İmam Həsən (ə) və İmam Hüseyn (ə) – Qiyamət günü soruşulacaq əmanətlərdir
İmran ibni Həsin nəql edir: “Bir gün Peyğəmbər (s) mənə buyurdu: “Ey İmran! Hər bir şeyin ürəkdə öz yeri vardır. Ancaq heç bir şey bu iki cavan kimi (İmam Həsən (ə) və Hüseyn (ə)) ürəyimdə ən üstün məqama malik deyildir”.
Soruşdum ki, bəs bu sevginin səbəbi nədir? Buyurdu: “Ey İmran! O şey ki, sənə gizlidir, məlumatın olduğun şeylərdən daha çoxdur. Allah Təala mənə əmr etmişdir ki, bu ikisini sevim”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Urvətil-vusqaya çəng vurmaq istəyir, gərək Əlini (ə), Fatiməni (s.ə), Həsəni (ə) və Hüseyni (ə) sevsin. Çünki Allah Təala Öz əzəmətli ərşində onları sevir”. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) qapıdan daxil olan Həzrət Hüseynə (ə) belə buyurur: “Xoş gəlmisən, ey göyün və yerin zinəti!”. Əbi İbni Kəəb deyir: “Məgər sizdən başqa kimsə yenə yerin və göyün zinətidir?”. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbi ibni Kəəb, and olsun o Kəsə ki, məni peyğəmbərliyə məbus etmişdir. Həqiqətən, Hüseyn ibni Əli (ə) göydə yerdəkindən daha çox tanınır. Onun ərşdə adı belə yazılar: “Həqiqətən, Hüseyn hidayət çırağı və nicat gəmisidir””. Əmirəl-möminin (ə) Həsəni (ə) və Hüseyni (ə) insanlara tərəf tutub buyurur: “Ey insanlar, şahid olun və şəhadət verin ki, bu ikisi Peyğəmbərin (s) övladlarıdırlar. Həzrətin (s) sizin aranızda qoyduğu əmanətlərdir. Sizdən istəmişdir ki, onları qoruyasınız. İndi mən bu ikisini sizə əmanət qoyuram. Onların qayğısına qalın və bilin ki, Peyğəmbər (s) Qiyamət günü bu iki əmanətin qorunmasına görə sual-cavab edəcəkdir”. Cabir ibni Abdullah deyir: “Mən Peyğəmbərdən (s) dəfələrlə Hüseyn ibni Əli (ə) haqqında eşitmişəm ki, buyurub: “Hər kim behişt cavanlarının sərvərinə baxmaq istəyir və onu tanımaq istəyir - Hüseyn ibn Əliyə (ə) nəzər salsın””. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyuru: “Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının sərvəridirlər”. Əbu Əyyub Ənsari nəql edir: “Bir gün Peyğəmbərin (s) xidmətinə gedən zaman gördüm ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) Həzrətin (s) yanında oyun oynayırlar. Peyğəmbər (s) də bütün varlığı ilə onlara məhəbbət göstərir. Onları qucağına alır. Soruşdum: “Ey Peyğəmbər! Onları sevirsinizmi?”. Həzrət (s) buyurdu: “Onları necə sevməyim ki, onlar mənim güllərimdir. Mən onları iyləyirəm və hər ikisinin ətrindən bəhrələnirəm”. (Deyerler.org) Oxşar xəbərlər
|