İnsan niyə bildiklərinə əməl etmir?
İnsan niyə bəzən bir şeyi bilir, ancaq ona əməl etmir? Ola bilsin ki, bunun mühüm səbəbi - insanın bildiklərinə diqqət etməməsi və əhəmiyyət verməməsidir. Bəzən bizim bildiklərimiz diqqət mərkəzində olur və zehnimizin bir hissəsində canlı və ayıq vəziyyətdə durar. Bəzən də qəflətə düşər və unudarıq. Ancaq onun haqqında sual verən zaman cavab veririk, lakin gündəlik həyatımızı elə yaşayırıq ki, sanki onlardan xəbərsizik. İslam dini bundan çıxış yolunu təfəkkür etməkdə görür. Təfəkkür üçün isə mövzu seçmək istəyiriksə gərək Quranın və Əhli-beytin (ə) tövsiyə etdiyi ayələrə diqqət edək. Məsumlar (ə) bizi təfəkkür etməyə həvəsləndirdikləri kimi, bunun üçün bizə mövzuları da aşkar etmişdilər. Quran ayələri haqqında təfəkkür etməyin çox böyük əhəmiyyəti vardır. Çünki Allah yersiz yerə bu işə dəvət etməzdi. Ayətullahul-üzma Ağa Behcət buyurur: “Bəzi insanlar ali məqamlara çatmaq üçün elə mövzular axtarırlar ki, nə Allah onu demişdir, nə Peyğəmbər (s) və nə də heç bir alim. Sirr olmalıdır ki, heç kəs bilməsin. Çox az insan ondan xəbərdar olsun. O da bu mövzunu bilərək və əməl edərək Allaha yaxın olsun. Məgər bu ola bilərmi ki, hər kəsdən mehriban olan Allah ki, bizim kamal və səadətimizi istəyir, bizi təkamülə çatdıra biləcək mövzuları gizli saxlasın?! Əksinə, demək lazımdır ki, Quran hər nəyi daha çox vurğulamışdır, bizim kamala çatmağımızda daha təsirlidir. Allah Quranı nazil edib ki, bizi kamala çatdırsın. Ona görə də bu yolda o şey ki, daha çox əhəmiyyətlidir, Quran onu vurğulamışdır”. Ona görə də Quran ayələri haqqında təfəkkür etmək - mühüm mövzulardandır. İndiki əgər Allaha yaxınlaşmağın yolunu itaət və bəndəlikdə bilirik, ona görə də bizi Allaha yaxınlaşdıra bilən əməllər haqqında daha çox təfəkkür etmək çox faydalı olar. Qurana müraciət edən zaman görürük ki, Allah Təala fenomenlərin çoxunu İlahi ayələr kimi tanıtmış və onun haqqında təfəkkür etməyə dəvət etmişdir. “Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır”. (“Rəd” 3). “Həqiqətən dünya həyatı göydən (qar və yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik”. (“Yunus” 24). Əgər gecə qalxıb qəlbinizi canlandırmaq istəsəniz, bu ayəni tilavət edin: “Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru». (“Ali-İmran” 190-191). Bu ayəni tilavət edib, onun haqqında təfəkkür etməyi Məsumlar (ə) çox tövsiyə etmişdilər. Beləliklə, əgər Quran ayələri haqqında təfəkkür etsək, bu nəticəyə gəlib çatarıq ki, varlıq aləminin bir hədəfi vardır və bizim yaradılışımız da bu hədəfin bir parçasıdır. Biz də yersiz yerə xəlq olunmamışıq. Bu cür deyildir ki, hər kəs istədiyi kimi yaşasın. Heç bir hesab-kitabı olmasın. Bu təfəkkür insanın əxlaqına və rəftarına təsir edər və bu cür təfəkkür səbəb olar ki, insan etdiyi hər bir əməlinə diqqət etsin və nəzarət etsin. Nəfsi istədiyi işləri görməsin. /Deyerler.org/ Oxşar xəbərlər
|