Hansı elm bizim dünyamız və axirətimiz üçün faydalıdır?
Elm öyrənmək dinimizdə o qədər əhəmiyyətə malikdir ki, hədislərin əksər hissəsi bundan bəhs edir və bizləri elm öyrənməyə həvəsləndirir. Quran da açıq şəkildə müsəlmanları elm öyrənməyə dəvət edir.
Bəs hansı elm bizim dünyamız və axirətimiz üçün faydalıdır? İslam dinində elm öyrənməyin məkan və zamanı yoxdur. İnsan beşikdən ölənə qədər elm öyrənə bilər. Bəs hansı elm? Hər kəsin elm adlandıra biləcək şeyləri, yoxsa başqa elmləri? Bir gün Həzrət Peyğəmbər (s) məscidə daxil olur və görür ki, bir nəfərin ətrafında insanlar halqa qurublar. Həzrət (s) soruşur: "O, kimdir?". Səhabələri deyir: "Əllamədir (yəni, çox bilən)". Həzrət (s) buyurur: "O, nə bilir, elmi nədir?". Deyirlər: "Ərəblərin nəsəb elmini bilir (yəni ərəb qəbilələri arasındakı qohumluq əlaqələrini bilir)". Həzrət (s) buyurur: "O, elə bir elmin sahibidir ki, onu bilmək sahibinə fayda verməz. Həmçinin bilməyən insan üçün onu bilməmək ziyan olmaz". Səhabələri soruşurlar: "Ya Rəsulallah! Faydalı elm hansıdır?". Həzrət (s) buyurur: "Möhkəm ayələr, əhkam və sünnət". Bu hədisdən görüdüyü kimi, insanlar gərək faydalı elmlərin ardınca olsunlar. Həzrət (s) buyurduğuna görə, faydalı elm üç şeydir: möhkəm ayələr dedikdə etiqadi məsələlər nəzərdə tutulur, əhkam dedikdə dini vacibatlar və haramlar barədə elm nəzərdə tutulur, sünnət dedikdə Həzrət Peyğəmbərin (s) göstərişləri nəzərdə tutulur. Bunların toplumu faydalı elm sayılır. Çünki insana həm bu dünyada və həm də axirətdə fayda verə bilir. Ona görə də müsəlman əgər faydalı elm öyrənmək istəyirsə, ilk əvvəl etiqadi məsələlərini möhkəmləndirməlidir. Yəni, tövhid, nübuvvət, məad, imamət və ədalət barədə bilgilərini möhkəmləndirməlidir. İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: "Həqiqətən, bu elm – sənin nəfsinin qiymətidir. Hər nə qədər elm və ədəbin artar, sənin dəyər və qiymətin artar. Çünki bu elmlə Pərvərdigarına tərəf hidayət olursan". Ona görə də insanı Allaha tərəf hidayət edən hər bir elm - faydalı elm sayılır. Yəni, İslam dini müsəlmanları o elmə tərəf dəvət edir ki, onlara faydalı olsun. İmam Əli (ə) buyurur: "Məşğul olacağın maarif dörd dəstədir: mərifətullah, yəni Allahı tanıyasan. Özünü tanıyasan, səndən istəniləni öyrənəsən, səni dinindən xaric edə biləcəkləri tanıyasan". Bəli, faydalı elm insanı Allaha tərəf hidayət edər, Allahı tanımaq, özünü tanımaq, həmçinin əmr-be-məruf və nəhy-əz-munkər – elə elmləridir ki, bundan qeyrisi insana bu elmlər qədər fayda verə bilməz. İslam müsəlmanları elə elmə tərəf dəvət edir ki, həm dünyası, həm də axirəti üçün faydalı olsun. Beləliklə, deyə bilərik ki, hər elm müsəlman üçün faydalı deyildir. O elm faydalı olar ki, insanı Allaha tərəf hidayət edər və özünü tanımasına səbəb olar. Əlbəttə, bu o demək deyildir ki, müsəlman gərək başqa elmləri öyrənməsin. Əksinə, müsəlman hər bir elmdən agah olmalı və səadət əhli olmaq üçün ondan istifadə etməlidir. Belə ki, hətta küfr məmləkətində olan elmi belə öyrənmək müsəlmanı Allaha tərəf hidayət edə bilər. Oxşar xəbərlər
|