İmam Məhdi (ə)-ın zühuruna hazırıqmı?
Mьəllif: admin1
Tarix: 3-06-2015, 15:40
İmam Məhdi (ə)-ın zühuruna hazırıqmı?
Bismillahir rəhmanir rəhim
Muhəmməd Baqir Bəhbəhani on üçüncü hicri əsrinin (19-cu əsrin) böyük alimlərindən biridir. 1118-ci hicri ilində İsfahanda dünyaya gəlmiş, 1208-ci ildə müqəddəs Kərbəla şəhərində vəfat etmişdir və qəbri-şərifi İmam Hüseyn (ə)-ın hərəmində şəhidlərin yaxınlığındadır.

Qələm bu böyük müctəhid və ali məqamlı mərceyi-təqlidin İslama və dinə göstərdiyi xidmətləri saymaqda və vəsf etməkdə acizdir. Bütün ömrünü haqq kəliməsinin ucaldılmasına, haqq olan imamiyyə məzhəbinin yayılmasına və muhəmmədi şəriətin dirçəldilməsinə sərf etmişdir.

Bir çox kitab və əsər qələmə almışdır. Tələbələri ən böyük və ən görkəmli müctəhid və alimlərdən hesab olunur. Onlara misal olaraq mərhum Nəraqini, Seyyid Bəhrul-Ulumu, Şeyx Cəfər Nəcəfini, "Riyaz" və "Qəvanin" kitablarının müəlliflərini göstərmək olar.

Şeyx Bəhbəhani mənəvi baxımdan da uca məqamlara çatmış və Mövlanın lütfünə məhzər olmuş bir şəxsdir. Aşağıdakı qissəni şeyx özü nəql edərək deyir:

Kərbəlaya gəldiyim ilk günlərdə moizə və irşad üçün minbərə çıxırdım. Bir gün belə oldu ki, söhbət əsnasında Ravəndinin "Xəraic" kitabında oxuduğum bir hədisi-şərifi qeyd etdim. Hədisin məzmunu bundan ibarət idi ki, "gərək insanlar tez-tez deməsinlər ki, nə üçün Sahibul-əmr zühur etmir? Çünki camaatın onunun üslubuna dözməyə taqətləri yoxdur. O qalın paltar geyəcək, quru çörək yeyəcək".

Mən hədisə şərh olaraq dedim: Həqiqətən də Sahibul-Əmrin (ə) qeybə çəkilməsi Allahın bizə olan gizli lütflərindəndir. Çünki bizim onun işlərinə təhəmmül edəcək gücümüz yoxdur.

Bu zaman gördüm ki, camaat yerdən danışmağa, bir-birlərinə baxmağa və astadan dediyimdən razı olmadıqlarını göstərən sözlər deməyə başladılar. Hətta vəziyyət elə bir həddə çatdı ki, söhbətimi ixtisar edib məclisi bitirmək məcburiyyətində qaldım. Bir başa evə yollanıb evə daxil oldum və qapını arxadan bağladım. Bir saat keçməmişdi ki, qapı döyüldü. Soruşduqda ki, kimdir qapını döyən, dedi: Mən filankəsəm, sənin məsçiddəki səccadəni gətirmişəm. Qapını açıb səccadəni ondan aldım və etinasız bir şəkildə evin bir küncünə atdım. Bu zaman o mənə dedi:

Səccadənlə ehtiramla davran, ey mürtəd! Günah bizdədir ki, biz bu qədər müddəti sənə iqtida etməklə bütün ibadətlərimizi zay etmişik! Mən qapını bağladıqdan sonra səccadəni götürdüm.

Hücuma məruz qalmaqdan qorxub qapını kilidlədim. Sonra mat-məəttəl oturub olub bitənlər və o şəxsin dediyi sözlər barədə fikirləşməyə başladım. Gecə yarısı və ya biraz əvvəl idi ki, yenidən evin qapısı döyüldü. Soruşdum kimidir qapı döyən? Cavab verdi və bildim ki, gündüz gələn həmin şəxsdir. Elədiklərinə görə məndən üzr istəyərək və möhkəm and içərək xahiş edib istəyirdi ki, qapını onun üçün açım. Lakin mən tərəddüd edirdim. Çünki hər hansısa bir təhlükəli iş görməyindən qorxurdum. Lakin çox and içib acizliyini izhar etdi ki, bu da məni onun sözünə güvənib düz dediyinə inanmağa vadar etdi. Qapını açdım. Qapını açar-açmaz özünü yerə atıb ayaqlarımdan öpmək istədi. Mən dedim: Ey müsəlman, bu nə işdir görürsən, ayağımı niyə öpmək istəyirsən? Bu hərəkət nədir, bir neçə saat əvvəl mənə mürtədd deməyin nədir?

Dedi: Məni qınamayın. Sizin yanınızdan ayrılıb evə getdim. Məğrib və işa namazlarını qılıb yatdım və bir yuxu gördüm. Yuxuda gördüm ki, Sahibul-Əmr (ə) zühur edib. Xidmətində olam deyə yanına tələsdim. Həzrət mənə dedi: Ey filankəs, üzərindəki əba ki, var, filankəsin malındandır, xəbərin yoxdur. Gərək onu çıxarıb sahibinə qaytarasan. Mən əbanı çıxarıb qaytardım. Sonra dedi: Bu paltar da filankəsindir, sən isə onu filankəsdən almısan. Gərək onu sahibinə qaytarasan. Mən paltarı da sahibinə qaytardım. Sonra başqa bir neçə işi yerinə yetirməyimi əmr etdi. Bunun nəticəsində bütün sahib olduğum paltarları paylamalı oldum. Sonra mənim evimə gəldi. Eyni üsulla ev əşyalarımı ayırdı, sonra da mülkiyyətimdə olan heyvanları, sonra bağımı və sair malik olduğum şeyləri. Sonra əlavə edib dedi: Sənin zövcən ki, var, əslində süd bacındır, xəbərin yoxdur. Gərək onu ailəsinə qaytarasan. Mən onu qaytardım. Bu əsnada oğlum Qasıməli bizə tərəf gəldi. Sahib (ə) onu görən kimi dedi: Bu uşaq o qadından dünyaya gəlib və buna görə də haramdan dünyaya gəlmişdir. Al bu qılıncı, get onun boynunu vur. Bu zaman hövsələdən çıxıb qəzəbləndim və dedim: "Allaha and olsun ki, sən Ağa deyilsən. Sən heç Ali Muhəmməd (ə) nəslindən deyilsən, o ki qala Sahibəz-Zəman olasan!" Bunu demişdim ki, yuxudan oyandım. Başa düşdüm ki, bizim onun əmr və göstərişlərinə taqətimiz yoxdur. Beləcə sizin dedikləriniz mənim yanımda doğru oldu. İndi etdiyim hərəkət və sözlərə görə sizdən üzr istəyirəm. Xahiş edirəm məni əvf edin və bağışlayın". (Xəzinətul-Cəvahir: səh.570)

"Riaəyətul-İmamil-Məhdi (ə.f)", Əli əl-Cuhrəmi /Zuhuradogru.org/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031