Besət - təbii və fitri bir zərurətdir
Bütün peyğəmbərlərin (ə) besəti - insanın təbii və fitri zərurətlərindəndir. Çünki səma kitabı tənha gəlsəydi, kifayət etməzdi. Allah Təala peyğəmbərlərini insanları hidayət etmək, onlara düz yolu göstərmək üçün məbus etmişdir. Ancaq belə olan halda, haqq hamı üçün aydın ola bilərdi. Ona görə də tarix boyu Allah yer üzünə çox sayda peyğəmbərlər və vəsilər göndərmiş və insanlara düz yolu nişan vermişdir. Onları havayi-nəfslərinə itaət etməkdən çəkindirmiş və onlara haqq yolda irəliləmək üçün nəsihətlər və göstərişlər vermişdir. Həzrət Peyğəmbər (s) gəlməmişdən qabaq və gələndən sonra ərəb qəbilələrinin halına bir nəzər salsaq, böyük bir inqilabın şahidi olarıq. Cahiliyyət dövrünün çox sayda adət-ənənəsi İslamın gəlişi ilə aradan getdi və insanların əxlaqı və rəftarı, həyat tərzi dəyişdi. Cahiliyyət dövründə yolunu azmış ərəblər, əldə etdikləri yeni müsəlman əxlaqı ilə qərbi də, şərqi də heyrətləndirmişlər. İmam Əli (ə) bu haqda buyurur: “Allah Həzrət Muhəmmədi (s) dünyanı hidayət etmək və Quranı qorumaq üçün göndərmişdir. Halbuki, siz ərəblər ən pis dində və ən fasid məkanda qərar tuturdunuz. Böyük daşların üzərindən atılır və ilanlarla oynayırdınız. İylənmiş su içir, qurumuş çörək yeyirdiniz. Bu halda bir-birinizin qanını tökür və qohumlarınızla pis rəftar edirdiniz. Bütlər sizin aranızda yüksəlmiş, günahlarınız varlığınızı bürümüşdü. Cahiliyyət dövrünün çirkin sünnətlərinin hakim olduğu bir dövrdə Allah Həzrət Peyğəmbəri (s) məbus etdi ki, onları həqiqət bulağına və müstəqim yola hidayət etsin”. Həzrət Peyğəmbər (s) uşaqlıq dövründən gözəl əxlaqa malik bir insan idi. Öz yaşıdlarından fərlqi olaraq həmişə təmiz və pakizə olardı. Uşaq oyuncaqlarına və oyunlarına maraq göstərməzdi. Yeyəcəklərdən ancaq az bir qısmı ilə qənaətlənərdi. Heç zaman yalan danışmazdı. Yersiz iş görməz və yersiz yerə gülməzdi. Lovğa və təkəbbürlü olmazdı. Heç kimi incitməz və heç kimlərlə kobudluq etməzdi. Səbirli, sirr saxlayan, əmin idi. Yoxsullarla oturub-durardı. Çox təvazökar və sadə idi, qoymazdı ki, heç kim ondan əvvəl salam versin. Həzrət Peyğəmbər (s) ev işlərində həmişə həyat yoldaşlarına yardım edərdi. Öz şəxsi işlərini özü yerinə yetirərdi. Həzrət (s) həmişə gülərüz olardı. Hədislərin birində oxuyuruq: “Həzrətin (s) əxlaqı belə idi ki, kiminlə qarşılaşsaydı, ona salam verərdi”. Həzrət (s) heç bir zaman başqasının kinini ürəyinə salmazdı. Güclü əfv və güzəşt etmək qüvvəsinə malik idi və heç kimdən intiqam almazdı. Həzrət Peyğəmbər (s) öz mübarək qədəmləri ilə bəşəri nurlandırdığı kimi, peyğəmbərliyə məbus olandan sonra isə qəlbləri nurlandırdı. Əziz Peyğəmbərimizi (s) həmişə özümüzə nümunə və örnək bilək və ondan həyat və İslam dərsi alaq. (Tebyan/ Deyerler.org) Oxşar xəbərlər
|