Qurani-Kərimin qəlb rahatlığı gətirən ayələrinin kateqoriyaları
Mьəllif: admin1
Tarix: 27-06-2022, 10:15
Qurani-Kərimin qəlb rahatlığı gətirən ayələrinin kateqoriyaları
Qurani-Kərimin bütün ayələri qəlbə aramlıq verər. Amma bəzi ayələr məxsusən insanda qəlb rahatlığının yaranmasına səbəb olar.

Bu ayələrdən bəzisinə nəzər salaq:

1. İman artar. Allahın möminlərə qəlb rahatlığı verməsi imanlarının artması üçün zəminə olar. "Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur”. ("Fəth” 4).

2. Tövhidə şəhadət vermək. Kəhf səhabələri Allahın onlara verdiyi qəlb rahatlığına görə tövhidə şəhadət vermişdilər. "Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik”. ("Kəhf” 14).

3. Sirri qorumaq. Həzrət Musanın (ə) anasının ürəyinə qəlb rahatlığının əta edilməsi - sirri qorumasına səbəb oldu. "(Övladından çox narahat olduğuna görə) Musanın anasının ürəyində (övladının fikrindən savayı) heç bir şey yox idi. Əgər Biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi büruzə verəcəkdi”. ("Qəsəs” 10).

4. Allahdan razı olmaq. "Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), "Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim Cənnətimə daxil ol!”. ("Fəcr” 27-30).

5. Allahın inayəti. Qəlbləri rahat olanlar Allahın inayətindən bəhrələnərlər. ("Fəcr” 27-30).

6. Allahın qəzəbindən amanda qalmaq. Qəbləri iman sayəsində aram olan insanlar Allahın qəzəbindən amanda olarlar. "Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır)”. ("Nəhl” 106).

7. Həzrət Adəmin (ə) rahat olması. Adəm (ə) həyat yoldaşı Həvva (s.ə) vasitəsilə rahatlıq tapır. "Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur”. ("Əraf” 189). Bir can dedikdə, Həzrət Adəm (ə) nəzərdə tutulur.

8. Həzrət İbrahimin (ə) rahatlığı. Həzrət İbrahimin (ə) qəlbi quşların dirilməsi ilə rahatlıq tapdı. "(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər».

Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?». Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)».

Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat).

Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir». (”Bəqərə” 260).

9. Həyat yoldaşı ilə rahatlıq tapmaq. "Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması - Onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. ("Rum” 21).

10. İnfaq edənlərin rahatlığı. Gizlində və aşkarda infaq etmək – həmin şəxsin Qiyamətdə rahat olmasına səbəb olar. "Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. ("Bəqərə” 274).

11. İlahi övliyaların rahatlığı. İlahi övliyalar iman və təqva sayəsində rahatlıq taparlar. "Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar. O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər”. ("Yunus” 62-63).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930