Həzrət Əlidən (ə) nəsihətli kəlamlar
Özünü tanıyan hər bir şəxs Allahını da tanıyar. Yalan olan yerdə məhəbbət olmaz. Öz qədrini bilən hər bir kimsəyə ölüm qorxulu deyil. Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. Hər bir adam öz dilinin arxasında gizlənir. Dili şirin olan kimsənin qardaşları çox olar. Yaxşılıqla azad adamları da qul etmək olar. Paxılın malına bir hadisə üz verməsi və ya vərəsəyə yetişməyə tarac olmasını müjdə ver. Danışanın özünə yox, sözünə daha çox diqqət et. Təkəbbürlü adamı heç kəs tərif etməz. Əxlaqsız adamın şərəfi olmaz. Tamahkar adam haramdan əl çəkməz. Paxıl adamın rahatlığı olmaz. İnsanların öz ata-babalarından zəmanələrinə daha artıq oxşarlıqları var. İntiqam almaqla ağalıq (böyüklük) tutmaz. Qaşqabaqlı, pis niyyətli olmaqla, ziyarət olmaz. Yəni elə ziyarətin faydası yoxdur. Məsləhət etməyən kimsə, mətləbinə nail olmaz. Yalançı şəxsin rəhm və mürvəti olmaz. Pəhrizkarlıqdan yaxşı ləyaqət ola bilməz. Tövbədən artıq şəfaətedici yoxdur. Nadanlıqdan betər dərd yoxdur. Ağlın azlığından betər xəstəlik olmaz. Dilinə nəyi öyrətsən, sənə o şeyi qaytarar. İnsan bilmədiyi şeyin düşmənidir. Allah rəhmət etsin o kimsəyə ki, öz qədrini bilib, həddini aşmaz. Üzrü təkrar etmək, günahı təzələməkdir. İnsanlar arasında bir kəsə nəsihət etmək, onun üçün danlaqdır. Səbirsizliyin məşəqqəti səbr etməyin məşəqqətindən artıqdır. Məkr və hiyləsi gizlin olan şəxs ən böyük düşməndir. Lazım olmayan şeyi tələb edən şəxs lazım olan şeyi də əldə edə bilmir. Qiybətə qulaq asan kimsə qiybət edənlərdən biridir. Xalqdan ümidini kəsib Allaha ümidvar olan kimsə, rahat olar. Həris olan kimsə naümid olar. Çox zarafat edən şəxs nifrət qazanar və ya hörmətsiz olar. Şəhvət qulu olan kəs satılan quldan da alçaq olar. Çox adam özünün zərərinə olan şeyə can atır. Ümidsizlik azadlıqdır, xahiş etmək isə qul olmaqdır. Ağıllı insanın zənni də gerçək olar. Baxan ibrət götürər, yəni hər kimsə ki, ruzigarın işlərinə ibrət gözü ilə nəzər edə, özü üçün nəsihət qəbul edər. Ədavət qəlb üçün böyük yükdür. Yəni düşmənçilik ürəyi bü-tün işlərdən geri qoyar. Qəlbi çətin işlərə məcbur etsən, kor olar. Ədəb ağlın surətidir, yəni ədəbi olan kimsənin ağlı olar. Tamahkar adamın həyası olmaz. Paxıl kimsə günahsız adama da qeyzli olur. Xoşbəxt o kimsədir ki, özündən başqalarının da nəsihətinə qulaq asar. Çox razılığa gəlməyin və çox ədavətin axırı ayrılıqdır. Özünə çox ümidi olan kimsə istəyinə yetməz. Hər bir udum suda bir əzab və hər bir loxma təamda bir qüssə var. Allahın təqdiri yerinə yetən vaxtda bəndənin tədbiri itir. Allahın qəzavü-qədəri gələn zaman ehtiyat eləmək fayda verməz. Ehsan etmək pis niyyətli adamların dilini kəsər. Şərafət elm və ədəblədir, əsl-nəcabətlə deyil. Əsl-nəcabətin və şərafətin ən yaxşısı xoşxasiyyət olmaqdır. Ən böyük əsl-nəcabət ədəbli olmaqdır. Ehtiyacın betəri axmaqlıqdır. Yəni axmaqlıqdan betər ehtiyac olmaz. Ən böyük dövlət ağıldır. Yəni ağıllı kimsə həqiqətdə möhtac deyil, bəlkə də artıq dövlətlidir. Neməti tələf edən şeylərdən çəkin!Ona görə ki, tələf olan nemətin qayıtması müşküldür. Tamah olan başda ağıl olmaz. Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri tərbiyəsiz olar. Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni ağıllı adam qabaqca sözünün yaxşı və pisini fikirləşib sonra danışar. Axmaq kimsənin qəlbi dilinin dalında olur. Yəni axmaq adam qabaqca danışıb sonra fikirləşir. Hər kəs ki, öz iradəsini ciovlaya bilməsə, əcəl onu öz tərəfinə çəkər. Öz nəfsinin xar və zəlil edən hər bir kimsə, tamahı özünə adət etdi. Öz ehtiyacını xalqa bildirən hər bir kimsə öz zillətinə razı olar. Xar etdi o kimsənin nəfsi ki, dilinə malik olmayıb, dilini özünə əmr və hakim etdi. Simiclik insana ardır. Qorxu isə nöqsandır. Ehtiyac bacarıqlı adamı da öz əqidəsindən döndərər və heç kəs onun sözlərinə inanmaz. Malı az olan kimsə öz vilayətində qəribdir, heç kəs onu tanımaz. Gözəl davranışlar (ədəblər) insana həmişə təzə zinətlərdir. Ürəyi açıqlıq və üzü gülər olmaq məhəbbətin torudur ki, insanları onunla ovlamaq olar. Hər bir kimsə ki, özündən razı ola, onun düşməni çox olar. Çünki, təkəbbürlü həmişə başqalarının nəzərində zəlil olar. İnsanlarla yaxşı davranın ki , bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün ağlasınlar, yaxud qalsanız sizin tərəfdarlarınız olub sizi tərif etsinlər. Ey oğul, axmaqlarla yoldaşlıq etməkdən çəkin, çünki axmaq sənə yaxşılıq etmək istəsə də, sənə ondan ancaq zərər yetişər. Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər. Günahkar kimsə ilə yoldaş olmaqdan uzaq ol. Çünki o şəxs səni ucuz olan qiymətə satar. Yalançı kimsə ilə dost olmaqdan uzaq ol. Ona görə ki, yalançının məsəli sərab (ilğım) misalındandır. Öz yalan sözü ilə uzaq şeyləri sənə yaxın, yaxını isə uzaq göstərər. Kişinin qədər və hörməti öz səy və çalışqanlığına görədir. Oxşar xəbərlər
|