“Fatihə” surəsinin mənası
“Fatihə” “fəth” kökündən olub, mənası “açan”, “başlayan” deməkdir. Quran bu surə ilə başladığından onu “Fatihətul-kitab”, yəni “Allah kitabını başlayan” adlandırmışlar. Surənin digər bir adı “həmd”dir. “həmd” dedikdə gözəl bir işi könüllü şəkildə görmüş kəsə təşəkkür edilməsi nəzərdə tutulur. Bütün nemətlər Allah-taala tərəfindən yaradıldığından, bütün gözəlliklər onun işi olduğundan bu surədə ”Həmd” ona ünvanlanmışdır. Bismillahir-Rəhmanir-Rəhim cümləsində olan “İsm” kəlməsi nişanə, əlamət deməkdir. “Bismillah” yəni Allahın adı və nişanı ilə başlayıram. Burada “Bismillah” həm Quranın həm də surənin başlanğıcıdır. Allah-taala öz mübarək kəlamını, hidayət kitabını, eləcə də bütün surələri (“Tövbə” surəsindən başqa) həmin bu kəlmə ilə başlayır. “Əllah” pərəstiş edilən kəs mənasını verən “Əl-ilah” kəlməsindən düzəlmişdir. “Əllah” varlıq aləmini yaratmış həqiqi və yeganə xaliqin adıdır. “Rəhman” və “Rəhim” kəlmələrinin hər ikisi rəhmət kəlməsindən götürülmüşdür. “Rəhman Allah” dedikdə böyük rəhmət sahibi, “Rəhim Allah” dedikdə daimi rəhmət sahibi nəzərdə tutulur. Allah-taala rəhmandır. Onun rəhməti istər müsəlman, istər kafir, bütün insanları və mövcudları əhatə edir. Allah-taala həm də rəhimdir. Onun rəhməti sabit və davamlıdır. Onun rəhməti təkcə bu dünyaya yox, həm də axirətə aiddir. Amma axirətdəki rəhmət yalnız möminlərə aiddir. “Əlhəmdu lillahi rəbbil-aləmin”, yəni bütün həmdlər və sitayişlər Allah üçündür. Çünki bütün nemətlər ondandır. Bütün gözəlliklərin və nemətlərin ilki Allahdır. Odur Aləmlərin Rəbbi. “Ərrəhmanir-rəhim” növbəti dəfə Allahın böyük və daimi rəhmətini təkid edir. “Maliki yəvmid-din” qiyamət gününü xatırladır və həmin gündə Allahın mütləq hökm sahibi olduğunu nəzərə çatdırır. Bu surəni oxuyan şəxs “İyyakə nəbudu” kəlmələrinə çatdıqda özünü Allahın hüzurunda görür. Deyilir ki, Pərvərdigara, yalnız sənə ibadət edirik. “Və iyyakə nəstəin” deməklə insan yalnız Allahın dərgahından yardım gözləyir. “İhdinəs-siratəl-mustəqim” Allah-taaladan istənilir ki, Allah öz bəndəsini durduğu hidayət mərhələsindən doğru yola daha çox yönəltsin və bu yolda möhkəmləndirsin. “Siratəlləzinə ənəmtə ələyhim” surənin bu yerində ilahi göstərişlərə itaətdə yardım olunmuş, peyğəmbərlər (ə), siddiqlər, şəhidlər və nemət verilmiş salehlərin yolu istənilir. “Ğəyril-məğzubi ələyhim vələzzallin” deməklə Allah-taalanın rəhmətindən uzaq olanların, onun qəzəbinə gələnlərin və yolunu azanların yolundan uzaqlıq arzu olunur. İlahiyyatçı Mahir Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|