Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Allah mənə əmr etmişdir ki, səni yaxın edim və sənə təlimatlar verim...
Əli (ə)! Bu ad uşaqlıqdan qulaqlarımızda səslənən və həmişə də hörməti saxlanılan bir addır. Quran Həzrətin (ə) adını birbaşa çəkməsə də, ancaq Quranın harasına baxırsansa-bax, o Həzrətdən (ə) bəhs olunur. Onun varlığının hər bir guşəsi Quran rənginə boyanmışdır. (Tebyan) Qurani-Kərim Həzrət Peyğəmbərin (s) ən yaxın yoldaşları haqqında danışır və buyurur: “Muhəmməd (s) - Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,)pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir”. (“Fəth” 29). Göz yaşları səcdə yerini gülüstana çevirir. Ayağına batan oxun ancaq namazda çıxarıldığını yəqin ki, eşitmisiniz. Bu, Həzrət Peyğəmbərin (s) ən yaxın yoldaşının təsviridir. İman və cihad elə iki qardaşdırlar ki, heç bir müsbət iş Allah yanında bu qədər dəyərli deyildir. Bu, elə bir həqiqətdir ki, Quran onun haqqında buyurur: “Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz”. (“Tövbə” 19). Həm Əhli-beyt (ə) təfsirçilərinin və həm də əhli-təsənnün alimlərinin nəzərinə görə, bu ayə Əmirəl-mömininə (ə) işarə edir. Quranın buyurduğu kimi İmam Əli (ə) - bütün ürəklər üçün yol göstərəndir. “Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır”. (“Rəd” 7). Bu ayənin təfsirində Əbi Cəfər (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Mən munzirəm, hadi isə Əlidir (ə)”. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Allah mənə əmr etmişdir ki, səni yaxın edim və sənə təlimatlar verim və sən öyrənəsən”. Ondan sonra bu ayə nazil olur: “Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın”. (“Haqqə” 12). Cabir ibni Abdullah nəql edir ki, Peyğəmbərin (s) xidmətində idim ki, İmam Əli (ə) yoldan gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: “Canım əlində olan Allaha and olsun ki, bu kişi və davamçıları – Qiyamət günü tək xilas olanlardırlar”. Bu zaman bu ayə nazil olur: “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”. (“Bəyyinə” 7). Bu ayə nazil olandan sonra Peyğəmbərin (s) səhabələri Əlini (ə) görən zaman deyərdilər ki, Xəyrul-bəriyyə gəlibdir. İmam Əli (ə) elə bir rəhbərdir ki, canı ilə etdiyi ticarətlə hamımıza dərs vermişdir. O, bizə öyrədib ki, hər şeyini Allah üçün vermək olar. O, ən təhlükəli gecədə Peyğəmbərin (s) yerinə yatağa uzanır və canı ilə ticarət edir. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207). İmam Əli ibni Hüseyn (ə) buyurur ki, bu ayə İmam Əli (ə) haqqında nazil olmuşdur. Həzrət (s )hicrət edən zaman İmam Əli (ə) onun yatağında uzanmışdı ki, düşmənləri hədəflərindən yayındırsın. Hansı dil səni vəsf etməyin öhdəsindən gəlmişdir ki, bu gücsüz qələm də gəlsin, ya Əli (ə)! /Deyerler.org/ Oxşar xəbərlər
|