Özümüzdən varlılara baxmayaq ki, hərislik qəlbimizə yol tapmasın
Bizim həyat hekayəmiz qaçmaqla keçir. Bütün ömrümüzü bada veririk ki, evimizi genişləndirək, mobil telefonumuz bahalı olsun, filan maşını alaq və sair.
Lakin bütün ömrümüzü bu şeylərə sərf etmək onu hədər vermək deməkdir. Zəngin yaşamaq heç də pis deyildir. Ancaq baxaq görək hansı qiymətə bu zənginlik əldə edilir. Ömür sərmayəmizi gərək bu boş şeylərə görə əldən verməyək. Həzrət Peyğəmbər (s) dəli insanın yanından keçir və soruşur: “Ona nə olmuşdur?”. Deyirlər ki, dəlidir. Buyurur: “Yox, o, zərər görübdür. Dəli o kəsdir ki, dünyanı axirətdən üstün bilmişdir”. Dinimiz bizə tövsiyə edir ki, maddi məsələlərdə özünüzdən aşağı səviyyədə olanlara nəzər salın. Çünki insan əgər maddi cəhətdən özündən aşağı səviyyədə olana nəzər salsa, heç bir zaman hərislik onda baş qaldırmaz. Əksinə, qənaət hissi inkişaf edər. Əgər insan maddi məsələlərdə özündən üstün olanlara nəzər salarsa, həyatda daha çox sərvət qazanmağa can atar. Allah Təbarəkə və Təala Quranda buyurur: “Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131). Bu ayənin altında İmam Baqirdən (ə) gələn bir hədis belə buyurur: “Çəkin o şeydən ki, nəzərlərin o kəsə dəysin ki, maddi cəhətdən səndən üstündür”. “Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88). Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, mənəvi cəhətdən İslam dininə yönləndirilmişdir. Maddi cəhətdən kifayət qədər ruzisi var və onunla qane olmuşdur”. Ona görə də deyə bilərik ki, bu fani dünyada həyatımızı maddi şeylər əldə etməyə sərf etməyək. Çünki yaradılışımızın hədəfi bu deyildir. Əgər əlimizdə olana qane olsaq, bizim üçün həm dünyada və həm də axirətdə daha faydalıdır. Ona görə də maddi cəhətdən özümüzdən daha kasıb olanlara nəzər salıb, özümüzü onlarla müqayisə edək, nəinki bizdən maddi cəhətdən varlı olanlarla. /Deyerler/ Oxşar xəbərlər
|