Sənin ən yaxşı qardaşın o kəsdir ki...
Qurani-Kərim möminlərin bir-birinə qarşı olan pak sevgi hisslərini qardaşlıq sevgisinə bənzətmişdir. Qardaş olmaq üçün mütləq qohum olmaq zəruri deyildir, əgər iki nəfər bir-birinə qarşı həm fikir və həm də əqidə cəhətdə sevgi bəsləyirsə, onlar qardaşdır deməkdir. Quran buyurur: “Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. (“Hucurat” 10). Başqa yerdə buyurur: “Mömin kişilər və möminə qadınlar bir-birlərinin vəlisidirlər (dost, yardımçı və başçılarıdırlar)”. (“Tövbə” 71). Adətən bir xalqın millətçilik ruhiyyəsini təhrik etmək istəyən zaman deyirlər ki, hamı qardaşdır. Ya deyirik ki, bəşər insanları bir-biri ilə qardaşdırlar. Quran da möminləri bir-birinə qardaş adlandırır və buyurur ki, biz gəlmişik ki, sizi bir-birinizə qardaş edək. Nəinki ata və anadan olan qardaşlar, bəlkə din qardaşlığı ki, hər bir qohumluq əlaqəsi olan qardaşlıqdan daha üstündür. Müsəlmanın əgər qardaşı acdırsa, özü tox ola bilməz. Əgər qardaşı geyimsizdirsə, özü təmtəraqlı paltar geyinə bilməz. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanın müsəlman qardaşı üzərində 30 haqqı vardır ki, gərək əda edilsin: 1. Əfv və mehribanlıq. 2. Sirrini gizlətmək. 3. Səhvinin yerini doldurmaq. 4. Üzrünü qəbul etmək. 5. Pis niyyətlilər qarşısında müdafiə etmək. 6. Xeyirxahlıq. 7. Vədələrə əməl etmək. 8. Xəstə olan zaman ziyarət etmək. 9. Cənazəsini müşayiət etmək. 10. Onun dəvət və hədiyyəsini qəbul etmək. 11. Hədiyyəsinin qarşılığını vermək. 12. Din qardaşı tərəfindən əldə etdiyi nemətlərə görə ona təşəkkür etmək. 13. Ona yardım etmək üçün səy göstərmək. 14. Namusunu qorumaq. 15. Hacətini yerinə yetirmək. 16. Çətinliyini həll etmək üçün vasitəçi olmaq. 17. İtirdiyi şeylərə görə ona yol göstərmək. 18. Asqırmağına cavab vermək. 19. Salamına cavab vermək. 20. Onun sözünə hörmət qoymaq. 21. Ona yaxşı hədiyyə almaq. 22. Andını qəbul etmək. 23. Onun dostunu dost bilmək və onunla düşmənçilik etməmək. 24. Onu hadisələr zamanı tək qoymamaq. 25. Özü üçün istədiyini onun üçün də istəmək...” Əhli-Beytdən (ə) gələn hədisdə oxuyuruq: “Sənin ən yaxşı qardaşın o kəsdir ki, sənə ürək yandırsın və sənin xeyirxahlığını istəsin. Hətta sənin tünd xasiyyətinə baxmayaraq, səni Allahın itaətinə sövq etsin. Sənin çətinliyini həll etsin və Allaha xatir səninlə dost olsun. Rəftarı səni inkişaf etdirsin. Danışığı elmini artırsın. Sənin büdrəmələrinin sorağına getməsin. Səni həvəslərin tələsinə düşməkdən qorusun. Əgər eyb görərsə, təzəkkür etsin. Namaza qarşı diqqətli olsun. Həya, əmanət, sədaqət əhli olsun. Yoxsulluqda və zənginlikdə səni unutmasın”. İslam dini bütün müsəlmanları bir ailənin üzvü kimi tanıdır. Hamıya bacı və qardaş deyə müraciət edir. Müsəlmanlar hansı iqrdən, hansı dildən və hansı rəngdə olursa-olsun - bir-birlərinin qardaşıdırlar. Həcc mərasimində dünyanın hər yerindən olan insanlar bir yerə toplaşır və bir-birinə yaxın və qardaş olurlar. Bu sevgini yaxından hiss etmək olur. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Müsəlman, müsəlmanın qardaşıdır. Heç bir zaman ona zülm etməz. Ona yardım etməkdən əl çəkməz. Onu hadisələr qarşısında tək qoymaz”. Başqa bir hədisdə oxuyuruq: “İki din qardaşı iki əl kimidirlər ki, hər biri o birisini yuyar”. Yəni, bir-birinin eybini yuyub, pak edərlər. Bəli, bu, İslamın məntiqidir. Çox təəssüf ki, bəzi müsəlman ölkələrində hələ də təəssübkeşlik sezilməkdədir. /Deyerler.org/ Oxşar xəbərlər
|