Dünya həyatının 5 sifəti və dindarlığın 2 cəhəti
Dünyanın enişləri və yoxuşları vardır ki, hər bir insan yaşadıqca onlarla tanış olar. Bəzən həyatda şirin və bəzən də acı hadisələrlə rastlaşar ki, onları ömür boyu unutmaz.
Quran bəşər üçün səadətin yollarını açır və bəyan edir. Dünya ilə necə rəftar etməyimizi bizə öyrədir. Əgər bu göstərişlərə əməl etsək bizi kamala çatdıra bilər. Qurani-Kərim dünya həyatının 5 sifətini bəyan edir. "Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün)ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. ("Hədid” 20). Ya oyun-oyuncaqdır, ya əyləncədir, ya zinət və bəzənməkdir, ya öyünməkdir, ya da mal və övladla üstələmək cəhdidir. Əllamə Təbatəbai buyurur ki, bu həmin o şeylərdir ki, insan nəfsi onlara və ya bir hissəsinə meyl edər. Xəyali şeylərdir ki, insan üçün qalıcı deyildir. Onların heç biri insana nəfsani kamalı və həqiqi xeyri gətirməz. Şeyx Bəhayi isə bu beş sifəti insan həyatının dünyadakı mərhələsi kimi bəyan etmişdir. Oyun - uşaqlıq dövrünə, əyləncə - büluğ dövrünə, bəzənmək və zinət - cavanlıq dövrünə aiddir, qocalıq gəlib çatan zaman isə insan öyünməyə və daha çox mal və övlada malik olmağa səy göstərər. Quranın buyurduğu kimi dünyanın keçici həyatı aldadıcı sərmayədən başqa bir şey deyildir. Kafirlərə zinət verər, ancaq möminlər üçün həqir və alçaqdır. İnsan bu aldadıcı zahirə məftun olmasın deyə Quran buyurur: "Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır. (Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. ("Hədid” 22-23). Bu ayə bizə buyurur ki, dünyaya meyl etməyin və Allah tərəfindən sizə çatan hər şeyə şükür edin. Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: "Bu ayə əvvəlki ayələrdəki mövzunun məqsədini bəyan edir. Əlbəttə, əvvəlki ayədə iki şey var idi: biri odur ki, hadisə baş verməzdən əvvəl Allah onu bilir və biri də hadisənin özüdür. Bu ayə də Allahın xəbər verməsini bəyan edir, hadisənin deyil”. Əmirəl-möminin (ə) dindarlığın həqiqəti barəsində buyurur: "Həqiqi dindarlıq Quranın 2 kəlməsi arasındadır. "(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)!”. Ona görə də o kəs ki, keçmişinə görə məyus olmaz və gələcəyinə görə şad olmaz, şübhəsiz ki, dindarlığın iki tərəfini əldə etmişdir”. Ona görə də insan gərək nəfsini tərbiyə etsin və dünyaya rəğbətsiz olmağa adət etsin. Bu zaman dünyanın ən zinətli şeyləri gözündə dəyərsiz olar. /Deyerler.org/ Oxşar xəbərlər
|