İnsanların məhəbbətini cəlb etməyin 5 yolu
Hər birimiz istəyirik ki, başqaları tərəfindən sevilək və məhəbbət görək. Müqəddəs Quran bizlərə bunun 5 yolunu göstərir.
Lakin buna diqqət etmək lazımdır ki, hər bir iş Allahın iradəsi olan zaman təsirli olar. Bu mövzuda da Allahın iradə etməsi çox mühümdür. Biz heç bir zaman başqalarının ürəyinə nüfuz edə biləmərik, əgər bunu Allah iradə etməsə. Çünki bütün aləmlərin hər bir işi Onun əlindədir. Belə ki, Allah Peyğəmbərinə (s) belə buyurur: “Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir”. (“Ənfal” 63). Ona görə də hər bir əməlimizdə olduğu kimi, insanların sevgisini qazanmaqda da Allahın yardımı və inayəti olmadan heç bir nəticəyə çatmaq olmaz. Bəs Qurani-Məcid bizlərə hansı yolları tövsiyə edir? 1. Hədiyyə vermək. “Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir”. (“Tövbə” 60). Allah Təala bu ayədə zəkat və sədəqəni müsəlman olmayan insanların sevgisini və ürəyini cəlb etmək vasitəsi kimi tanıtmışdır. Ona görə də bu ayədən belə nəticə çıxartmaq olar ki, sədəqə, hədiyyə vasitəsilə insanların sevgisini cəlb etmək olar. 2. Həmfikir olmaq. İnsanların sevgisini qazanmağın başqa bir yolu – fikir və əqidədə həmahəng olmaqdır. O kəslərin ki, əqidələri eynidir, onlar bir-biri ilə sevgi rabitələri qurarlar. Qəlbləri bir-birinə meyl edər. “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (“Ali-İmran” 103). 3. Pisliyə yaxşılıqla cavab vermək. Pisliyə yaxşılıqla cavab vermək - kin və düşmənçiliyi dəf etməyin yollarından biridir. Bu iş insanların sevgisinə səbəb olar. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34). 4. Evlənməklə ülfət toxumları əkmək. O zaman ki, iki nəfər bir-biri ilə evlənər, Allah onların arasına ülfət və məhəbbət toxumu səpər. “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması – onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”.(“Rum” 21). 5. İman və saleh əməl. “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. (“Məryəm” 96). Bu ayəyə əsasən məhbub və sevimli olmaq - İlahi rəhmətdir ki, mömin və salehlərə nəsib olar. İman və layiqli işlər yerinə yetirmək – insanların sevgisini qazanmağın açarıdır. İman və saleh əməlin xüsusi cazibəsi vardır. Maqnit kimi insanları özünə cəlb edər. Beləliklə, bu Quran ayələri barəsində bir qədər təfəkkür edərək dərk edərik ki, məhbub və sevimli olmaq ancaq Allahın əli ilə olar. Ürəklər də Onun əlindədir. O, bizlərə sevgini cəlb etməyin yollarını bəyan edir. Əgər bu yollardan istifadə etsək, ürəklərin məhbubuna çevrilə bilərik. /Deyerler.org/ Oxşar xəbərlər
|