Dua ilə zühuru Ramazanın 23-nə salaq
12ci imamımız olan imam Mehdi (ə) sağdır, diridir və hal-hazırda dünyada mövcuddur. Dünya fəsadla, zülm və sitəmlə dolan zaman Allahın əmriylə üzə çıxacaq, zalımları qətlə yetirəcək və dünyanı ədalətlə dolduracaqdır. Onun zühuru cümə günü Məkkədə olacaq, amma onun vaxtını Allahdan başqa heç kəs bilmir. Lakin Onun zühuru ilə əlaqədar olan bəzi əlamətlər (nişanələr) vardır ki, onlara zühur əlamətləri deyirlər. O əlamətlərin bəzisi zühurdan qabaq, bəzisi də zühur ərəfəsində və ya onunla bir vaxtda olacaqdır. Biz hazırda Axirəz-zaman dövründə yaşayırıq. Zühur əlamətlərinin bəzisi artıq olub keçib, bəzisi də indi mövcuddur. (Misal üçün hədisdə vardır ki, həmin zamanda insanlar bir-birlərini görmədikləri halda uzaq məsafədən bir-birləriylə danışarlar, müharibələrin bəzisi səmada baş verər və s.) Zühur əlamətləri Peyğəmbər (s.ə.s), imam Əli (ə) və digər imamların dilindən olan rəvayət və xəbərlərdə gəlib bizə yetişib. Bu əlamətlərin sayı çoxdur ki, artıq çoxu da baş vermişdir, amma, zühurdan əvvəl bəzi hadisələr baş verəcəkdir ki, onlar zühurun tam astanasında olar. Bunlar 5 əlamətdir. İmam Sadiq (ə) bu haqda buyurur: "Mehdinin (ə.f) zühurundan əvvəl 5 əlamət baş verəcəkdir: Səmadan güclü səs, Yəmənlinin qiyamı, Beyda çölündə yerə batma, Süfyaninin qiyamı, Nəfsi-Zəkiyyənin qətl edilməsi". Bu hadisələr zühura çox yaxın baş verəcəkdir. Bu hadisələr hər biri göründükcə intizarda olanların ürəyindəki ümid nurunu daha çox alovlandıracaqdır. 1. Süfyaninin qiyamı Zühurun qəti əlamətlərindən biri – Süfyaninin qiyam etməsidir. O qan içən, Əməvi əsilli, Əhli-Beytə (ə) nifrət bəsləyən və Əbu Süfyanın nəslindən olan bir şəxsdir. Adı Osman ibn Ənbəsədir. Eybəcər üzlü, böyük başlı, üzündə çopur olan bir şəxsdir. Suriyada qiyam edəcək (Şamdakı "quru vadidən" çıxacaq). O, müxalif olan iki dəstəyə hakim olacaq və zahirdə qələbə çalacaqdır. Həmin müxalif iki dəstənin birinin başında qırmızı simalı kişi və o biri dəstənın başında cüzama düçar olan bir kişi duracaqdır. Süfyani üçün siyasi və ictimai mühit hazır olacaqdır və o, geniş bir əraziyə hakim olacaqdır. Yolunu azmışlar onun ardınca gedəcəklər. Bütün bu hadisələr 6 ay ərzində baş verəcəkdir. Böyük fitnə və bəlalar törədəcək, çoxlu insan qətlə yetirəcək, hörmətləri aradan aparacaq. Bütün bunları o və onun Şamdan İraqa və Mədinəyə göndərəcəyi qoşunu edəcək. Onun çıxışı Rəcəb ayında olacaq və bayrağı qırmızı (və ya yaşıl) olacaq. Onun İraqa göndərəcəyi qoşun çoxlu qırğınlar törətdikdən sonra Şama qayıdacaq. İmamın zühurundan xəbər tutacaq və buna görə Mədinəyə qoşun göndərəcək, həmin qoşun isə Beyda adlanan çöldə yerə batacaq. İmam Mehdi (ə) Kufədən sonra Şama üz tutacaq və burada Süfyanini və onun adamlarını məhv edəcək. Beləliklə Allah bəndələrini onun şərrindən xilas edəcək. Rəvayətlərə əsasən, Süfyani Utbə ibn Əbi Süfyanın nəslindəndir. O, rəcəb ayında, Şamda qiyam edəcəkdir. 2. Səmadan güclü səs Zühurdan əvvəl səmadan güclü səs gələcəkdir. Bəzi hədislərə görə, bu səs Cəbrayilin (ə) səsidir. Ramazan ayının 23cü gecəsində, cümə günündə eşidiləcəkdir ki, buyrulur: "Ey Allah bəndələri, dediyimi eşidin: Bu Ali-Muhəmmədin (s) Mehdisidir ki, Məkkə torpağından zühur etmişdir. Elə isə ona cavab verin" imam Baqir (ə) buyurur: "Mehdinin (ə) qiyamı həyata keçməz, məgər o halda ki, səmadan car çəkən car çəkər ki, şərq və qərbdə olanlar onu eşidərlər". Hər bir xalq bu səsi öz dilində eşidəcəkdir. İmam Sadiq (ə) buyurur: "Hər bir dildən olan camaat həmin səsi öz dilində eşidəcəkdir". Bu səs möminlər üçün ən böyük müjdə və sevinc olacaq. Qızlar evlərindəki pərdə arxasından bu səsi eşidəcəklər və atalarını və qardaşlarını İmam Mehdiyə (ə) yardıma getməyə təhrik edəcəklər. Bununla yanaşı o səs həm də zalımlar və təkəbbür sahibləri üçün böyük bir təhdid olacaq. Belə ki, onları qorxu-təlaş bürüyəcək və plan cızacaqlar... 3. Beyda çölündə yerə batma "Beyda", içində heç bir şey (bitki və s.) olmayan və Məkkə ilə Mədinə arasında yerləşən çölün adıdır. Süfyani İmam Mehdini (ə) ələ keçirməkdən ötrü Mədinəyə qoşun göndərəcək. Lakin qoşun yolda ikən qoşun başçısına xəbər çatacaq ki, imam (ə) Mədinədən çıxıb. Bunu bilincə o ordusunu Məkkə istiqamətinə göndərəcək. Lakin qoşun Beyda çölünə çatınca yerə batacaq. İmam Baqir (ə) buyurur: "Süfyani ordusunun rəhbərinə xəbər çatacaqdır ki, Mehdi (ə) Məkkəyə tərəf getmişdir. Ordunu onun ardınca göndərər. Ancaq o, Həzrəti (ə) tapmaz. Süfyaninin ordusu Beydaya çatan zaman car çəkən səmadan səslənər: "Ey Beyda diyarı! Onları məhv et!". Həmin diyar da ordunu udar. Bu hadisədən ancaq iki nəfər salamat qalar. Biri müjdə olaraq bu xəbəri İmam Mehdiyə (ə) çatdırar, biri də xəbərdarlıq olaraq Süfyaniyə aparar". 4. Nəfsi-Zəkiyyənin qətli (öldürülməsi). Nəfsi-Zəkiyyə dedikdə pak və günahı olmayan kamil insan nəzərdə tutulur. Bəzi hədislərə əsasən o, imam Hüseynin (ə) nəslindəndir. Zühurdan öncə baş verəcək qəti əlamətlərdən biri də Nəfsi-Zəkiyyənin (Muhəmməd ibn Həsənin) qətlə yetirilməsidir. Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi hadisəsi səmadan eşidiləcək "güclü səs"dən sonra baş verəcək. Hədislərin də işarə etdiyi kimi onun öldürülməsi zühur günündən çox qısa bir müddət öncə olacaq. Belə ki, Fəzl ibn Şazan öz sənədi ilə Salehdən nəql edir ki, imam Sadiqin(ə) belə buyurduğunu eşidib: "Qaimin qiyamı ilə Nəfsi-Zəkiyyənin öldürülməsi arasında yalnız on beş gecə fasilə olacaq". Bu hədisə əsasən imam Mehdinin (ə) qiyamından on beş gecə əvvəl Nəfsi-Zəkiyyə qətlə yetiriləcəkdir. İmam (ə) onu höccəti tamam etmək və Əhli-Beytə (ə) yardım etmələrini istəməsi üçün Məkkə camaatının yanına göndərəcək. Necə ki, hədisdə gəlmişdir: "...Qaim(ə) öz səhabələrinə deyəcək: Ay camaat, Məkkə camatı məni istəmir. Lakin mənim kimi birisi onlara höccəti tamam etməlidir deyə mən onlara (höccəti tamam etmək üçün) bir elçi göndərəcəyəm. Bunu deyib səhabələrindən bir nəfəri yanına çağıracaq və ona deyəcək: Məkkə camaatının yanına get və onlara de: Ey Məkkə əhli, mən filankəs tərəfindən sizə göndərilən bir elçiyəm. O sizə deyir: "Biz rəhmət əhli-beytiyik, risalət və xilafət mədəniyik, biz Muhəmmədin nəsli, peyğəmbərlərin sülaləsiyik. Həqiqətən də bizə qarşı zülm olundu, əziyyət edildi, təzyiqlər göstərildi, Peyğəmbərimizin (s) dünyadan köçdüyü gündən ta bu günədək haqqımız əlimizdən alındı. (İndi) biz sizdən kömək istəyirik, bizə kömək edin". Bu cavan bu sözləri deyincə onun üstünə hücum çəkib "rükn" ilə "məqam" arasında başını kəsəcəklər. O, Nəfsi-Zəkiyyədir. Bu xəbər imama (ə) çatdıqda öz səhabələrinə deyəcək: Mən sizə deməmişdim ki, Məkkə camaatı məni istəmir? Beləcə Məkkəlilər imamı dəvət etməyəcəklər, o isə qiyam edib Bədr səhabələrinin sayı qədər adamla – yəni 313 nəfərlə birgə Tuva keçidinə düşəcək. Sonra isə Məscidul-Hərama gəlib İbrahim məqamında dörd rəkət namaz qılacaq. Arxasını qara daşa söykəyəcək. Allaha həmd-səna edib Peyğəmbəri (s.ə.s) yad edəcək, ona salavat göndərəcək. Sonra isə elə bir xütbə edəcək ki, hələ heç kəs belə bir xütbə etməmişdir..". 5.Yəmənlinin qiyamı. Yəmən diyarından ordu başçısının qiyam etməsi də zühurun əlamətlərindən biridir. O, saleh və mömin bir insan olacaqdır. Bütün gücü ilə pisliklər və günahla mübarizə aparar. O, hamını haqqa dəvət edər. Hər kim onun qiyamından üz çevirər, Cəhənnəm əhli olar. İmam Baqir (ə) buyurur: "O zaman ki, Yəmənin hidayət bayrağı qaldırılar, heç bir müsəlmana halal deyildir ki, onun hərəkatına qoşulmaqdan boyun qaçırtsın. Hər kim boyun qaçırdar və itaət etməz – Cəhənnəm əhlidir. Çünki (Yəmənli) insanları haqqa və düz yola dəvət edər". Qeyd etmək lazımdır ki, İmam Mehdinin(ə) iki zühuru olacaqdır. Onlardan biri "kiçik zühur", digəri isə "böyük zühur" adlanır. Kiçik zühur Rəcəb (və ya Ramazan) ayında Səmadan səs gəlməsiylə başlayacaq. Nəfsi-Zəkiyyə İmamın (ə) xass yardımçılarından olduğu üçün "kiçik zühur"dan sonra o imamın yanında olacaq. İmam onu danışıq üçün müxaliflərin yanına göndərəcək, lakin onlar onu qətlə yetirəcəklər. Bundan sonra isə İmam (ə) özü Kəbəyə gələcək və bununla da "böyük zühur" başlamış olacaq. Hədisdən göründüyü kimi o zaman İmam (ə) öz ata-babaları kimi davranaraq müxaliflərinə qarşı höccəti tamam edəcək. Haqqa dəvət etmək üçün onlara öz nümayəndəsini göndərəcək. Lakin onlar əvvəlki imamların (ə) vaxtında olduğu kimi bu dəfə də danışıq və dialoqu rədd edəcəklər. Belə ki, Siffeyn döyüşündən qabaq imam Əli (ə) Şam qoşununu danışığa dəvət etmək üçün Səid adında bir gənci əlində Quran onlara tərəf göndərmişdi. Şamlılar isə onun sözünə məhəl qoymayaraq o cavanı şəhid etmişdilər. Eyni zamanda imam Hüseyn (ə) Aşura günündən öncə, həmçinin, Aşura günündə düşmən qoşununa xəbər göndərərək onları danışığa dəvət etmişdi... Bütün bunlar onu göstərir ki, Nəfsi-Zəkiyyə Əhli-beytin tutduğu danışıq və mülayimlik yolunu, onun qətlə yetirilməsi isə düşmənlərin tutduqları şiddət və qan tökmə yolunu təmsil edir. Bu əlamətlərin bəzisi mümkündür ki, olub lakin biz bilmirik və ya olmaq üzrədir. Amma həqiqət budur ki, imam Zamanın (ə) zühuru Allahın ixtiyarındadır. Rəvayət olunur ki, Allah Musa (ə) peyğəmbərin gəlişini yəhudilərin çoxlu duasına görə neçə illər daha əvvələ saldı. Bizim üçün ən önəmli əlamət o əlamətdir ki, onunla zühur başlayacaq. O da yuxarıda haqqında danışdığımız həmin Səmadan gələn nidadır ki, Ramazan ayının 23cü gecəsi baş verəcəkdir. Qeyd edək ki, Ramazan ayının 23cü gecəsi 3cü qədr gecəsinin sabahısı gününün axşamıdır. Demək mümkündür ki, min aydan daha xeyirli olan qədr gecələrində o qədər dua edək ki, Allahı ən böyük adlarına, 14 məsuma o qədər and verək ki, Allah səmadan gələcək nidanı bu ilin Ramazan ayının 23cü gecəsinə salsın. Bunu hədsilər təsdiqləyirmi? Yəni mümkündürmü ki, hətta bəzi əlamətlər baş verməsə də Allah zühuru bir gecədə edilən dualara görə hazır etsin? Gəlin hədislərə nəzər yetirək: Əbu Bəsir nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala Mehdinin əmrini bir gecədə islah edəcək". Nəql olunur ki, İmam Hüseyn (ə) buyurmuşdur: "Biz Əhli-beytin (ə) Qaiminin zühurunu Allah-taala bir gecədə gerçəkləşdirər". İbn Macə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Mehdi (ə.f) biz Əhli-beytdəndir. Allah onu bir gecədə hazır edər". Əbdüləzim Həsəni İmam Təqidən (ə) belə nəql edir: "Qaimimiz Məhdidir (ə.f) ki, qeybət zamanında onun zühurunu gözləmək və zühur edincə ona itaət etmək lazımdır. O, mənim üçüncü övladımdır. Məhəmmədi (s) peyğəmbər, bizləri də imam seçən Allaha and olsun ki, əgər dünyanın bir günlük ömrü də qalsa Allah-təala Məhdinin (ə.f) zühuru üçün o günü uzadar. Hz.Məhdi (ə.f) qiyam edəcək və zülmlə dolan yer üzünü ədalətlə dolduracaq. Allah-təala onun işlərini bir gecədə səhmana salacaq. Necə ki, Musa Kəlimullahın işini bir gecədə düzəltdi. Musa həyat yoldaşı üçün od gətirməyə getdi, amma risalət və nübüvvət tacı ilə geri döndü." Daha sonra İmam "Şiələrin ən yaxşı əməllərindən biri də qurtuluşu gözləməkdir"-deyə buyurdu. (İsbat-ul Hudat, c.6, s.240) Hz.Peyğəmbər (s) belə buyurur: "Vəd edilmiş Məhdi (ə.f) bizdəndir. Allah-təala onun işlərini bir gündə yoluna qoyacaqdır". (Əl-Havi lil Fətava, Suyuti, c.2, s.124) İmam Sadiq (ə) buyurur: "Sahibul-Əmrin (ə.f) doğumu insanlara gizli qalacaq. Ta ki, zühur etdiyində heç kimin beyəti boynunda qalmasın. Allah-təala onun işlərini bir gecədə yoluna qoyacaqdır." (Biharul Ənvar, c.52, s.96) İmam Hüseyn (ə) buyurmuşdur: "Doqquzuncu övladımda Hz.Yusif və Hz.Musanın sünnəti olacaqdır. Biz Əhli-Beytin (ə) Qaimi (ə.f) odur. Allah-təala onun işlərini bir gecədə yoluna qoyacaqdır." (Biharul Ənvar, c.51, s.133) Belə isə gəlin bu Ramazan ayının qədr gecələrində o qədər dua edək ki Allah zühuru lütf etsin. İmam Zaman(ə) ağa buyurur ki, zühur üçün dua edəndə Allahı xanım Zeynəbin (s.ə) QƏMİNƏ and verin... PAYLAŞIN hamı dua etsin, duadan və özümüzü "düzəldib" hazır etməkdən başqa əlac yoxdu.../islaminsesi/ nardaranpiri.com Oxşar xəbərlər
|