Zühurun əlamətlərindən olan Bəyda hadisəsi necə baş verəcəkdir?
Bəyda o diyarın adıdır ki, Mədinə ilə Məkkə arasında yerləşir. Hədislərdən belə nəticə çıxartmaq olur ki, Süfyaninin ordusu Mədinəni qarət etdikdən sonra Həzrət Məhdini (ə.f) təqib etmək üçün Məkkəyə yollanar. Bəyda diyarına çatan zaman ordu üç nəfərdən savayı yerə batar. Bu hadisə o zaman baş verəcəkdir ki, İmam (ə.f) zühur edəcək, ancaq hələ qiyam etməyəcəkdir. Süfyaninin Mədinəyə göndərdiyi ilk ordu Şama gedər və haqq ordusu onları qılıncdan keçirərlər. Süfyani bu məğlubiyyətdən sonra ikinci ordunu Mədinəyə göndərər və onlar üç gün Mədinəni qarət edər və qətllər törədərlər. Sonra da Mədinəni Məkkəyə getmək qəsdi ilə tərk edərlər. Bəyda adlı yerə çatan zaman Cəbrayil (ə) tərəfindən torpağa dəyən zərbə nəticəsində yerə batarlar. Hədislərdə oxuyuruq ki, zəkiyyə nəfs Məscidul-haramda qətlə yetirilər. Həzrət Məhdi (ə.f) Məkkəyə tərəf hərəkət edər ki, qiyamını başlatsın. Cəbrayil (ə) Bəyda adlı yerdə Süfyaninin məhv olması üçün car çəkər. İmam Baqir (ə) buyurur: “Süfyianin ordusu Bəyda diyarına gəlib çatar. Carçı car çəkər: “Ey Bəyda diyarı, bu cəmiyyəti məhv et!”. Bu zaman hamı yerə batar”. “Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar qaçıb can qurtara bilməzlər və yaxın bir məkandan yaxalanarlar”. (“Səba” 51). Bu ayədən belə nəticə çıxartmaq olar ki, “yaxın məkandan yaxalanarlar” dedikdə, bu məkanın yarılması və onların batması nəzərdə tutulur. Həmin ordudan bir nəfər dəvəsini tapmaq üçün gedər və qayıdan zaman heç kəsi tapmaz. O, xəbər verər ki, ordu yerə batıbdır. Bu hadisə hansısa zəlzələ və tufan vasitəsilə deyil, məhz İlahi əzaba görə həyata keçmişdir. Quran buyurur: “Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar”. (“Yasin” 82). İmam Sadiq (ə) buyurur: “Bizim ağamız Qaim (ə.f) arxası ilə Kəbəyə söykənər. O kişi ki, başı arxasına çevrilmişdir, Qaimin (ə.f) yanına gələr. Qarşısında dayanar və deyər: “Mənim Mövlam! Müjdə gətirmişəm. Mələklərin mələyi mənə əmr edib ki, sizinlə görüşəm və Bəydada Süfyani ordusunun həlak olduğunu sizə müjdə verəm”. Qaim (ə.f) ona deyər: “Özünün və qardaşının əhvalatını söylə”. Həmin kişi deyər: “Mən qardaşımla Süfyani ordusunda idik. Dünyanı Dəməşqdən Bağdada qədər viran etdik. Kufə və Mədinəni xarab etdik, minbəri sındırdıq. Dördayaqlılar Peyğəmbərin (s) məscidinə öz peyinlərinə tökdülər. Oradan çıxdıq və istədik ki, Allahın evini viran edək və əhalisini qətl edək. Bəydaya çatan zaman yerə batdıq. Bu zaman car çəkən car çəkirdi: “Ey Bəyda! Bu zalım dəstəni özündə batır”. Yer aralandı və bütün ordunu batırdı. Allaha and olsun ki, yer üstündə dəvənin yüyəni belə qalmadı, mənimlə qardaşımdan başqa. Bu zaman mələk bizə elə sillə vurdu ki, başımız arxamıza çöndü. Qardaşıma dedi: “Vay olsun sənə! Dəməşqdə olan məlun Süfyaninin yanına get və ona Ali-Muhəməddən (ə) olan Məhdinin (ə.f) zühurunu xəbər ver və ona de ki, Allah Təala onun ordusunu Bəydada məhv etmişdir”. Mənə isə dedi: “Ey Bəşir! Özünü Məkkədə olan Məhdiyə (ə.f) çatdır. Onu zalımın məhv olması ilə müjdələ. Onun əli ilə tövbə et, çünki o, sənin tövbəni qəbul edəcəkdir”. Sonra Qaim (ə.f) əlini onun üzünə çəkir və o, təbii simasına qayıdır. O, Həzrətə (ə.f) beyət edir və ona qoşulur. (İslami saytlara istinadən) /Deyerler.org/ Oxşar xəbərlər
|