Qəlbin qəsavəti (bərkiməsi)
Öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməlidir
İnsanın qəlbi ilk əvvəldə səfa, nuranilik, mehribanlıq və xüsusi rəhmətə malik olur. Başqa insanların, hətta heyvanların belə, əzab-əziyyətdə olmasından, narahatlığından ruhən əzab çəkir. Başqalarının da xoşluqda, rahatlıqda və firavan yaşamasını istəyir, başqalarına yaxşılıq etməkdən sevinir, mənəvi ləzzət alır. Özünün pak niyyəti ilə Allaha diqqət yetirir, ibadətdən, duadan, raz-niyazdan, yaxşı işlər görməkdən sevinc duyur, günah işə mürtəkib olduqda dərhal təsirlənərək peşmanlıq hissi keçirir. Əgər fitrətin çağırışına cavab versə və ona uyğun əməl etsə günbəgün daha artıq səfalı, nurani, mehriban və ürəyi yanan olur. Dua və ibadət nəticəsində günbəgün Allahla ünsiyyətə, dua və ibadətə rəğbət tapır. Amma əgər öz daxili hisslərini və atifələrini nəzərə almayaraq, onun əksinə əməl edərsə nuraniyyəti tədricən azalmağa üz qoyur, axırda elə bir həddə çatır ki, hətta onun tamamilə məhv olub sönməsi də mümkündür. Belə olan halda başqalarının başına gələn acı hadisələri və xoşagəlməz şeyləri gördükdə azacıq belə təsirlənmir, hətta mümkündür ki, başqalarının yoxsulluq, aclıq və zəifliyindən, hətta zindana düşüb işgəncəyə məruz qalmasından, qətlə yetirilməsindən belə sevinib ləzzət alsın. İnsan günaha mürtəkib olduğu ilk vaxtlarda narahat və peşman olur, lakin əgər bir dəfə günaha mürtəkib olarsa ikinci dəfə daha hazırlıqlı olur, üçüncü dəfə günah iş onun üçün daha asan olur. Günahın davam etdirilməsi nəticəsində elə bir həddə çata bilər ki, günahdan nəinki peşmançılıq hissi keçirməz, üstəlik onu nailiyyət hesab edərək şad olar. Belə şəxslərin qəlbi qaralıb tamamilə dəyişilir və Quran və hədislərin dili ilə “qəsavət bağlamış” (bərkimiş, daşlaşmış) hesab olunur. Şeytan onların qəlblərini özünün tam ixtiyarına keçirir; Allahın müqərrəb mələklərini oradan çıxarır. Nicat yolları bağlanır, artıq onun tövbə edib Allah dərgahına qayıdacağına bir ümid yoxdur. Allah Quranda buyurur: “Nə üçün Bizim bəlamız onlara çatdığı zaman tövbə edib yalvarmırlar? Onların qəlbləri qəsavət bağlamış, şeytan onların çirkin işlərini onların nəzərində gözəl cilvələndirmişdir.” (“Ənam” surəsi, 43-cü ayə ) Başqa bir ayədə buyurulur: “Vay olsun o kəslərin halına ki, qəlbləri Allahı yad etməkdən (qafil olaraq) qəsavət bağlamışdır. Belə şəxslər aşkar azğınlıqdadırlar.” (“Zumər” surəsi, 22-ci ayə ) İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər mömin bəndənin qəlbində ağ bir nuraniyyət vardır. Əgər günaha mürtəkib olaraq onu yenidən təkrar edərsə, onda qara bir nöqtə əmələ gələcəkdir. Əgər özünün günah işlərini davam etdirərsə qara nöqtə tədricən genişlənir, qəlbin ağlığını bütünlüklə örtür. Belə olduqda həmin qəlbin sahibi heç vaxt xeyrə doğru qayıtmır. Allah-təalanın Quranda buyurduğu “əksinə, əməlləri onların bütün qəlblərini örtmüşdür” deyə buyurduğu şəxslərdən olur.” (“Biharul-ənvar”, 73-cü cild, səh.361) Əmirəlmöminin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanın gözünün yaşı yalnız qəlbin qəsavəti nəticəsində quruyar. Qəlb də yalnız günahın çoxluğu nəticəsində qəsavət bağlayır.” (“Biharul-ənvar”, 73-cü cild, səh.354) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Dörd şey insanın bədbəxtçilik əlamətlərindəndir: Gözün quruması, qəlbin bərkiməsi, ruzi axtarmaq üçün həddən artıq hərislik və günahlarda davamlı olmaq.” (“Biharul-ənvar”, 73-cü cild, səh379) Məhz buna görə də məsum imamlar (ə) dualarda qəlbin bərkiməsindən və qəsavətindən Allaha pənah aparmışlar. Nümunə olaraq aşağıdakıları qeyd edirik: İmam Səccad (ə) dua edərək deyir: “Pərvərdigara! Vəsvəsələr sayəsində daim dəyişilməkdə olan, aludəlik və möhürlənməklə yanaşı olan qəlbin bərkliyindən Sənə şikayət edirəm. Sənin qorxundan ağlamayan, onu sevindirən şeylərə göz dikən bir gözdən Sənə şikayət edirəm!.” (“Biharul-ənvar”, 94-cü cild, səh.143) Deməli, öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməli, öz nəfsini həmişə yaxşı işlərlə - ibadət, dua, raz-niyaz, nəvaziş, ürəyi yananlıq, mehribanlıq, başqalarına ehsan və kömək etmək, məhrumları, məzlumları müdafiə etmək, xeyirxahlıq, xeyir işlərdə həmkarlıq, ədaləti istəmək, ədalətli olmaq və s. zinətləndirməlildir. Belə ki, tədricən yaxşı işlərə adət etsin, batini nur və səfası davam edərək təkamülə çatsın ki, onun qəlbi Allahın müqərrəb mələklərinin xüsusi yerinə çevrilə bilsin. Oxşar xəbərlər
|