“La fəta illə Əli (ə), la seyfə illə Zülfüqar”
Cihad sözünün mənası düşməni dəf etmək üçün edilən səydir. Daha çox müharibədə düşməni dəf etməyə şamil edilər. Lakin bəzən də məcazi mənada işlənərək insana yetişən hər bir zərəri dəf etməyə aid olar. Şeytan (lən) və nəfsi-əmmarə kimi. Nəticədə cihadı şeytanın vəsvəsələri və nəfsi istəklərlə müxalifətlik etməyə də şamil etmək olar. Həzrət Peyğəmbər (s) cihadın bu növünü böyük cihad adlandırmışdır.
“Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb”. (“Həcc” 78). İmam Əli (ə) - Allah yolunda cihad etmək istəyənlər üçün bariz nümunədir. O, həmin şəxsdir ki, Allah yolunda Peyğəmbərin (s) canını xilas etmək üçün özünü təhlükəyə atmışdı. Leylətul-məbit gecəsində Peyğəmbərin (s) yatağında yatmışdı. Bu həqiqəti Qurani-Kərim bizə çatdırır: “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Həzrət Peyğəmbərin (s) yatağında yatmış Həzrət Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207). O, döyüş meydanında heç bir şeydən qorxmazdı. Canı bahasına İslam dininin ayaqda qalması üçün vuruşardı. Müsəlmanlar Ühüd döyüşündə dünya malına tamah göstərib Peyğəmbəri (s) tək qoyan zaman Cəbrayil (ə) səmadan bu sözləri car çəkmişdi: “"لا فتی إلا علی(علیه السلام) لا سیف إلا ذو الفقار" (“La fəta illə Əli (ə), la seyfə illə Zülfüqar”). Kufə küçələri Mədinə küçələrindən sonra bu insanı yaxşı xatırlayır ki, çiyninə yemək kisəsini alıb, yetimlərin evinə paylayırdı. Bu yolla az da olsa, qəmlərini azaltmaq istəyirdi. Quran bu mövzuyada da işarə etmişdir: “Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274). Bəli, İmam Əli (ə) – o böyük şəxsiyyətdir ki, Allah yolunda cihad etməyə məna verdi. Allahın Kitabı və Peyğəmbərə (s) itaət edərək bütün ümsəlmanlar üçün örnək və nümunə oldu, xüsusilə də Əhli-beyt (ə) davamçıları üçün. Bu insan bütün həyatı boyu Allahdan və Allah rənglərindən başqa bir şey görməmişdir. Bu insan öz haqqı olan xəlifəliyə çatmayan zaman Allaha xatir susmuşdu. Əziz həyat yoldaşının şəhadətinə şahid olmuşdur. O, qatilinin incidilməsini istəməmişdir. Övladlarına tövsiyə etmişdir ki, Allah buyuran kimi onunla rəftar etsinlər. İmam Əli (ə) ən gözəl nümunə olduğu üçün, övladları da onun ardınca bu yola qədəm basıblar. Bizlər üçün ən gözəl örnək olublar. /Deyerler.org/ Oxşar xəbərlər
|