Ruhullah Musəvi Xomeyni (r.ə)- İntizarın həqiqi mənası
Ayətullahul-üzma Seyyid Ruhullah Musəvi Xomeyni (r.ə) xütbələrinin birində intizarın həqiqi mənasını açıqlayarkən buyurur...
Bismillahir rəhmanir rəhim "...Tanıdığım şəxslər içərisində bir saleh şəxs var idi ki, at almışdı, qılıncı var idi. (Bu baxımdan) tam şəkildə həzrəti Sahib əleyhis-səlamın zühuruna hazırlaşmışdı. Bu cür insanlar öz şəri vacibatlarına əməl edərlər, yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirərlər. Lakin məsələ elə bununla da bitər və bununla kifayətlənərlər. Bundan başqa bir şey etməz, bu işlə bağlı nəsə etmək barədə düşünməzlər. Digər tərəfdən, başqa bir dəstə də var ki, görürsən ki, fərəcin intizarından danışırlar, lakin ətraflarında baş verənlərə arxa çevirirlər. Dünyada nə baş verir, xaqların, millətlərin başına nə gəlir, xalqımız nədən əziyyət çəkir, bunları maraqlandırmır. Bütün fikir-zikirləri yalnızca dini vacibatlarına əməl etməkdir, bundan başqa nə varsa həzrəti Sahibəz-Zəman əleyhis-səlamın işidir; gələcək və hər şeyi özü yoluna qoyacaq! Belə ki, bu dəstədən olan şəxslər deyirlər: Biz baş verənlərə görə məsuliyyət daşımırıq. Bizə vacib ola tək şey həzrəti Sahibəz-Zəmanın zühuru üçün dua etməkdir. Bu şəxslər əslində saleh adamlardırlar. Başqa bir dəstə isə deyir ki, gərək dünya günahla dola ki, həzrəti Sahibəz-Zəman əleyhis-səlamın zühuruna zəmin yarana. Gərək camaatı yaxşılıqlara dəvət etməyək, pisliklərdən çəkindirməyək, gərək onlara toxunmayaq ki, istədiklərini etsinlər və bununla günahlar çoxalsın və fərəc yaxınlaşsın... Hətta bir dəstə var ki, bundan da artığına inanır və deyir ki, gərək insanlar günahlara və haramlara mürtəkib olmağa təşviq edilsinlər ki, dünya zülm və haqsızlıqla dolsun və bununla da İmam Höccət əleyhis-səlam təşrif buyursun! Bu da başqa bir qrup idi. Sözsüz ki, bu şəxslərin içərisində azmışlar da var, sadəlövhlər də. Azğın şəxslər belə işlərin yayılması ilə xüsusi hədəflərini həyata keçirmək istəyirlər. Başqa bir dəstə də var ki, onların etiqadına əsasən qeyb dövründə qurulan bütün dövlətlər batil dövlətlərdirlər və İslamın ziddinədirlər. Bu cür şəxslər bu məsələ ilə bağlı varid olan hədisləri düzgün başa düşməyən kəslərdirlər. Belə hədislərin birində deyilir ki, hansı bayraq həzrəti Sahib əleyhis-səlamın zühurundan öncə qalxarsa batil bayraqdır. Onlar bu hədislərin bütün hökumətlər barəsində olduğunu zənn edirlər. Halbuki, bu hədislər həzrəti Məhdinin (ə) bayrağı qarşısında Məhdəviyyət ünvanıyla bayraq qaldıran şəxslərə işarə edir. İndi fərz etsək ki, bu cür hədislər mövcuddur, görəsən bu bizim üzərimizdən təklifin götürülməsi mənasını verir? Məgər Sahibəl-Əmr (ə) gəlsin deyə günaha aludə olmağa dəvət etməyimiz İslamın zərurətləri ilə və Quranla ziddiyyət təşkil etmir? Həzrəti Sahib əleyhis-səlam nə üçün gələcək? – Ədaləti və düzlüyü yaymaq üçün gələcək, fəsada son qoymaq üçün gələcək. Biz pisliklərdən çəkindirməyib yaxşılıqlara dəvət etməsək və günahın yayılmasına yardım etsək o zaman Qurani-Kərimin açıq-aşkar hökmlərinə qarşı gəlmiş olacağıq. Həzrəti Höccət (ə) nə üçün gələcək? Həzrət bu əməlləri (əmr bil-məruf, nəhy anil-münkər) yerinə yetirmək üçün gələcək. Hazırda insanın üzərində heç bir təklif yoxdur? Məgər insanın üzərində olan təklif budur ki, insan fəsada dəvət etsin? Bəziləri fitnəkarlar və bəziləri də avamlardan ibarət olan bu dəstənin fikrinə əsasən gərək oturub Səddam üçün dua edək. Hər kim Səddama nifrin edərsə, İmam Məhdinin (ə) zühurunun təxirə düşməsinə səbəb olmuşdur!.. Gərək biz Amerika, Sovetlər birliyi və onların Səddam kimi əlaltıları üçün dua edək ki, yer üzü zülm və fəsadla dolsun və bu İmamın zühuruna kömək olsun.. Bəs İmam nə üçün gələcək? İmam gələcək ki, zülm və fəsadı aradan qaldırsın. Bəs İmam gəlib aradan aparacaqsa daha biz nə üçün zülm və azğınlıq üçün dua edirik?! Bizə vacib olan budur ki, dünyanın harasında olursa olsun mümkün olduğu təqdirdə zülm və azğınlıqla mübarizə aparaq. Bizim şəri təklifimiz (vəzifəmiz) buna çağırır, lakin (tam şəkildə) bu bizim üçün mümkün deyil. İmam gəlib yer üzünü ədalət və düzlüklə dolduracaq. Amma bu o demək deyil ki, təklif sizin üzərinizdən götürülüb və siz vacib olanı tərk etməlisiniz. Bizim bir vəzifəmiz var.. O şəxs ki, deyir hökumət qurmaq lazım deyil, mənası budur ki, gərək hərc-mərclik ola. Əgər bir ölkədə bir il hökumət və nizam olmasa, ölkəni başdan-ayağa fəsad bürüyər. O şəxs ki, hökumət qurulmamalıdır deyir, əslində anarxiya olsun deyir, insanlar bir birlərini öldürsünlər, bir-birlərinə zülm etsinlər deyir. Nəyə görə? Həzrət Zühur etsin deyə. Həzrət gələndə nə edəcək- bu vəziyyətə son qoyacaq.. Hansı ağıllı şəxs bunu qəbul edə bilər?..."/Zuhuradogru.org/ nardaranpiri.com Oxşar xəbərlər
|