Yaxşı rəftar et ki, yaxşılıq özünə qayıtsın
Bu dünyanın qanunlarından biridir ki, hər nə etsən əksul-əməl göstərər. Ola bilsin ki, bu dünyada onu hiss etməyək, ancaq o biri dünyada hər bir kiçik və böyük əməllərimizin nəticəsini görəcəyik. “De: Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir”. (“İsra” 84). Bu, bir sünnətdir ki, yaxşılıqlar və pisliklər insanın özünə qayıdar. İnsanın vurduğu hər bir zərbə özünə dəyir. Başqalarına etdiyi hər bir xidmət isə əslində özünə xidmətdir. “Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız”. (“Bəqərə” 141). İnsan, gördüyü hər bir əməlin nəticəsinə şahid olar və yaxşı əməlin nəticəsi yaxşı mükafatdır. Pis əməlin nəticəsi isə əzabdır. İnsanlara bu dünyada nəsib olan bəzi müsibətlərin də səbəbi - elə həmin pis əməllərin mükafatıdır ki, onlara çatmışdır. Çətinlikərin və müsibətlərin müxtəlif fəlsəfəsi vardır: 1. İnsanın batini və xarici istedadlarının çiçəklənməsi. 2. Gələcəyinə dair xəbərdarlıq. 3. İmtahan olar. 4. Qəflət yuxusundan ayıldar. 5. Günahların cəzası. 6. İnsanın həyatdakı səhlənkarlığının səmərəsi. Beləliklə deyə bilərik ki, yaxşı əməl sahibi yaxşı mükafat alar, pis əməl sahibi isə cəza. “Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 8). Əməl insandan ayrılmaz və ondan başqasına çatmaz. İmam Əli (ə) buyurur: “Sən heç kimə ehsan etmirsən və heç kimə pislik də etmirsən” və sonra bu ayəni tilavət edir: “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik)”. (“İsra” 7). Quran ayələrinin bir çoxu insan əməlinin özünə qayıtdığını sübut edir və buyurur: 1. Əgər başqalarının sizi bağışlamasını istəyirsinizsə siz də başqalarını bağışlayın. “Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır”. (“Nur” 22). 2. Əgər sizin yetimlərə rəhm edilməsini istəyirsinizsə, siz də başqalarının yetimlərinə rəhm edin. “Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər)”. (“Nisa” 9). 3. Başqalarına yer verin ki, Allah da sizə yer versin. “Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin”. (“Mücadilə” 11). 4. Əhdinizə vəfa edin ki, Allah da Öz əhdinə vəfa etsin. “Sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!”. (“Bəqərə” 40). 5. Allaha yardım edin ki, O, da sizə etsin. “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd (s)” 7). 6. O kəs ki, başqalarını yolundan çıxartmaq istəyir, özünü yoldan çıxardar. “Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar”. (“Ali-İmran” 69). 7. Münafiqlər ancaq özlərini aldadır. “Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər”. (“Bəqərə” 9). 8. Evə daxil olan zaman özünüzə salam verin. “Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin”. (“Nur” 61). İmam Əli (ə) buyurur: “Yaxşı de (yaxşı rəftar et) ki, yaxşılıqla yada salınasan”. Allah Təala bizləri özünə yaxşılıq edənlərdən qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|