Axirəz-zaman sakinləri - Peyğəmbərin (s) mənəvi qardaşları
Mьəllif: admin1
Tarix: 20-03-2021, 23:15
Axirəz-zaman sakinləri - Peyğəmbərin (s) mənəvi qardaşları
Axirəz-zamanda yaşayacaq insanların xüsusiyyətləri barədə İslam müqəddəslərinin buyurduqları kəlamlar içində həm mənfi, həm də müsbət ifadələrə rast gəlirik....

Hədislərin böyük bir qismində axirəz-zaman sakinləri bəyənilməz cəhətlərlə təsvir edilirlər. Çünki dünyanın sonuna yaxın zülm artacaq, ədalət və düzgünlük ərşə çəkiləcək, həqiqi mömin tapmaq çətin olacaq. Amma əvəzində bu azsaylı həqiqi möminlərin Allah yanında dəyəri tarix boyunca yaşamış bütün insanların dəyərindən daha uca olacaq.

Buna görə də dünyanın sonuna yaxın yaşayacaq insanların barəsində buyurulmuş bəzi hədislərdə misli görünməmiş tərif və ehtiram ifadələrinin şahidi oluruq. Aşağıda bu qəbildən olan hədislərdən bir neçəsini qısa şərhlə diqqətinizə təqdim edirik.

Birinci hədis

Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurub: "Ya Əli! İnsanların iman (yəqin) baxımından ən qəribələri və savab cəhətdən ən üstünləri axirəz-zamanda yaşayanlar olacaqlar. Çünki onlar heç bir peyğəmbəri görməyəcəklər, Allahın hüccəti (İmam Zaman) da onların gözündən gizli olacaq. Onlar yalnız yazıya (Qurani-Kərim və hədislər) əsasən iman gətirəcəklər" (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, IV, 366).

Şərh:
Tarix boyunca yaşamış bir çox qövmlər peyğəmbərlərlə müasir olmuş, onların möcüzələrini görmüş, nəsihətlərini eşitmişlər. Peyğəmbərlərdən sonra yaşamış nəsillər isə onların canişinlərini görmüşlər. Çünki hər bir böyük peyğəmbərin missiyasını davam etdirən canişini olmuşdur (məsələn, Həzrət Musanın (ə) vəsisi Həzrət Yuşə ibn Nun və xələfləri, Həzrət İsanın (ə) həvariləri, Həzrət Mühəmməd Peyğəmbərdən (s) sonrakı məsum imamlar və sairə).

Amma axirəz-zamanda yaşayanların dövründə bu cür zahiri hüccətlər (sübutlar) olmayacaq, camaat heç bir peyğəmbərin və ya imamın möcüzəsi ilə rastlaşmayacaq, heç bir səmavi kitabın nazil olmasına şahid olmayacaq. Onlar yalnız min illər bundan əvvəl nazil olmuş və səhifələrin üzərinə yazılmış Qurani-kərimdən, hədis kitablarındakı rəvayətlərdən, alimlərin yazılarından haqqı oxuyub öyrənəcəklər.

Onlardan ötrü nə Həzrət Saleh (ə) kimi daşın bağrından dəvə çıxaran, nə Həzrət İbrahim (ə) kimi tonqalı gülüstana çevirən, nə Həzrət Musa (ə) kimi əlindəki əsanı əjdəhaya döndərən, nə Həzrət İsa (ə) kimi ölüləri dirildən, nə də Həzrət Mühəmməd (s) kimi barmağı ilə göydəki Ayı ikiyə bölən peyğəmbər gəlməyəcək.

Buna görə də bu adamların imanı daha möhkəm, daha sarsılmaz şəkildədir, onların hidayət olmuşlarını azdırmaq çox çətindir. Bu səbəbdən Qurani-kərimin bir çox ayələrində qeybə iman gətirmək, yəni görmədiyin, anlamadığın, duymadığın aləmin varlığına inanmaq insan üçün yüksək keyfiyyətlərdən biri sayılıb:

"O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər" (Bəqərə, 3).

Əlbəttə, bu xüsusiyyət axirəz-zamanda yaşayan insanların hamısında olmayacaq. Əksəriyyət batilə doğru yuvarlandığı halda, insanların arasından seçilmişlər yuxarıdakı cəhətləri öz içlərində qoruyub-saxlamağa nail olacaq və bəşər tarixinin ən şərəfli nümayəndələrindən olmaq iftixarını qazanacaqlar.

İkinci hədis

İmam Zeynül-abidindən (ə) tövhid haqqında soruşdular. O həzrət buyurdu: "İzzət və cəlal sahibi olan Allah bilir ki, axirəz-zamanda tükü-tükdən seçən çox dəqiq insanlar yaşayacaqlar. Ona görə də Allah "Qul huvəllahu əhəd" surəsini və Hədid surəsindən "O, ürəklərdə olanları biləndir" ayəsinə kimi olan hissəni nazil etdi. Hər kim (Allahı tanımaq) üçün bundan başqa yol axtarsa, həlak olar" (Şeyx Səduq. Ət-Tövhid, səh. 283).

Şərh:

Burada haqqında söhbət açılan birinci surə "Qul huvəllahu əhəd" ayəsi ilə başlayan 112-ci məşhur surədir ki, orada Allahın vahidliyi və ən vacib sifətləri ən gözəl ifdalərlə təsvir edilib, tövhid əqidəsi ən kamil şəkildə vurğulanıb.

Elə buna görə həmin surəni Tövhid surəsi də adlandırırlar. Surənin daha çox tanınmış adı İxlasdır; bu isə həmin surəni inanaraq oxuyan şəxsin ixlasla (səmimiyyətlə) Allaha iman gətirdiyinə işarədir.

Qurani-Kərimin 57-ci Hədid surəsindən yuxarıda xatırlanan ifadələr isə 6-cı ayədəndir. Surənin ilk 6 ayəsinin tərcüməsi belədir: "Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə tərif deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də Odur, öldürən də Odur.

O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur.

O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır! Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanı biləndir!"
(Hədid, 1-6).

Göründüyü kimi, bu ayələrdə Allaha imanın əsasları çox gözəl bir biçimdə diqqətimizə təqdim edilir. Kamil bir tövhid əqidəsi cəmi altı ayə çərçivəsinə yerləşdirilib. Bu ayələrin daha bir xüsusiyyəti budur ki, bəzi rəvayətlərdə ismi-əzəmin məhz burada olması iddia edilir.

İsmi-əzəm Allahın ən böyük və ən qüdrətli adıdır ki, onu zikr etməklə müxtəlif möcüzələrə nail olmaq mümkündür. Peyğəmbərlər, imamlar və övliyalar məhz ismi-əzəmi söyləməklə xariqül-adə işlər görmüşlər. Bəra ibn Azib adlı məşhur səhabə rəvayət edir ki, Alahın Cənab Cəbrailə, Cəbrailin Allah Rəsuluna, Onun da Əliyə öyrətdiyi ən böyük duanı (yəni ismi-əzəmi) Əlidən soruşdum.

O, buyurdu ki, Hədid surəsinin əvvəlindən 6 ayəni, sonra isə Həşr surəsinin axırından 4 ayəni oxu, daha sonra əllərini səmaya qaldırıb söylə: "Ya mən hüvə hakəza! Əsəlükə bihəqqi hazihil-əsma ən tüsəlliyə əla Mühəmmədin və ən təfəl bi kəza və kəza". Tərcüməsi: "Ey bu ayələrdə deyilən cür olan Allah! Səndən istəyim budur ki, öz salavatını Mühəmmədə göndərəsən və mənim üçün bunu edəsən". Əli buyurdu ki, bu yerdə öz istəyini dilə gətir; tək və şəriksiz olan Allaha and olsun ki, inşaallah istəyinə çatarsan (Nurüs-səqəleyn təfsiri, VI, 171).

Üçüncü və dördüncü hədislər

İmam Mühəmməd Baqir (ə) rəvayət edib ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrin əhatəsində ikən iki dəfə təkrar etdi: "İlahi! Qardaşlarımı mənə göstər".

Səhabələr soruşdular: "Məgər Sənin qardaşların biz deyilikmi?".

Həzrət cavab verdi: "Xeyr, siz mənim səhabələrimsiniz. Mənim qardaşlarım isə axirəz-zamanda yaşayacaq qövmdür. Onlar məni görmədən iman gətirəcəklər. Onlar öz atalarının belindən və analarının bətnindən xaric olmazdan qabaq Allah onları öz adları və atalarının adı ilə mənə tanıtdırıb. Onlar elə bir zamanda yaşayacaqlar ki, bir adamın öz dinində möhkəm qalması zülmət gecədə yalın əllə tikanlı budağı təmizləməkdən və ya alışan ağacı əldə tutmaqdan daha çətin olacaq. Onlar zülməti aydınladan çıraq kimidirlər. Allah onlara hər cür məhvedici fitnədən nicat verəcək" (Əllamə Məclisi. Biharül-ənvar, LII, 124).

İmam Cəfər Sadiq (ə) rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) bir gün öz səhabələrinə müraciət edərək buyurdu: "Sizdən sonra elə bir qövm gələcək ki, onlardan bir nəfərin savabı sizlərdən 50 nəfərin savabından çox olacaq."

Səhabələr dedilər: "Ey Allahın Rəsulu! Biz Səninlə birlikdə Bədrdə, Ühüddə, Hüneyndə savaşdıq, bizdən ötrü Quran nazil oldu. (Necə ola bilər ki, onlar bizdən artıq olsunlar?)".

Peyğəmbər buyurdu: "Əgər siz onların çəkdiklərini çəksəniz, onlar kimi səbr etməzsiniz" (Əllamə Məclisi. Biharül-ənvar, LII, 130).

Şərh:

Göründüyü kimi, bu hədislərdə axirəz-zaman sakinləri hətta Peyğəmbərin səhabələrindən də yüksək dəyərləndirilir. 14 əsrdir ki, Peyğəmbərin üzünü görmüş, səsini eşitmiş, Ona yoldaşlıq etmiş şəxslər (səhabələr) kamilliyin ən uca pillələrində qəbul edilir, ülgü sayılır.

Lakin axirəz-zamanda yaşayacaq ixlaslı və mömin şəxslər hətta səhabələrdən də yüksək məqama sahib olacaqlar. Bunun səbəbi isə Peyğəmbərin (s) yuxarıdakı hədislərindən aydın olur. Səhabələr hər nə qədər əzab-əziyyət çəksələr də, İslam yolunda bəla və məşəqqət görsələr də, bütün bunları Peyğəmbər (s) onlarla paylaşırdı.

Səhabələr Peyğəmbərlə (s) ünsiyyətdən mənəvi və psixoloji güc alırdılar. Qarşılarına çətin sual çıxanda birbaşa o həzrətə müraciət edir, maddi sıxıntı zamanı Ona üz tuturdular.

Quranı bilavasitə Peyğəmbərin (s) dilindən eşidir, hədislərin yaranmasını şəxsən müşahidə edirdilər. Müsəlman icmasının əziyyətli günləri ilə yanaşı, firavan və şad günləri də olurdu. Bu zaman onlar Peyğəmbərlə (s) birlikdə sevinir, tam ədalət əsasında qənimətə yiyə dururdular.

Lakin bu xüsusiyyətlərin heç biri axirəz-zaman dövründə olmayacaq. Özünə lazım olan məsələ barədə düzgün fətvanı əldə etmək problemə çevriləcək. Halal ruzi qıtlaşacaq, hakimdən tutmuş qaziyə, müftidən tutmuş valiyə kimi uca məqamları ədalətsiz insanlar tutacaqlar.

Şeytanın hiylələri, İblisin vəsvəsələri qarşısında duruş gətirmək üçün mömin görünməmiş dəyanət və iradə gücü göstərməli olacaq. Peyğəmbərin (s) hədisləri toz basmış kitablarda qalacaq, Quranın hökmləri əməllərdə görünməyəcək. Ona görə də Peyğəmbər (s) buyururdu ki, səhabələr bu ağırlıqda yükü çəkmək gücünə malik deyillər.

Çünki onlar çətinliyə düşən kimi Peyğəmbərə (s) üz tuturdular. Axirəz-zaman sakinlərinin isə belə bir imkanı olmayacaq. Hətta zəmanənin imamı olan Həzrət Mehdi (ə.f) də zühur anına kimi bir ovuc mömindən savayı heç kimin gözünə görünməyəcək. Saxtakar "övliya"ların sayı artacağı üçün əsl övliyanı şarlatandan ayırd etmək də çətin olacaq. Həqiqətən, belə bir zamanda öz imanını qoruyub-saxlamaq gecə qaranlığında tikan təmizləmək və yanar közü ovucda tutmaq qədər çətin olacaq.


Allah bizi bu zamanın fitnələrindən qorusun!... /islam.az/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031