Allah və Əhli-Beyt (ə) sevgisi
Necə etmək olar ki, insan qəlbində Allah və Onun övliyalarının sevgisi yer alsın?
Allah və Əhli-Beytə (ə) aşiqlik insan üçün bir məqamdır. Bu məqama necə çatmaq olar? Necə etmək olar ki, insan qəlbində Allah və Onun övliyalarının sevgisi yer alsın? İnsan bu mərifətə necə çata bilər? Təbii ki, bütün bu sualları ilahi eşqin ləzzətini dadmış insan verə bilər. Bu günə qədər ariflər bu yolda təlaş göstərib və yolçulara kömək ola biləcək tövsiyələr verib. Allaha sevginin iki yolu var: 1. Nəzəri yol. Bu yol mərifət, elm, şüur yoludur. İnsan tanımadığını sevmir. Dünya, varlıqlar barədə mütaliə ilə, ilahi sifətlər barədə düşünməklə öz mərifətinizi, biliyinizi artırın. Hər şeydə Allahı müşahidə etməyə səy göstərin. Görün Allahın bütün varlıq aləmində necə cilvələri var! Onu hər görünəndə, hər yaranmışda müşahidə edə bilərsiniz. Görərsiniz ki, mərhəməti üzərinizdədir. O zaman Haqq-Taalaya aşiq olarsınız. 2. Əməli yol. Həzrət Əli (ə) buyurur: “Allahı sevirsinizsə, dünya sevgisini qəlbinizdən çıxarın.” Əbdürrəzzaq Kaşifi yazır: Məhbuba eşq vüsal tələb edir. Ruhu əta etmədən vüsal hasil olmaz. Məhbubun camalı ilə üns tələb edir ki, qəlbin məhbubdan qeyrilərinə meyli diqqəti qırılsın. Aşiq eşqində sadiqsə qəlbi məhbuba məxsusdur. Allaha itaət-ibadət, vacib əmrlərə tam itaətdən sonra müstəhəblərə əməl etmək Allahla dostluğun yaranmasında çox təsirlidir. Bəzən məhəbbət mərifətdən, ilahi bilikdən qaynaqlanır. Bəzən onun səbəbi ibadətdir. Əksi də olur. İbadətdən məhəbbət yarandığı kimi, məhəbbət insanı ibadətə sövq edir. Demək, mövzunun aydın olması üçün qeyd etdiyimiz üç məfhum arasında rabitəni araşdırmaq lazım gəlir. Mərifətlə məhəbbət arasında nə kimi rabitə var? Aydındır ki, məhəbbət mərifətdən qaynaqlanır. Necə ki, məhəbbətin ziddi olan nifrətin kökü mərifətdədir. İnsan birinin yaxşı olduğunu tanıdıqda onu sevir, pis olduğunu bildikdə ona nifrət edir. Sevgi və nifrət insanın tanışlığı, biliyi ilə əlaqəlidir. İnsan gözəlliyi sevir, çirkinlikdən qaçır. Onu gözəllik cəzb etdiyi kimi, çirkinlik qaçırır. İnsanın görmədiyi, haqqında məlumata malik olmadığı birini sevməsi mənasızdır. İnsan əvvəlcə tanıyır, sonra aşiq olur. Bir şeyi görmədən, bir şeyin ləzzətini, tamını bilmədən onu sevmək heç bir məna kəsb etmir. Hətta sevginin növü mərifət, tanışlıq növünə, məşuqun növünə bağlıdır. Bəzi insanlar hissiyatlıdır. Onların mərifəti, bir mövzu ilə tanışlığı hiss sərhədlərini aşmır. Onları yalnız gözəllik cəzb edir. Bəzilərində isə hisslə yanaşı ağıl hökm çıxarır. Belə insanlar əqli, mücərrəd gözəlliklərdən də ləzzət alırlar. İnsanın sevgi dərəcəsi, sevgisinin gücü onun mərifət dərəcəsindən asılıdır. Xüsusi ilə Allah-Taalaya münasibətdə bu mütənasiblik qorunur. İnsan Allahı çox tanıdıqca, Ona daha çox bağlanır. İnsanın yolun başlanğıcında elmi mərifətlə əldə etdiyi sevgi onun yolun sonunda müşahidə ilə əldə etdiyi sevgidən fərqlənir. Mücadilə surəsinin 11-ci ayəsində oxuyuruq: Yərfəillahuləzzinə amənu minkum vəlləzinə utul-ilmə dərəcat ... Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaldar ... Bəli, insanın mənəvi yüksəlişində, ilahi eşqə çatmasında iman, elm və bilik dərəcələrinin əhəmiyyəti var. Sevgi ilə ibadət arasında necə rabitə var? İbadət insanın mərifət və imanı ilə şərtlənib. Amma cəhənnəm qorxusu, behişt ləzzəti həvəsi ilə də ibadət edilməsi mümkündür. Amma insanı kamiliyyə çatdıran ibadət Allaha sevgidən qaynaqlanan ibadətdir. İmam Sadiq (ə) bir rəvayətdə buyurur: “Allahın bəndələri üç qrupdur. Bir qrupun ibadəti qorxudandır, onlar quldurlar. Başqa bir qrupun ibadəti tamahdandır, onlar muzdurdurlar. Üçüncü qrupun ibadəti sevgidəndir, onlar azad insanlardırlar. Bu qrup ibadət edənlərin ən üstünüdür.” İslam baxımından, əməl və ibadətin əxlaqi dəyəri, qurucu təsiri insanın agahlıq və azadlığından asılıdır. Qorxu və tamah azadlıq üçün təhlükəli amillərdir. Qorxaq və tamahkar insan azad olmur. Yalnız sevgi əsasında ibadət edənlər qorxu və tamahdan qırılır, ibadətləri kamil olur. Bu gözəl rəvayətdən aydın olur ki, həqiqi ibadətin kökü ilahi məhəbbətdədir. İbadətin əsl amili Allah sevgisidir. İbadətlə mərifət arasındakı rabitəni nəzərdən keçirək. Mərifət məhəbbətə zəminə olduğu kimi, ibadət də dərin mərifətə yiyələnmək üçün zəmin yaradır. İnsan mərifət, məhəbbət və ibadət üçbucağında formalaşər. Mərifət artdıqca məhəbbət güclənir, ibadət daha xalis olur. Belə bir ibadət insanı kamillik və səadətə aparır. Həzrət Əli (ə) buyurur: “Dindarlığın səmərəsi mərifət və yəqinliyə çatmaqdır.” İlahi məhəbbətə çatdıran amillər hansılardır? Deyilənlərdən aydın oldu ki, ilahi məhəbbətin əldə olunmasında mərifət və ibadət ən təsirli amillərdir. İlk addımda məhəbbət mərifətlə şərtlənir. Məhbubu tanımadan sevmək olmaz. Bir az da dərinə getsək, ibadət daha artıq mərifət və məhəbbət əldə etməyə köməkçi olur. İlahi məhəbbəti gücləndirmək üçün ariflərin tövsiyələrini yada salaq: 1. Xüsusi şəraitdə gözəl və həzin səslə Quran oxumaq; 2. Allah barədə düşünmək və onun zikrini davamlı etmək; 3. İlahi nemətlərə diqqət. Bu diqqət Allahın rəhmət və məhəbbətini görməyə kömək edir; 4. Yaranışdakı gözəlliklər və qəribəliklərin mütaliəsi; 5. Əhli-Beyt (ə), övliyalar, Allah dostları ilə ruhi və mənəvi rabitə; 6. Zikr, övliyalarla ünsiyyət məclislərində iştirak etmək; 7. Mərifət və eşq əhlinin əsərlərini, şeirlərini oxumaq. İlahi məhəbbətə doğru hərəkət yolunda ən böyük maneə dünya sevgisidir. İnsan qəlbində ilahi sevgi ilə dünya sevgisi eyni zamanda yer ala bilməz. İnsan ya dünyanın, ya da Allahın aşiqidir. Buna görə də, ilahi sevgiyə çatmaq üçün mühüm şərtlərdən biri dünya sevgisini qəlbdən çıxarmaqdır. Həzrət Əli (ə) bu barədə buyurur: “Əgər Allahı sevirsinizsə, dünya sevgisini qəlbinizdən çıxarmağınız lazımdır.” Qəlbi dünya sevgisi ilə dolmuş insan ilahi eşqdə iddialı ola bilməz. Gecə və gündüz eyni vaxtda mümkün olmadığı kimi, Allah sevgisi də dünya sevgisi ilə eyni zamanda mümkün deyil. Allah və Onun övliyalarının eşqinə çatmaq istəyən insan qəlbindəki pərdələri, hicabları bir qədər kənara çəksə faydalıdır. Bu pərdələr çəkildikcə qəlb gözü açılır. Qəlb gözü açılanda insan Allahın ona verdiyi misilsiz nemətləri görür. O ətrafına baxanda Allahın lütfündə qərq olduğuna şahid olur. Allah-Taala böyük mərhəmətlə öz bəndəsini nemətlərə qərq edib və onun pisliklərinə göz yumaraq varlıq nizamını idarə etməkdədir. Əgər insan bir an qəflət yuxusundan oyanıb Allahın nemətlərini görə bilsə qəlbində ilahi eşq şölələnər. Misilsiz ehsanları görənin qəlbində ehsan sahibinə eşqin yaranması təbiidir. Əvvəlcə bir şam kimi şölələnən eşq zaman keçdikcə güclənir. Demək, Allaha eşq yolu Allahın öz bəndəsinə eşqinə şahid olmaqdır. Allahın eşqini isə qəlb gözü qarşısındakı pərdələri açmadan görmək mümkün deyil. Bu hicabı hansı yollarla kənara çəkmək olar? 1. Allahın sifətlərini düşünmək; 2. Etiqadi kitablar oxumaq; 3. İstər Əhli-Beytdən (ə) nəql olunmuş dua və minacatlarla, istərsə səmimanə şəkildə Allahla söhbət etmək; 4. Gündəlik işlərdə Allahın razılığını düşünmək, Onunla danışıb, Onun razılığını qazanıb addım atmaq; 5. Bir ömür həyatını ilahi eşqi qazanmağa sərf etmiş arif və övliyaların həyatını mütaliə etmək; 6. İmam və övliyaların ziyarətinə getmək; 7. Namaz, oruc, sədəqə kimi xeyir işlər görmək. Naqis də olsa Allah övliyalarına ziyarət hədiyyəsi vermək. Həqiqi eşq, böyük eşq və ya ilk məhəbbət nədir? Həqiqi məşuqə eşq xüsusi bir eşqdir. Allah-Taala varlıq aləmini, o cümlədən insanı eşqlə yaradıb. Quran-Kərim onu həqiqi məhbub kimi təqdim edir. Rəvayətlərdə Allahın eşqindən söz açılır. Şairin təbirincə, məni xərabət əhli olduğum üçün qınama, eşq mürşidi mənə oranı göstərib; ilk gündə verdiyim əhd üzərində sadiqəm, bu eşqdən keçmərəm ... Öncə qeyd etdik ki, eşq nəzəri və əməli olmaqla iki yolla əldə edilir. Nəzəri yol budur ki, insan ilk addımda misilsiz Allahı tanısın. İnsan Allahı üç yolla tanıya bilər: Qəlb (fitrət); hiss və elm (təbiət); əql (vəhy). Əməli yol budur ki, ayə və rəvayətlərin göstərişlərinə əməl edərək Allahı bütün mövcudlarından, xüsusi ilə dünya sevgisindən üstün tutaq. Allahın zahiri və batini əmr və qadağalarına əməl edək. Allahla görüşü (ölümü) dünyada qalmaqdan üstün tutaq. Əməli eşqdə Allah övliyaları ilə dostluq, Allah düşmənləri ilə düşmənçilik şərtdir. İnsan Allah yolunda öz malı və canı ilə cihad aparmalıdır. Bu yolda Allah-Taalanın tədbirlərindən tam razı olmaq lazımdır. İnsan xəlvətə çəkilməyə, Allahla xəlvətdə raz-niyaza həris olmalıdır. Quran tilavəti, hər zaman Allahın zikri, hər şeyi Allahdan kiçik saymaq, Allahın bəndələri ilə mehribançılıq, zalım kafirlərlə düşmənçilik, eşqə çatmağın əməli yollarındandır. Həqiqi eşqdə məşuq yeganədir. Bu eşqə təsirli amildir. Əməli yolda şərtlərdən biri də vacib əmrləri tam yerinə yetirmək, bundan sonra müstəhəb əməllərə diqqətli olmaqdır. Əhməd ibn Məhəmməd ibn Xalid Bəriqi Məhasin kitabında İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allah-Taala buyurur: Bəndəm Mənim ona vacib etdiklərimi yerinə yetirmədən məhəbbətimi qazana bilməz ...” Allah buyurur ki, insan Allahın müstəhəb saydığımız əmrlərini yerinə yetirməklə ilahi eşqə çata bilər. Allah buyurur ki, insan bu əmrləri yerinə yetirdikdə Mən onun aşiqi, eşidən qulağı, görən gözü, danışan dili, götürən əli, yeriyən ayağı olaram. Allah vəd edir ki, belə bir bəndə nə zaman Onu çağırsa çağırışı cavabsız qalmaz. Allah-Taala buyurur ki, bəndəm ölümü xoşlamadığı kimi, Mən də onu incitməkdən xoşlanmaram. Şairin təbirincə, eşq alovu şölənəndə “La” qılıncı məşuqdan başqa nə vardısa onu aradan götürdü. Nəzərə alaq ki, eşqin iki yönü var, iki tərəfi var. İnsan Allahı sevdikdə Allah da bəndəsini sevir. Əlbəttə ki, Allahın eşqi fərqlidir. Ayə və rəvayətlərdə Allahın öz bəndəsinə eşqindən danışılır. Biz bəndənin Allaha eşqindən danışdığımız üçün Allah aşiqinin bəzi nişanələrini sadalayırıq: Allah dostlarını sevmək, həvəslə ibadət, xidmət göstərməkdən yorulmamaq, Allahın nemətlərindən qədərincə istifadə etmək, ilahi sınaqların çoxluğu, insanların eybini açmamaq, sağlam qəlb və gözəl əxlaq, dünyadan küskünlük, səbr və aramlıq, sədaqət və düzgünlük, elm, yetərli ibadət, əmanətə diqqət ... Mərhum Baba Tahirin təbirincə, Ya Rəbb, Öz eşqinlə məni yox et, əlimdə eşqindən başqa bir şey qalmasın ... Vilayet.nur-az.com Oxşar xəbərlər
|