Rəsuləllahın(s) ayı
“Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”
Şəban ayı çox şərəfli aydır və peyğəmbərlərin seyyidi Hz.Məhəmmədə(s) mənsubdur. Hz.Rəsuləllah(s) bu ay başlayandan Ramazan ayına qədər fasiləsiz hər gün oruc tutardı. Şəban – qəməri təqvimin səkkizinci ayıdır. Hədislər bu ayı Hz.Məhəmməd(s) ayı elan edirlər, hətta peyğəmbər(s) özü buyurardı: “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”. O Həzrət(s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Bu ayın əsas bəyənilən əməlinin oruc olması təsadüfi deyil. Şəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Bu aylar bəndə üçün bir fürsətdir ki, Rəbbinin mübarək Ramazan ayında dəvətinə ləyaqətlə cavab verə bilsin. Hz.Əli(ə) buyurur ki, hər kim Allaha daha yaxın olmaq üçün, Peyğəmbəri(s) sevdiyini göstərmək üçün Şəban ayında oruc tutarsa, Allah onu Özünə yaxın edər. Ona görə bu ayda kim nə qədər bacarsa oruc tutmağa çalışsın. Hətta bir şəxs haram qana mürtəkib olsa(birini öldürsə), Şəban ayının orucunu tutmaq onun üçün faydalıdır və günahı bağışlanar. Müstəhəbdir ki, bu ayın hər bazar ertəsi və cümə axşamı oruc tutulsun. Həmçinin ayın son günlərində oruc tutmaqla Ramazan ayının orucu arasında fasilə verməmək bəyənilən əməllərdəndir. Oxşar xəbərlər
|