Namaza daha çox diqqət etmək üçün nə etməli?
Namazın haqqı odur ki, biləsən namaz Allaha tərəf hərəkət etməkdir. Sən namaz qılan zaman Allahın qarşısında qərar tutursan. O zaman bu həqiqəti qəbul etsən, namaz qılan zaman özünü zəlil, dəyərsiz, müti və xoflu halda görərsən.
Namaz – dinimizin ən üstün əməlidir. Əgər Allah tərəfindən qəbul olarsa, o biri ibadətlər də qəbul olar. Əgər qəbul olmazsa, o biri ibadətlər də qəbul olmaz. Yaxşı olar ki, namaz əvvəli vaxtda qılınsın. Namazı yüngül hesab etmək və ona diqqət etməmək ona bənzəyir ki, sanki namazı qılmamısan. Namaza daha çox diqqət etmək üçün nə etməli? 1. Namazın savablarına və təsirlərinə diqqət etmək. Salman nəql edir: “Bir ağacın altında Peyğəmbərlə (s) bir yerdə idim. Həzrət (s) ağacın budağından tutub sirkələdi. Üzərində olan yarpaqlar yerə töküldü. Buyurdu: “Soruşmursunuz ki, niyə belə edirəm?”. Dedik: “Siz buyurun”. Həzrət (s) dedi: “O zaman ki, müsəlman namaza dayanar, günahları bu ağacın yarpaqları kimi tökülər””. Vacib namaz qəbul olmuş min həcc və ümrəyə bərabər tutulmuşdur. İmam Sadiq (ə) buyurur: “Allahı tanıdıqdan sonra heç bir ibadəti namaz qədər dəyərli və qiymətli bilmirəm. Allah yanında bir vacib namaz yaxşı şəkildə yerinə yetilmiş və Allah dərgahında qəbul olunmuş min həcc və ümrəyə bərabərdir”. 2. Namazın dindəki məqamına diqqət etmək. Namaz - İslamın başıdır. Həzrət Peyğəmbər (s) Məaz ibni Cəbəli Yəmənə göndərən zaman ona buyurmuşdu: “Allahın Kitabını onlara öyrət və ən çox hümmətini namaza diqqət etmək üçün qoy. Çünki dinin əslini qəbul etdikdən sonra namazın mühüm yeri vardır”. Namaz - dinin simasıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin siması vardır. Sizin dininizin siması – namazdır. Ona görə də məbada kimsə dinin simasını çirkin və eybəcər etsin. Hər bir şeyin başlanğıcı vardır və namaz təkbirlə başlayar”. Namaz - Allah yanında ən sevimli əməldir. İmam Sadiq (ə) buyurur: “Allah Təala namazı o biri işlərdən daha çox sevər. Namaz - bütün peyğəmbərlərin (ə) son tövsiyəsidir. Necə də gözəl mənzərədir! İnsan qüsl etsin və ya kamil dəstəmaz alsın və başqalarının gözündən uzaq yerdə rüku və səcdə ilə məşğul olsun. O zaman ki, bəndə başını torpağa qoyar və səcdə edər, şeytanın naləsi ucalar: “Ey vay! Bu bəndə Allaha itaət etdi və mən itaətsizlik etdim. O, səcdə etdi, mən imtina etdim””. 3. Allahdan qafil edən hər bir işdən çəkinmək. Allah Təala insanları bir çox haram işlərdən, o cümlədən qumarbazlıqdan, şərabxorluqdan çəkindirmişdir ki, insanı Allahı yada salmaqdan uzaqlaşdırmasın. “Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız. Həqiqətən şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?”. (“Maidə” 90-91). 4. Namazı yüngül hesab edən insanlardan uzaq olmaq. Allah Təala müsəlmanları bəzi kitab əhli və kafirlərlə dost olmaqdan çəkindirmişdir. Çünki bu insanlar üçün din və ibadət oyun və məsxərə olunacaq şeydir. “Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun. (İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu, ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”. (“Maidə” 57-58). 5. Namazın xüsusiyyətlərinə diqqət etmək. Allah Təala namazı gecə və gündüzün ən yaxşı zamanında qərar vermişdir. İmam Əli (ə) buyurur: “Namaz zamanı əlinizi dua üçün qaldırın ki, ən yaxşı zamandır. (Çünki) Allah həmin zamanda bəndələrinə qarşı lütflə nəzər salar. Onların münacatlarına cavab verər və fəryadlarına ləbbeyk deyər. İstəklərini yerinə yetirər və dualarını həyata keçirər”. Namaz üçün xüsusi məkan nəzərdə tutmuşdur. Həmin məkan Allahın Evi olan məscidlərdir. Dünyanın bütün yaxşı insanları namazı ayaqda saxlamaq üçün ildə bir dəfə Allahın evi olan Kəbədə toplaşar və vəhdət şəklində namaz qılarlar. Bu yolla müsəlmanların qüdrətini namaz vasitəsilə dünyaya tanıdarlar. /Deyerler.org/ Oxşar xəbərlər
|