Niyə imtahan olunuruq?
Mьəllif: admin1
Tarix: 1-01-2019, 10:12
Niyə imtahan olunuruq?
İnsanın imtahana çəkilməsi istisna qəbul etməyən İlahi qaydadır. Allah Təala bütün zamanlarda bütün insanları imtahana çəkərdi.

Bu imtahandan peyğəmbərlər (ə) və İlahi övliyalar da istisna deyildir. Onların imtahanı daha çətindir. Çünki o kəslər ki, Allaha daha yaxındırlar, onları ən çətin imtahanlara çəkər.

Quran ayələrindən və hədislərdən görmək olur ki, Allah insanı bir neçə səbəbə görə imtahana çəkər.

1. İnsanın təkamülə çatması üçün və onun gizli qabiliyyətlərinin üzə çıxması üçün Allah bəndəsini imtahana çəkir. Necə ki, poladı daha möhkəm etmək üçün yanar kürəyə qoyarlar. Polad bu kürədə möhkəmlənər və daha müqavimətli olar.

İnsanın imtahana çəkilməsi onun təkamülü və nəfsinin islahı üçündür. Çətinliklər ruhu gücləndirər. Əgər əziyyətlər olmasaydı, bəşər məhv olardı.

Allah buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).” (“Bələd” 4).

İnsan gərək çətinliklərə dözməyi öyrənsin ki, özünün layiqli varlığına qovuşa bilsin, mənliyinə qovuşa bilsin. Çətinliklər təkamülün şallağı kimidir.

İmam Əli (ə) Bəsrənin hakiminə yazdığı məktubda buyurur: “Naz və nemətdə yaşamaq, çətinliklərdən qaçmaq gücsüzlüyə səbəb olar. Çətin şəraitdə keçən həyat insanı güclü edər. Varlıq cəvahirini güclü edər. Səhra ağacının çubuqları daha sərt olur, yaşıl bağların çubuqları isə daha nazik. Səhra bitkilərinin atəş şölələri daha davamlı və alovlu olar”.

Allah buyurur: “Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir”. (“Ali-İmran” 154).

2. Yaxşı əməl sahibini pisdən ayırmaq üçün insanlar imtahana çəkilər. Allah bu imtahanı ilə möminləri münafiqlərdən və pakları napaklardan ayırır. “Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir”. (“Ali-İmran” 179).

“Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur”. (“Hud” 7).

3. Qəlbləri pak etmək üçün Allah möminləri imtahana çəkər. Havayi-nəfsin qabarlarını qəlbindən silmək üçün. O, buyurur: “Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir”. (“Ali-İmran” 154).

Nalayiq rəftarlar insan ruhuna təsir qoyar. Pak fitrətini çirkləndirər. Quran bu haqda buyurur: “Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır”. (“Mütəffifin” 14).

Allah bu çətinliklərlə insan ruhuna mənfi təsir qoymuş amilləri dəf edir və təmizləyir. Allah bəndəsini sevir və onun napaklardan təmizlnəməsi üçün onu çətinliklər dənizinə salır.

İmam Kazım (ə) buyurur: “Allah xoşluqda mehribanlıq nemətini, çətinlikdə pak olmaq nemətini bağışlayar”.

4. Quran dünya çətinliklərini keçmiş ümmətin tənbehi hesab edir. Belə ki, buyurur: “Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər”. (“Əraf” 130).

5. İmam Rza (ə) buyurur: “Xəstəlik mömin üçün rəhmət mənbəyidir. Kafir üçün əzabdır”.

Ona görə də deyə bilərik ki, İlahi imtahanlar biz insanların əqidəsini, iradəsini, təqvasını möhkəmləndirmək üçün gələr. Möminlər üçün şirin, kafirlər üçün isə açı olar.

Əgər bu həyat məktəbində polad kimi möhkəm və davamlı olmaq istəyiriksə, bu imtahanlardan başı uca və alnı açıq çıxmalıyıq. Əks halda təkamülə çata bilmərik.

Allah Təala bizləri imtahanlardan şərəflə çıxanlardan qərar versin.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930