Qiyamət günü nələr üzümüzü ağardacaq və nələr qaraldacaqdır?
Qiyamət günü üzün ağ və ya qara olması – həqiqətdə dünyada olan halının təcəssüm etməsidir. O kəslər ki, dünyada olan zaman Allahın vilayətini qəbul ediblər, Allah onları zülmətdən nura tərəf aparar. Həmin günü nurani simada zahir olarlar. Lakin o kəslər ki, şeytanın (lən) vilayətini qəbul ediblər, şeytan onları nurdan zülmətə tərəf qovar və ona görə də Qiyamət günü üzü qara halda zühur edərlər.
"Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!». Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar”. ("Ali-imran” 106-107). Bu ayələr onu göstərir ki, nifaq, cahiliyyət, küfr üzləri qara, İslam dini isə üzləri ağ edər. Ona görə də Qiyamət günü bəzi üzlər ağ və bəziləri isə qara olacaqdır. Üzü qara olanlara deyilər ki, niyə iman gətirəndən sonra küfr yolunu tutmusunuz? Lakin üzü ağ olan möminlər isə İlahi rəhmətə şamil olar və cavidan nemətlərə qərq olarlar. Bu dünyada etdiyimiz hər bir əməl və iş o biri dünyada təcəssüm edəcəkdir. Yəni, insan bu dünyada hər nə edirsə, ruhunda geniş izlər qoyar. Bu dünyada ola bilsin ki, asanlıqla dərk olmasın, lakin Qiyamət günü öz həqiqi simasında təcəlli edəcəkdir. Necə ki, iman və ittihad bu dünyada insanın üzünü ağ edər, o biri dünyada da ağ edər. Əksinə necə ki, nifaq və imansızlıq insanın üzünü bu dünyada qara edər, insanların gözündən salar, o biri dünyada da üzünü qara edər. Bu ayənin buyurduğu kimi: "Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını)zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar”. ("Yunus” 27). O kəslər ki, Allaha yalan qoşurlar, bu kəslərdəndirlər. "Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!”. ("Zumər” 60). Beləliklə deyə bilərik ki, Qiyamət günü o kəslərin ki, Allaha imanları vardır, üzləri ağ olacaqdır. O kəslər ki, dünyada ancaq şeytanın (lən) qulu olub, imandan sonra küfrə düçar olublar, onların üzü qara olacaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|