki, ya Rəsul (s), bəs o, insan deyildir?

Bu zaman Həzrət (s) belə cavab verərdi: “Fatimə (s.ə) - huri libasında olan insandır. O, yer və göyün xilqətindən əvvəl İlahi nurdan yaranmışdır. Merac gecəsində onun nuru mənə qoyuldu”. Elə ona görədir ki, Həzrət Fatimənin (s.ə) ətri barədə buyururdu: “Mən ondan behiştin iyini alıram”.

Xanımın (s.ə) bütün varlığı iman ruhu ilə yoğrulmuşdu. Onun imanı təkcə etiqadi və ürək imanı deyildi, xanımın imanı - əməli iman idi. Bunun təsirini həyatının hər anında müşahidə etmək olar.

Həzrət Peyğəmbər (s) Salmanı Xanımın (s.ə) yanına göndərir və Salman nəql edir ki, mən qapının ağzında dayanıb salam verdim. Eşitdim ki, Fatimə (s.ə) evin içində Quran oxumaqla məşğuldur.

Evdə olan əl dəyirmanı da öz-özünə fırlanırdı və yanında da heç kəs yox idi. Bu hadisəni Həzrətə (s) danışanda, gülümsəyib buyurdu: “Ey Salman! Həqiqətən, Allah qızım Fatimənin (s.ə) ürək və bədən üzvlərini imanla doldurmuşdur.

Allah Zuqabil adlı mələyi vəzifələndirmişdir ki, dəyirmanı fırlatsın. Allah Fatimənin (s.ə) dünya və axirət işlərini öhdəsinə götürmüşdür”.

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurur: “Həqiqətən, Həzrət Zəhranın (s.ə) bərəkətli varlığı imanın ən yüksək həddi olan yəqinə çatmışdır”.

Əmirəl-möminin (ə) buyurur: “İmanın sonu yəqindir. Yəqin elə bir şeydir ki, dünyada ondan yüksək olanı yoxdur”.

Asiya - Quranın nümunəvi qadınlarındandır. Allah layiqli bəndəsindən danışmaq istəyəndə, Fironun həyat yoldaşı Asiyanın adını çəkir. “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi:

«Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»”. (“Təhrim” 11).

Həzrət Fatimə (s.ə) – təkcə öz dövrünün nümunəvi və ən üstün xanımı deyildi. Həzrət Fatimə (s.ə) barədə isə Həzrət Rəsulallah (s) buyurur: “Bu məqam İmranın qızı Məryəmə (s.ə) aiddir. Ancaq mənim qızım Fatimeyi-Zəhra (s.ə) dünyanın birinci və sonuncu qadınlarının böyüyüdür”.

Məsum İmamların (ə) anası olmaq – böyük bir məqamdır. Şübhəsiz ki, bu məqama ancaq o kəs nail ola bilər ki, dünya və axirət şərindən uzaq olsun. Bütün varlığı İlahi nurla dolmuş olsun.

İlahi sirlər Xanımın (s.ə) mübarək varlığında gizlənmişdir. Onu Məsumlar (ə) kimi heç kəs dərk edə bilməz. O kəslər ki, İlahi ubudiyyət yoluna qədəm basıblar, İlahi sirlərin məhrəminə çevrilərlər. Xanımı ona görə Fatimə (s.ə) adlandırıb ki, bəşər onun həqiqətini dərk etməkdə acizdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızımın adını ona görə Fatimə (s.ə) qoymuşam ki, Allah Təala onu və onu sevənləri cəhənnəm atəşinə haram etmişdir”.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031