İstixarənin qəza və qədərlə rabitəsi
İstixarənin lüğət mənası xeyir istəməkdir. Allahdan bizi ən yaxşı işlər görməyə hidayət etməsini istəməkdir. İstixarənin müxtəlif növləri vardır: ya Quran, ya təsbeh və ya bir parça kağız ilə yerinə yetirilər. Bəs qədər nədir? Qədər dedikdə məqsəd - Allahın təqdiridir, yəni Allah hər bir məxluqu üçün az və ya çox ölçü və xüsusi zaman və məkan qərar vermişdir ki, müxtəlif amillərin təsiri altında həyata keçər. Bəs qəza nədir? İlahi qəza dedikdə məqsəd odur ki, bir fenomenin yaranması üçün lazım olan ilk müqəddimələr hazır olandan sonra, onu son mərhələsinə çatdırmaqdır. Bəzən qəza hədislərdə qədər mənasında da işlənər. Belə ki, sədəqə, ata və anaya ehsan etmək, dua etmək və bu kimi - qəzanı dəyişdirə bilən amillərdəndir. Əqli cəhətdən əgər istixarənin özünəməxsus şəraiti hazır olarsa, yəni: - insan istixarə etməzdən əvvəl həmin işi düşünər və çarə tapa bilmədikdən sonra istixarə etmək istəyərsə; - həmin məsələ də haram və vacib məsələlərdən olmazsa; - insan həmin məsələnin həlli üçün başqa çıxış yolu tapmazsa, Bu zaman Allaha təvəssül edib istixarə etmək olar. Xüsusilə də əgər istixarə edən şəxs İlahi qürb məqamına malik olmalı və nəfsinə hakim olan biri olmalıdır. Dinin nəzərinə görə, istixarə Məsumların (ə) sünnətidir. Onlar İlahi qəza və qədərə etiqad bəsləyirdilər. Çünki bu iki məsələ arasında sıx rabitə vardır. Cabir Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O zaman ki, sizlərdən biriniz istixarədən yardım alaraq bir iş görmək istəyirsə, iki rükət namaz qılsın və onun xüsusi duasını oxusun və Allahdan xeyir istəsin”. Yəni, insan istixarənin yardımı ilə Allahdan istəyər ki, təqdirini xeyirli etsin. Mərhum Şeyx Müfid deyir: “Haram və vacib işlərdə istixarə etmək caiz deyildir. Bəlkə mübah və müstəhəb məsələlər haqqında edilə bilər ki, başqa bir müstəhəb əməl ilə uyğun deyildir”. Məsumların (ə) nəzərinə görə, istixarə ilə qəza və qədər arasında rabitə mövcuddur. İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allah tərəfindən gələnə razı olan halda istixarə edər, Allah da onun üçün xeyri təqdir edər”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Mömin insan istixarə etməz, məgər Allah xeyri ona tədqir edər”. Həzrət (ə) yenə buyurur: “Allaha and olsun ki, müsəlman insan istixarə etməz, məgər o halda ki, Allah mütləq xeyri onun üçün nəzərdə tutar”. Din alimlərinin buyurduğuna görə, dua qəza və qədəri dəyişdiryi kimi, duanın bir növü olan istixarə də qəza və qədəri dəyişdirə bilər. Ancaq mühüm olan budur ki, insan istixarənin qəza və qədərlə olan rabitəsinin keyfiyyətini düzgün dərk etsin. Əgər qəti qəza və qədərdən söhbət gedirsə, istixarə onda heç bir dəyişiklik edə bilməz. Ancaq əgər qəti olmayan qəza və qədərdən danışırıqsa, duanın bir növü olan bu istixarə ancaq dua qədər qəza və qədəri dəyişdirə bilər. İnsan o zaman istixarə edər ki, həmin işi özü yerinə yetirməlidir, Allah deyil. Ya da elə bir işdir ki, ikitərəflidir həm insanın özü və həm də Allah tərəfindən yerinə yetməlidir. Bu zaman əgər xeyrinin nədə olduğunu təfəkkür edərək tapa bilməzsə, yəni ağılı ona yardım edə bilməzsə, bu zaman istixarədən yardım alar və Allahdan xeyir istəyər. Allah Təala da bizə nə edəcəyimizi istixarə vasitəsilə aydın edər. /Deyerler.org/ Oxşar xəbərlər
|