Həqiqət axtarışı insanın vicdanını və qəlbini rahat edər, günah ardınca olmaq isə insana narahatlıq və depressiya gətirər
Quranın nəzərinə görə qəlb - tanımaq üçün bir vasitədir. Xüsusilə də Quran ayələrini tanımaq və eşitmək üçün. Çünki Quran ayələrini qəlb qulağı kimi heç bir üzv eşitməyə qadir deyildir. Quranda nəfsin tərbiyə edilməsi, ürəyin saflaşdırılması kimi mövzulara işarə edilir. “Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 9). “Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır”. (“Mutəffifin” 14). “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək)yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69). Quran buyurur ki, günah və xoşagəlməz işlər insanın ürəyini qaraldar və kin, küdurət üçün yer açar. “(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»”. (“Ali-İmran” 8). “Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (İlahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz”. (“Səff” 5). “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7). “Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur”. (“Əraf” 101). Bütün bu ayələrdən belə nəticə çıxartmaq olar ki, Allah insana mənəvi ruha malik olan bir ürək vermişdir və insanın vəzifəsi budur ki, bu ürəyi pak və saf saxlasın. Çünki əgər pak olmazsa, həmin insanın əməlləri pak olmaz. Qurani-Kərim insan cəmiyyətinin ruhunun da pak olmasına xüsusi əhəmiyyət verir və buyurur: “Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır”. (“Maidə” 2). Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, suallarım vardır. Həzrət (s) buyurur: “Cavabını eşitmək istəyirsən, yoxsa sual verməyə meylin var?”. Deyir ki, siz cavabını buyurun. Həzrət (s) buyurdu: “Gəlmisən ki, mənə yaxşılıqla pisliyin mənasından sual verəsən”. Deyir ki, bəli, mənim sualım bu idi. Həzrət Peyğəmbər (s) üç barmağını birləşdirir və kişinin sinəsinə yavaşca toxundurur. Buyurur: “Bu fətvanı ürəyindən soruş”. Sonra buyurur: “İnsanın bu ürəyi elə yaradılmışdır ki, yaxşılıqlarla bağlılığı vardır. Yaxşı əməllərlə rahatlıq tapar. Lakin pisliklər onu narahat və qəmgin edər. İnsan ruhu nalayiq əməllər sayəsində narahat olar”. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər insan həqiqəti axtarsa və həqiqəti kəşf etmək üçün özünü xalis edərsə, bu zaman qəlbi heç bir zaman ona xəyanət etməz. Əksinə, onu düz yola hidayət edər. O zamana qədər ki, insan həqiqəti axtarar, haqq yoluna qədəm basar. Ona yetişən hər bir şey haqq və həqiqətdir. Əgər insan yolunu azarsa, səbəbi budur ki, xalis həqiqət axtarışında olmamışdır. Həzrət (s) həmin kişiyə buyurur ki, əgər həqiqəti axtarırsansa, bil ki, o şey ki, vicdanını və ürəyini rahatladır – o, həqiqətdir. Ancaq o şey ki, ürəyini narahat və qəmgin edir - bil ki, o, həqiqət və haqq deyildir, bəlkə günahdır. Ona görə də Quran buyurur ki, ürəyinizi saf saxlayın. Çünki əgər ürəyinizi pərdə örtərsə, həqiqəti görməkdən qafil olarsınız. /Deyerler.org/ Oxşar xəbərlər
|