Siddiqlər kimdir? Siddiqləri necə tanımaq olar?
"Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər”. ("Hədid” 19). Siddiq o kəsdir ki, başdan-ayağa düzlük içindədir. Əməli dediklərini təsdiq edər.Rağib siddiq sözünü belə açıqlayır: "O, elə bir insandır ki, yalan danışmaz. Davamlı olaraq haqq sözünü təsdiq edər, sadiq olmağa adət etmişdir”. Siddiq elə insandır ki, dedikləri ilə əməli bir-birinə uyğun olar, bir-birini tamamlayar. Yalan onun həyatına yol tapmaz. Haqq olduğunu bilmədiyi işləri görməz. Düz olduğunu bilmədiyi sözləri deməz. O, elə bir insandır ki, əşyaların həqiqətini görər, haqqı deyər və haqqı yerinə yetirər. "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. ("Nisa” 69). Fəxri Razi deyir: "Siddiq o kəslərin sifətidir ki, kəsirul-siddiqdir. Yəni, Allaha və Rəsuluna (s) imanla yanaşı, başqa işlərdə də siddiqdir”. Yuxarıdakı ayədən belə nəticə çıxartmaq olar ki, siddiq o kəsdir ki, Allaha və Peyğəmbərə (s) itaət edər. Bu itaət vacib bir itaətdir. İkincisi o insanlar ki, Allaha və Peyğəmbərə (s) itaət edər, peyğəmbərlərə, şəhidlərə, əməllərə şahid olanlara və doğruçulara qoşularlar, onların özlərindən deyildirlər. Adı çəkilən nemət isə vilayət nemətidir. Təfsirçiləri nəzərinə görə, siddiq insanların bir neçə sifətləri vardır: 1. O kəs ki, dinin hamısını təsdiq edər və onda şəkkə yol olmaz – o, siddiqdir. 2. Siddiqlər - Peyğəmbərin (s) ən fəzilətli səhabələridirlər. 3. Siddiq o kəsin adıdır ki, Peyğəmbəri (s) təsdiq edəndə qabaqcıl olmuşdu. 4. Siddiq o kəsdir ki, davamlı olaraq düz danışar və düzgün rəftar edər. Təfsirçilərin nəzərinə görə, Quranda adı çəkilən siddiq – İmam Əlidir (ə). Təfsirçilər bu iddianı isbat etmək üçün bir neçə hədis nəql edirlər. İbni Abbas nəql edir ki, bu ayədəki nəbi – Həzrət Peyğəmbər (s), siddiq isə İmam Əlidir (ə). O, Peyğəmbəri (s) təsdiq edən ilk insan olmuşdur. Şəhidlər dedikdə məqsəd - Əli (ə), Cəfər, Həmzə, Həsən (ə) və Hüseyndir (ə). İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Hər ümmət üçün siddiq və faruq vardır. Bu ümmət üçün Əli (ə) – siddiq və faruqdur”. Mömin insanlarda şəhidlərin əcri vardır. Onlar da şəhid hesab edilir. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Allahdan istə ki, şəhadəti mənim ruzim etsin”. İmam (ə) buyurur: "Mömin - şəhiddir”. Sonra da həmin ayəni tilavət edir. Beləliklə deyə bilərik ki, mömin o kəsdir ki, həm şəhid sayılar, həm də siddiq. Yuxarıdakı iki ayədə adı çəkilən siddiq - İmam Əlidir (ə). /Deyerler.org/ Oxşar xəbərlər
|