Unutmayaq ki, kəfənin cibi olmur
Əban ibn Təğəllub nəql edir ki, İmam Sadiq (ə) buyurur: “Hər kim orucunu yaxşı söz və yaxşı rəftarla sona çatdırarsa, Allah onun orucunu qəbul edər”. Soruşur ki, yaxşı söz nədir? İmam (ə) buyurur: ““Lə ilahə illəllah” şəhadəti və yaxşı rəftar da malından fitrəni ayırmaq və fitrəni verməkdir”. Bəli, Ramazan ayının ən gözəl sünnətlərindən biri budur ki, fitrə zəkatı vasitəsilə yoxsullara yardım edilər. Fitr bayramının fitrəsi - həqiqətdə zəkatdır. İnsan bədəninin zəkatını fitrə şəklində verər. Ancaq bunu gərək yaddan çıxartmayaq ki, yoxsullara yardım etmək və zəkat vermək sadəcə Ramazan ayına məxsus bir iş deyildir. Niyə Ramazan ayında etdiyimiz bu qədər xeyir əməli başqa aylarda da yerinə yetirməyək? Əgər hər bir ölkədə yaşayan zəngin insan öz sərvətinin sadəcə bir faizini yoxsullar üçün ayırsa, bu zaman ölkədə yoxsul qalmaz. Ancaq bu işi görən yoxdur və adını da zənginlərin zirəkliyi qoyurlar. Bunu hamımız qəbul etməliyik ki, kəfənin cibi yoxdur. Hamımız əliboş halda qəbrə qoyularıq. Quran buyurur ki, nə zaman yoxsula pul vermək istəsən, şeytan gələr və deyər ki, vermə qocalığın var, qızın hələ ərə getməyibdir, oğlun evlənməyibdir. Qurani-Kərim yaxın qohumlara yardım etdikdən sonra qonşulara da əl tutmağı tövsiyə edir. “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya, həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara(həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin”. (“Nisa” 36). Bütün bu bayramlar və Quran ayələri bizə demək istəyir ki, ey insan! Ancaq özünü düşünmə, ətrafına da bir nəzər sal. Əgər ətrafımıza diqqətlə baxsaq və ehtiyacı olanların əlindən tutsaq, cəmiyyətdə yoxsulların sayı azalar. Qurani-Kərim buyurur ki, zənginlərin malında yoxsulları haqqı vardır. Ona görə də hər bir müsəlman öz malının bir hissəsini yoxsullar üçün ayırmalıdır. O zaman ki, cəhənnəm əhlini tanıyırıq, görürük ki, onların cəhənnəmə düşməsinə səbəb - namaz qılmamaqları, zəkat verməməkləri, başqalarına yardım etməməkləri və insanların işindəki düyünləri açmağa səy etməmələri olmuşdur. Qiyamət günü hər kəs öz əməlinin nəticəsini görəcəkdir. “Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər”. (“Məryəm” 95). İnsanın yoxsullara yardım etməsi və əl tutması günahlarının pak olmasına və bərəkətinin artmasına səbəb olar. Bu dünyada sədəqə verərək günahlarımızı paklaya bilərik, ancaq bərzəx aləmində bu iş mümkünsüz olar. Qiyamət günü isə bizə ağır nəticələr gətirər. Orada atəş günahları paklayır. Halbuki, bu dünyada bir yetimin göz yaşını silərək, bir yoxsulun ehtiyacını ödəyərək günahlarımızı rahat pak edə bilərik. Sədəqə və malını Allah yolunda xərcləmək İlahi qürbə yaxınlaşmağa səbəb olar. İmam Rza (ə) buyurur: “Hər kim bir möminin işindəki düyünü açarsa, Allah Qiyamət günü onun işindəki düyünü açar”. Yetimlərə və yoxsullara yardım etmək günahları pak edər. (Deyerler.org) Oxşar xəbərlər
|