Kamil və xalis ibadət üçün zəruri və kafi şərt
Hər kim istəyirsə ki, ibadəti xalis və kamil olsun, gərək ibadətin zahiri və batini şəraitlərinə əməl etsin. İbadət zamanı bir an belə Allahdan qafil olmasın. Həzrət Peyğəmbər (s) buyurur: "Allaha elə ibadət et, sanki Onu görürsən. Əgər sən Onu görmürsənsə, yəqinin olsun ki, O, səni və ibadətinin zahirini və gizlisini görür”. Əməli ən yüksək məqama çatdıran şey - ixlasdır. Deməli, kamil və xalis ibadət üşün insan gərək ibadət zamanı Allahdan qəti olaraq, qafil olmasın. Bu, kamil və xalis ibadətin zəruri və kafi şərtidir. Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) nəql edir ki, Allah buyurub: "İxlas - Mənim sirlərimdəndir. Onu sevdiyim bəndələrimin qəlbinə qoyaram”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir ibadətdə niyyətini xalis et. İxlasla olan kiçik əməl Allahın razılığına və İlahi behiştə çatmaq üçün kifayətdir”. Əmirəl-möminin (ə) buyurur: "Xoş olsun o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi, giritarflığı və rahatlığı, danışığı və sükutu, işi və sözü Allah üçün xalis olsun”. İmam Sadiq (ə) buyurur: "Hər kim "Lə ilahə illəllah” kəlməsini ixlasla deyərsə, behiştə daxil olar. İxlası ona görədir ki, "Lə ilahə illəllah” onu Allahın haram etdiklərindən saxlamışdır”. Həzrət Peyğəmbər (s) buyurur: "Sakitlik və vüqar ibadətin zinətidir”. Bəs ibadət nədir? Həzrət Peyğəmbər (s) buyurur: "Rəbbani alimə baxmaq - ibadətdir. Adil rəhbərə baxmaq - ibadətdir. Ata və anaya mehribancasına baxmaq - ibadətdir. Allaha xatir sevdiyi din qardaşına baxmaq - ibadətdir”. Hədislərdə oxuyuruq ki, ibadət beş şeydir: qarının haramdan və çox yeməkdən uzaq olması, Quranı qiraət etmək, gecənin yarısı ayılmaq, sübh zamanı nüdbə etmək, Allah qorxusundan ağlamaq. Qüdsi hədisdə oxuyuruq: "Namazqılan Mənimlə raz-niyaz edər. İnfaq edən ehtiyacsız olan zaman Mənə borc verər, oruc tutan Mənə yaxın olar. Ey Mənim siddiq bəndələrim! Dünyada ibadət və bəndəliyimdən bəhrə aparın ki, onun vasitəsilə axirətdə əbədi nemətlərimlə faydalanın. Adəm övladı! Məni sübhdən bir neçə saat sonra, əsrdən bir neçə saat sonra yada sal ki, o şey ki, səni qəm və qüssəyə salır – səndən uzaq edəm”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Rəcəb ayının 3 gününü oruc tutar, Allah onunla cəhənnəm atəşi arasında xəndək qərar verər. Və iftar edən zaman Allah buyurar: "Mükafat və muzdunun haqqı Mənə vacib oldu, sənə qarşı vilayət və məhəbbətim zəruri oldu. Mələklər şahid olun ki, Mən keçmiş və gələcək günahlarını bağışladım””. İmam Rza (ə) buyurur: "İbadət - çoxlu namaz və oruc deyildir. İbadət – Allah Təalanın işləri haqqında düşünməkdir”. İmam Səccad (ə) buyurur: "İbadət - həqiqətləri dərk etməkdən başqa bir şey deyildir”. Ən üstün ibadət. İmam Baqir (ə) buyurur: "Ən güclü ibadət - təqvadır”. İmam Sadiq (ə) buyurur: "Ən üstün ibadət - Allah və Onun qüdrəti haqqında düşüncələri davamlı etməkdir”. Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün ibadət - həqiqətləri dərk etməkdir”. Əmirəl-möminin (ə) buyurur: "Ən üstün ibadət - təqva və iffətdir”. "Ən üstün ibadət - yanlış adətlərə qələbə çalmaqdır”. "Ən üstün ibadət - maddi işlərə ürək bağlamamaq və haramdan kəsilməkdir”. "Ən üstün ibadət - əməldə ixlaslı olmaqdır”. Allah Təala bizləri ibadət əhlindən qərar versin. Deyerler.org Oxşar xəbərlər
|