İnsanın izzəti – başqasından asılı olmamaqda və təvəkkül etməkdədir
İnsanın izzəti bundadır ki, başqalarından asılı olmasın. Özünə, yəni Allahın sənə verdiyi qüvvələrdən asılı olasan. Onları işə salasan və Allahdan istəyəsən ki, sənə yardım etsin. Səni hədəfinə çatdırsın. Bu da təvəkkülün bir növüdür.
Həzrət Peyğəmbər (s) təvəkkülün mənasında buyurur: “Biləsən ki, məxluq nə ziyan vura bilər, nə də fayda verə bilər. Nə əta edə bilər, nə də qadağan edə bilər”. Bu, Xaliqdir ki, ürəkləri kiməsə istəsə yönləndirir və kimdənsə qaytarır. Kiminsə vasitəsilə əta edir və kiminsə vasitəsilə qadağan edir. O zaman ki, insan bu inanca çatar, Allahdan başqası üçün iş görməz. Allahdan başqasından qorxmaz. Allahdan başqa heç kəsə tamah gözü ilə baxmaz. O zaman ki, insanda bu hal yaranar, axirətlə yanaşı bu dünyasında da rahatlığa çatar. Dünyada izzətli həyatı olar. “Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu, onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar. De: «Bizə Allahın (Lövhi-Məhfuzda)bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O, bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər»”. (“Tövbə” 51-52). Dua, namaz, möhkəm iman – təşvişi, nigarançılığı, qorxu və həyəcanı aradan qaldıra bilir. Xüsusilə də imanın insan ruhuna təsiri böyükdür. Çünki özünə etimadı və çətinliklərə dözməyi və səbir etmək qüdrətini gücləndirər və nəfsində rahatlıq yaradar. Allaha imanda fövqəladə bir qüvvə vardır ki, insana mənəvi qüdrət bəxş edər. Həyat çətinliklərinə dözməkdə ona yardım edər. Allah Təala Quranda buyurur: “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 2-3). Allaha təvəkkül qüvvəsi insanın çətinliklərə qarşı müqavimətini gücləndirər. “Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir»”. (“Ali-İmran” 173). Allaha təvəkkül etməyin nəticələri: 1. O insan ki, Allaha təvəkkül edər, başqalarına möhtac olmaz. 2. Ancaq Ondan istəyər. 3. Ehtiyaclı insanların ehtiyacını aradan qaldırmaq üçün Allaha borc verər. Allah Təala da ən gözəl şəkildə həmin borcu qaytarar. 4. Allahı öz yavəri bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|