Təvəssülün haqq olması barədə Qurani-Kərimdən dəlillər
Mьəllif: admin1
Tarix: 16-03-2022, 23:50
Təvəssülün haqq olması barədə Qurani-Kərimdən dəlillər

Dünya müsəlmanlarının ən aktual məsələlərindən biri də təvəssül məsələsidir. Təvəssül sözü ərəb dilindəki “vəsilə” sözündən götürülmüşdür. “Vəsilə” sözü bir şeyi vasitə qərar verməklə hədəfə yetişmək deməkdir.

Allahın razılığını qazanmaq istəyən hər bir insan saleh əməlləri vasitə edərək onun dərgahına yaxınlaşır. Allaha yaxınlaşmaq üçün Allahn gözəl adlarını çağırır, Kəbəni ziyarət edir, namaz qılır, oruc tutur və bunların hamısı - Allaha yaxınlaşmaq üçün vasitələrdir. Qurani-Kərimdə vəsilə ilə bağlı ayələr kifayət qədərdir. “Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!” – deyə dua etdilər” (“Bəqərə” 127).

“İbrahim və İsmail dedilər: “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”” (“Bəqərə”, 128).

Bu ayədə İbrahim və İsmail Allaha vəsilə olaraq Kəbə evinin təmir olmasını təqdim etdilər və bir neçə şey istədilər, o cümlədən, nəsillərindən olan insanlarının Allaha təslim olmasını və tövbənin qəbulunu dilədilər . Buradan da belə nəticə çıxır ki, saleh əməllə duanın bağlılığı var.

İnsanın Allaha bəzən birbaşa dua və namazla, bəzən də Allahın Peyğəmbəri və saleh insanlar vasitəsi ilə yaxınlaşması mümkündür. Bununla da Allah Təala saleh insanların əzəmətini göstərir. “Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm” (“Ali-İmran”, 49).

Həzrət Yəqubun (ə) övladları günah işlədikləri zaman atalarının yanına gəlirlər və atalarını Allahla aralarında vasitə qərar verirlər, çünki atalarının Allah yanında necə böyük məqam sahibi oldugunu bilirdilər “(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər” (“Yusif”, 97). Yəqub peyğəmbər (ə) də onları geri qaytarmır, dua edəcəyini deyir. Quranın bu hadisəyə işarəsi bir daha göstərir ki peyğəmbərlər – Allahın saleh dostları insanla Allah arasında vasitə ola bilər. “(Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”” (Yusif”, 98).

Ayə göstərir ki, Allahın rəhməti bəzən birbaşa, bəzən peyğəmbərlərin (ə) və şərəfli insanların vasitəsi ilə nazil olur. “Allahla insan arasında heç zaman bir vasitə qərar vermək olmaz” məntiqi bu ayə ilə puç olur.

Həmçinin Peyğəmbərimizin (s) əzəməti, kəraməti Quranda dəfələrlə qeyd edilir. Digər bir ayədə Allah münafiqlərə xitab edərək, Həzrət Peyğəmbərin (s) əzəmətini göstərir, eyni zamanda Peyğəmbəri (s) vəsilə etmələrini istəyir. “Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” – deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən” (“Munafiqun”, 5).

Digər ayədə buyurulur: “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (“Nisa”, 64). Ayədə açıq görürük ki, öncə Tövhid, sonra vəsilə, sonda yenə Tövhid gəlir. Vəsilə özlüyündə müstəqil deyil, əvvəldə də, sonda da Tövhidə bağlanır.

Sual çıxır ki, peyğəmbərlər, salehlər şəhid olandan sonra onları vastiə qərar vermək olarmı? Və yaxud peyğəmbərlər, şərəfli insanların əşyalarını təbərrük etmək Tövhidə ziddir, ya yox? Qurani-Kərimin mübarək ayələrinə müraciət etdikdə, bir çox dəlillərlə rastlaşırıq.

1) Bildiyimiz kimi, Yəqub peyğəmbərin (ə) gözləri Həzrət Yusifin (ə) həsrətindən kor olmuşdu, Yusifin köynəyini gözünə sürtdükdə gözləri gördü, halbuki köynək nə diridir, nə ölü - adi parçadır və bununla Allah Təala Yusif peyğəmbərin (ə) əzəmətini göstərir və köynəyi vəsilə etdi. Təbii ki, burada qətiyyən şirk yoxdur. “Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!” (“Yusif”, 93”).

2) Digər ayədə Həzrət Peyğəmbərin (s) insanları hər zaman eşitdiyi bildirilir. Peyğəmbər eşitməsə, əlbəttə, ona salam da göndərmək məntiqsiz olardı. “Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib), layiqincə salamlayın!” (“Əhzab”, 56).

3) “Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”” (“Zuxruf”, 45). Bu ayə vəfat etmiş peyğəmbərlərin eşidə bildiyinə işarə edir. Əks təqdirdə eşitməyən insanlardan nəsə soruşmaq olmazdı.

4) Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (“Ali Imran”, 169)

5) Quran bizə Saleh peyğəmbərin qövmünün həlak olmasını anladır. Onlar dəvənin ayaqlarını kəsirlər və Allahın bəlası nazil olur. Qövm həlak olandan sonra Peyğəmbər onlarla danışır “Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!” (“Əraf 78-79)

Qurani-Kərimdə açıq-aydın göstərilir ki, keçmiş xalqlar öz peyğəmbərlərinin (s) tarixi əsərlərini qoruyub saxlamışlar. Hətta o abidələri təbərrük və vasitə edirdilər. Musa və Harundan böyük irs qalmış əşyaları bir sandığa yığaraq, ona sığınmaqla düşmən üzərində qələbə çalmaq üçün özləri ilə döyüşlərdə gəzdirmələrini buna misal vermək olar. “(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır” (“Bəqərə”, 248).

Gördüyümüz kimi, Qurani-Kərimdə təvəssülün haqq olmasına dair çoxsaylı dəlillər vardır.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930