İmam Məhdi (ə.f) sünni mənbələrində
İmam Mehdiyə (ə.f) etiqad bəsləmək təkcə şiələrə xass xüsusiyyət deyil. Belə ki, sünnilərin də nüfuzlu alimləri bir çox səhabə və tabeindən bu barədə nəql olunmuş hədisləri öz kitablarında qeyd etmişlər. Sünni məzhəbinin Hənəfi, Şafei, Maliki, Hənbəli kimi alimlərinin kitablarında Peyğəmbərin (s) İmam Mehdi (ə.f) barədə söylədikləri haqda çoxlu sayda hədislər vardır.
Bəzi tədqiqatçıların apardığı araşdırmalardan məlum olur ki, sünni mühəddislər 33 peyğəmbər səhabəsindən İmam Mehdi (ə.f) ilə əlaqədar hədisləri öz kitablarında nəql etmişlər. Həmçinin məşhur sünni alimlərindən 106 nəfəri İmamın (ə.f) zühuru ilə əlaqədar rəvayətləri kitablarında cəm etmiş, 32 nəfəri isə ayrıca kitab yazmışlar. Əhməd ibn Hənbəl (ö.241) "Müsnəd”, Buxari (ö.256) "Səhih Buxari” kitablarını İmam Mehdinin (ə.f) doğumundan əvvəl qələmə almışlar. Bu kitablara göz gəzdirsək, orada Həzrət Mehdi (ə.f) ilə əlaqədar bəzi hədislərin qeyd olunduğunu görərik. Məsələn: Əhməd ibn Hənbəl öz "Müsnəd”ində Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: لو لم یبقَ من الدنیا إلا یوم لبعث الله عز و جل رجلاً منا یملؤها عدلاً کما ملئت جوراً "Dünyanın sonuna bir gün qalsa da, Allah-Taala bizdən bir nəfəri seçər ki, zülm ilə dolmuş dünyanı ədalətlə doldursun.” Böyük sünni tədqiqatçılarından sayılan İbn Əbil-Hədid yazır ki, dünya və şəri öhdəçiliklərin yalnız Mehdinin (ə.f) zühurundan sonra sona çatacağı barədə bütün İslam firqələri həmfikirdilər. إن جمیع الفرق الإسلامیة على اتفاق أن الدنیا لا ینتهی عمرها إلا بعد ظهور الإمام المهدی Tanınmış sünni alimi Şeyx Süleyman Qunduzi "Yənabiul-məvəddət” adlı kitabında Nəsəl adlı bir yəhudinin Peyğəmbərdən (s) sonra gələcək vəsi və canişinləri barədə maraqlandığını qeyd edir. Belə ki, Həzrət Muhəmməd (s) bu sualın cavabında: نَعَمْ إِنَّ وَصِیِّی وَ الْخَلِیفَةَ مِنْ بَعْدِی عَلِیُّ بْنُ أَبِی طَالِبٍ وَ بَعْدَهُ سِبْطَایَ الْحَسَنُ وَ الْحُسَیْنُ تَتْلُوهُ تِسْعَةٌ مِنْ صُلْبِ الْحُسَیْنِ أَئِمَّةٌ أَبْرَارٌ "Mənim vəsim Əli ibn Əbu Talib, iki nəvəm – Həsən, Hüseyn, ondan sonra Hüseynin nəslindən olacaq doqquz seçilmiş imamlardır. Yəhudi: "Ey Muhəmməd, onların adını mənim üçün sadala" - deyə soruşduqda, Həzrət Peyğəmbər (s): نَعَمْ إِذَا مَضَى الْحُسَیْنُ فَابْنُهُ عَلِیٌّ فَإِذَا مَضَى عَلِیٌّ فَابْنُهُ مُحَمَّدٌ ... فَإِذَا مَضَى الْحَسَنُ فَبَعْدَهُ ابْنُهُ الْحُجَّةُ بْنُ الْحَسَنِ بْنِ عَلِیٍّ فَهَذِهِ اثْنَا عَشَرَ إِمَاماً عَلَى عَدَدِ نُقَبَاءِ بَنِی إِسْرَائِیلَ "Bəli, Hüseyndən sonra oğlu Əli, Əlidən sonra oğlu Muhəmməd ... Həsəndən sonra onun oğlu Höccət ibn Həsən ibn Əlidir. Bu on iki imamlar (sayı) Bəni-İsrail başçılarının sayı qədərdir.” (Nasir Məkarim Şirazi, "Təfsiri-nümunə", c.7, s.375; "Gənclər üçün üsuli-dindən 50 dərs”, s.306) Çağdaş zəmanəmizdə xüsusi radikarlıq və təkfirçiliklə tanınan vəhhabilər də Mehdilik mövzusunu qəbul etmişlər. Belə ki, Ərəbistanın "rabitətul-aləmil-islamiyy” kimi mühüm dini mərkəzlərindən biri bəyanat verərək bildirmişdir: أنه آخر الخلفاء الراشدین الإثنی عشر و قد جاء الخبر عنه فی الصحاح، و أن أخبار المهدی نقلت عن الکثیر من صحابة رسول الله (ص)...و قد صرح جمعٌ من الحفاظ و الرواة أن أحادیث المهدی من فئة الأحادیث الصحیحة و الحسنة، و أن مجموعها متواتر قطعاً، و أن الاعتقاد بنهضة المهدی واجب و هو من العقائد المسلمة لدى أهل السنة و الجماعة و لم ینکر ذلک إلا من کان جاهلاً أو من أهل البدع "O (Mehdi), Peyğəmbərin (s) səhih hədislərdə xəbər verdiyi on iki nəfər raşidi xəlifələrin sonuncusudur. Mehdi haqqında hədisləri bir çox səhabələr nəql etmişdir: Hafiz və mühəddislərdən bəzisi Mehdi haqda olan hədislərin həm səhih, həm də həsən olduğunu açıq şəkildə bildiriblər. Bu hədislərin toplusu mütəvatirdir. Mehdinin qiyamına etiqad bəsləmək vacibdir və bu, "Əhli-sünnə vəl-Cəmaət”in danılmaz əqidəsindəndir. Bunu cahil və bidətçi şəxsdən başqa heç kəs inkar edə bilməz.” ("Təfsiri nümunə", c.7, s.375; "Gənclər üçün 50 dərs”, s.320) Tədqiqatçıların bəzisi sünni mənbələrində bu mövzu ilə əlaqədar nəql olunan hədislərin sayının 200-ə yaxın, şiə mənbələrində nəql olunanların sayının 1000-dən çox olduğunu qeyd etmişlər. ("Təfsiri nümunə", c.7, s.375; "Gənclər üçün 50 dərs”, s.320) Sünni və şiələr tərəfindən qeyd edilən hədislərin arasında olan fərqin səbəbi budur ki, şiələr məsum imamlardan da bu səpkidə hədisləri mötəbər hesab edirlər. Şiələr məsumlardan nəql olunan hədisləri Peyğəmbərdən (s) sonra mötəbər hesab etdiyi halda, sünnilər yalnız Peyğəmbərin (s) sözlərini mötəbər və dəlil hesab edirlər. Buna görə də bu mövzuda Əhli-sünnədən nəql olunan hədislər Peyğəmbərdəndir (s). Nəticə etibarı ilə bunu deyə bilərik ki, İmam Mehdi (ə.f) mövzusunun Peyğəmbər (s) tərəfindən nəql olunması qəti məsələdir və İslam dinində İmam Mehdi (ə.f) və məhdəviyyət əhəmiyyətli ideoloji baxışlardan biridir. Oxşar xəbərlər
|