Mərifət əhlinin ibadəti necə olur?
Quran təlimlərinə və hədislərə əsasən, ibadət üç mərhələdən ibarətdir. Birinci mərhələ ibadətin müqəddiməsidir ki, ibadətdən əvvəl yerinə yetirilir. İkinci mərhələ isə ibadətdir. Üçüncü mərhələ isə ibadətin təqibatlarıdır ki, ibadətdən sonra yerinə yetirilər. Xüsusi insanların ibadəti adi insanların ibadətindən bu mərhələlərə riayət etmək və ibadətin zahirinin və batininin düzgün yerinə yetirilməsi ilə fərqlənir. Yəni, xüsusi insanların ibadəti müqəddiməsiz olmaz. Bu insanlar kamil hazırlıqla ibadətə başlayarlar. İbadətin özünü də qəlb hüzuru və xüsusi diqqətlə yerinə yetirirlər. Bu ibadət sırf Allah üçün olmalıdır. İbadətdən sonra isə onun təqiblərini yerinə yetirərlər. Bu ibadətlərin dəyərini zəiflədə bilən əməlləri tərk edərlər. Misal üçün, xüsusi insanların namazı əvvəl vaxtda, məsciddə və camaatla bir yerdə qılınar. Namazda qəlb hüzuru olar, Allahdan başqa heç bir şeyə və heç bir kəsə diqqət etməzlər. Namazdan sonra isə onun təqiblərini edərlər. Məsələn Həzrət Zəhranın (s.ə) təsbihi kimi. Xüsusi insanlar üçün nafilə namazlarının xüsusi əhəmiyyəti vardır. Müstəhəb namazları tərk etmək onları qəmgin və pərişan edər. Allahla feyz rabitəsini əldən verdikləri üçün tövbə edərlər. Mərhum Ayətullah Mirzə Əli Şirazi İsfəhanı görkəmli alimlərindən idi. O zaman ki, İsfahandan Quma gedir, bir gecə alimlərin bir çoxu onu görmək üçün gəlirlər. Söhbətləri çox uzanır. Ona görə də alim hər gecə olduğundan daha gec istirahət üçün çəkilə bilir. O gecə namazını tərk etməli olur. Alim sübh azanı ayağa qalxır və övladını əldən vermiş bir insan kimi ağlamağa və nalə çəkməyə başlayır. Deyir: "Mən 16 yaşımdan bəri gecə namazını tərk etməmişəm. Bəlkə də o gecə bu namazı ona görə qılmamışam ki, yersiz sözlər eşitmişdim". Hədislərdə də oxuyuruq ki, bu cür işlər insanı gecə namazından məhrum edə bilər. Bəli, mərifət əhli öz ibadətlərinə belə diqqət edərlər. Əgər onu yerinə yetirmək tofiqini əldən versələr, Allah Təalaya tövbə edərlər. İbadətin zahirinə diqqət etmək, ibadətlərin şərtlərini düzgün yerinə yetirmək - ümumi möminlərin işidir. Ancaq xüsusi iman əhli zahiri ilə yanaşı, namazın batininə də diqqət edər, ibadətin qəbul olma şəraitini düşünərlər. Çünki ibadətin ancaq zahirinə diqqət etmək - sadəcə onun vacib tərəfini yerinə yetirməkdir. İnsanı mənəvi mərhələyə və ruhi kamala çatdırmaz. İnsanın namazı və başqa ibadətləri onu kamala çatdırmalıdır. Həqiqi iman sahibi behiştdən əvvəl necə mənəvi məqama çatmağını düşünər. Ona görə də bu insanlar üçün namazda xata etmək və xəyala qapılmaq günahdır və bu günaha görə tövbə edərlər. Bu məsələ həcc və ümrə səfərinə də aiddir. İnsan bu səfərə ruhani cəhətdən hazır olmalıdır. Bu ibadəti də kamil şəkildə yerinə yetirmək üçün onun müqəddimələrini və təqiblərinə ehtiyac duyar. Həcc və ümrə ibadəti də gərək qəlb hüzuru ilə yerinə yetirilsin. İnsanların bir çoxunun problemi bundadır ki, öz vəzifələrini yanlış müəyyən edərlər. İbadətin İlahi hədəfinə diqqət etməzlər. İnsanların bəziləri ancaq gəzmək və səfərə çıxmaq üçün həcc və ya ümrəyə gedərlər. Bu da onların ibadətlərinin dəyərini azaldar. Bu cür ibadətlərin lazımlı mənəvi dəyəri olmaz. Camaat namazından məhrum olmaq, namazı əvvəl vaxta qılmamaq, həcc və ümrənin qəbul olmaması - insanın Allahdan qafil olmasına görədir. Bütün bu deyilənlər xüsusi insanlar üçün günah hesab edilir və ona görə tövbə edərlər. Mərhum Şəhid Sani ixlasla bağlı bir hədis nəql edir: "Qiyamət günü bir bəndəni gətirəcəklər və ondan soruşacaqlar ki, dünyada hansı işləri görmüşdür. O, deyər: "Mən Allah rizası üçün cihad etmişəm". Ona deyərlər ki, belə deyildir. Sən ona görə cihad etmisən ki, başqası desin ki, gör nə qədər şücaətlidir. Sonra əmr olunur ki, onu cəhənnəmə atsınlar. Sonra bir alim gətirərlər ki, bir ömür İmam Baqir (ə), İmam Sadiq (ə) deyərək keçirir. Ondan soruşurlar ki, sən nə etmisən? Cavab verir: "Mən elm öyrənib onu öyrədirdim". Ona deyilər ki, sən yalan deyirsən. Sən ona görə elmin dalınca idin ki, səni böyük sansınlar. Xitab olar ki, onu da cəhənnəmə atın. Ondan sonra bir kişi gətirirlər ki, Quran qarisi olar. Ondan soruşurlar ki, sən nə etmisən? Deyir ki, Allah üçün Quran oxumuşam. Ona deyərlər ki, sən ona görə Quran oxumusan ki, sənə Quran qarisi desinlər. Çünki Quran oxumaq üçün yaxşı səsin var idi. Ona görə də yenə əmr olunar ki, onu da atəşə atsınlar". İbadətlərimizə diqqət edək və onu üç mərhələyə bölərək, yerinə yetirək. İxlaslı olmağa çalışaq. Oxşar xəbərlər
|